Açıq Hökumət Tərədaşlığı (Open Government Partnership - OGP) Rəhbər Komitəsində təmsil olunan beynəlxalq vətəndaş cəmiyyətinin nümayəndələri bəyanat yayaraq həbsdə olan müxalif siyasətçi Qubad İbadoğlunun azadlığa buraxılmasına çağırıblar.
Bəyanatda Azərbaycan Demokratiya və Rifah partiyasının sədri, professor Qubad İbadoğlunun Azərbaycanda açıq hökumət dəyərlərini daşıyan yorulmaz lider, OGP prinsiplərinin Azərbaycanda tətbiqinin fəal və əvəzolunmaz iştirakçısı olduğu vurğulanır.
“Onun zorakılıqla həbs olunması, dözülməz şəraitdə saxlanılması, tibbi yardıma çıxışının olmaması və sağlamlığını sürətlə itirməsi barədə xəbərlərdən təlaşlıyıq. Biz onun təxirəsalınmaz şəkildə azad olunmasına, qabaqcıl beynəlxalq təcrübəyə uyğun hüquqi prosedurlara əməl edilməsinə və onun sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsinə çağırırıq”, bəyanatda qeyd edilir.
Azərbaycan hakimiyyəti həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin hüquqlarını, o cümlədən ifadə və birləşmək azadlığını qorumağa və hörmət etməyə çağırılıb.
Məlumatda qeyd edilir ki, OGP Rəhbər Komitəsinin vətəndaş cəmiyyətindən olan üzvləri qurumun son sammiti çərçivəsində azərbaycanlı vətəndaş cəmiyyəti üzvləri ilə görüşərək Azərbaycanda demokratiya və insan hüquqları ilə bağlı məsələlərdə həmrəylik ifadə ediblər.
“Azərbaycan 2023-cü ildə OGP-dən kənarlaşdırılsa da, biz ölkədəki vətəndaş cəmiyyəti liderlərini dəstəkləməyə, hökumətin şəffaflıq, hesabatlılıq və ictimai iştirakçılıq kimi açıq hökumət prinsiplərinə əməl etməsi ilə bağlı çağırışlarımızı davam etdirəcəyik”, bəyanatda bildirilir.
Azərbaycan 5 ildən artıq müddətdə OGP qarşısındakı öhdəliklərini, vətəndaş cəmiyyətinin sərbəst fəaliyyətinin təmin edilməsi və bir sıra digər məsələlərə dair ünvanlan tövsiyələri yerinə yetirmədiyi üçün bu il qurumdan xaric edilib.
Hüquq müdafiəçisi Anar Məmmədli Azərbaycanın OGP-dən xaric edilməsi ilə bağlı qərarın verilməsində son bir ildə artan siyasi repressiyalar, o cümlədən Qubad İbadoğlunun qondarma ittihamlarla həbsinin rol oynadığını deyib.
BP şirkəti Qubad İbadoğlunun işi ilə bağlı səssiz qalmamağa çağırılıb
Çərşənbə günü Vaşinqtonda yerləşən “Crude Accountability” qeyri-hökumət təşkilatı bəyanat yayaraq BP şirkətinin Qubad İbadoğlunun həbsi ilə bağlı səssiz qalmasına diqqət çəkib.
“Crude Accountabilty” qeyd edir ki, Azərbaycanda fəaliyyət göstərən ən böyük korporativ xarici investor olan BP şirkəti, öz tərəfdaşları ilə münasibətlərində insan hüquqları, ifadə azadlığı, şəffaflıq kimi dəyərlərə sadiqliyi önə çəkdiyini bildirsə də, şəffaflıq və hesabatlılığın öndəgedən müdafiəçilərindən olan Qubad İbadoğlunun həbsi ilə bağlı heç bir ictimai açıqlama verməyib.
“Üç aydan çoxdur ki, demokratiya, şəffaflıq və hesabatlılığı təşviq edən tanınmış azərbaycanlı akademik və insan haqları müdafiəçisi Qubad İbadoğlu Azərbaycan hökuməti tərəfindən təcavüzə məruz qalıb, qanunsuz həbs edilib və ciddi tibbi yardımdan məhrum edilib. Bir sıra hökumətlər, beynəlxalq vətəndaş cəmiyyəti Azərbaycan hakimiyyətini qınayıb İbadoğlunun dərhal azadlığa buraxılmasını tələb edib. Bu səslər içərisində BP şirkəti öz susqunluğu ilə diqqət çəkir”, bəyanatda qeyd edilir.
BP-nin “Əliyev rejimi ilə sıx əlaqəsi və Azərbaycan iqtisadiyyatına hədsiz təsiri”nə diqqət çəkən “Crude Accountabilty” təşkilatı, Britaniya şirkətini öz öhdəliklərinə əməl etməyə, Qubad İbadoğlunun qeyd-şərtsiz azad edilməsini tələb etmək üçün Azərbaycandakı təsir imkanlarından istifadə etməyə çağırıb.
İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.
Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.
Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.
Bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri, Avropa İttifaqı, ATƏT, Avropa Parlamenti İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.
Forum