Accessibility links

Səməd Purmusəvi: İran Azərbaycanında bizim bir çox dərdimizin səbəbi dilsizlikdir


Səməd Purmusəvi
Səməd Purmusəvi

Bu yaxınlarda Kanadanın McGill Universitetinin Mozaik Dil və Ədəbiyyat Araşdırmaları Mərkəzi tərəfindən “Dil, İnsan və Toplum: İrandakı Azlıqların Dil və Ədəbiyyatları” adlı onlayn simpozium keçirilib. Simpoziumun iştirakçıları məruzələrini türk, kürd və fars dillərində təqdim ediblər.

Simpoziumun iştirakçılarından araşdırmaçı və dil hüquqları fəalı Səməd Purmusəvi Amerikanın Səsinə müsahibədə “Azərbaycan Milli Hərəkəti və Yeraltı Dil və Kültür Ocaqlarını Qurmaq İdeyası” başlığı altında təqdim etdiyi məruzəsi, həm də hazırda milli hərəkatda dil məsələsinə olan baxış haqqında danışıb.

Səməd Purmusəvi: İran Azərbaycanında bizim bir çox dərdimizin səbəbi dilsizlikdir
please wait

No media source currently available

0:00 0:14:29 0:00
Direct link

McGill Universitetinin müəllimi Əmir Kəlanın təşəbbüsü ilə keçirilən simpoziumun 3-cü paneli türk dilində və “İranda Türkcə: Təhsil, Assimilyasiya və Dirəniş” başlığı altında Toronto Universitetinin müəllimi Lalə Cavanşirin moderatorluğunda təşkil olunub.

Paneldə Hüseyn Heydəri “Qəzvin vilayətində türkcənin tarixi-ictimai funksiyası”, Hacər Kəbiri “İranda türk qadınlarının dil qullanımı və kimlik mübarizəsi” və Ramin Cabbarlı “İranda etnik azlıqların ev dilinin dəyişməsinin izində” məruzəsi ilə, Səməd Purmusəvi və Vahid Qarabağlı isə birgə təqdim etdikləri məruzə ilə iştirak ediblər.

Səməd Purmusəvi “Azərbaycan Milli Hərəkəti və Yeraltı Dil və Kültür Ocaqlarını Qurmaq İdeyası” başlıqlı məruzəsində 1990-cı illərdə xüsusilə tarixçi alim və məşhur “İran Türklərinin Əski Tarixi” kitabının müəllifi mərhum Məhəmməd Tağı Zehtabinin təşəbbüsü ilə təşkil olunan dil və tarix kursları və toplantılarına diqqət çəkib.

“Təbrizdə Doktor Zehtabi və milli hərəkatın bir çox ağsaqqalları tərəfindən qurulan Azərbaycan Mədəniyyət Ocağı var idi. Bu ocaq 1990-cı illərdə bir çox kültürəl hərəkətə vəsilə oldu. O zamanlar, öyrənciləri bu ocağa cəlb edə bildilər. Əsas iş maarifləndirmə idi. Doktor Zehtabinin dərs kursları olurdu. Orada gənclər dil, tarix və ədəbiyyat öyrənib və başqa kurslar yaradaraq öyrəndiklərini oralara daşıyırdılar... Biz də o zamanlar bunu uşaqlar üçün siniflərdə icra etmək istədik. Evlərdə uşaqlar üçün siniflər təşkil olundu,” Purmusəvi Amerikanın Səsinə söyləyib.

Səməd Purmusəvi İran Azərbaycanında yenidən bu növ maarifləndirmə fəaliyyətlərinin başladılmasının vacib olduğunu vurğulayıb.

Onun sözlərinə görə, “vaxtilə türkcəni doğru-düzgün yazıb oxumaq həm bir qürur qaynağı idi, həm də insanların dediklərinə nə qədər inanclı olduğunu göstərirdi. Bunun arxasında dərin düşüncə var idi. Çünki, milli hərəkat nəhayətində ədalətsiz bir sistemə qarşı toplumu dəyişməyə aparmaq istəyir. Bu dəyişmənin yollarından biri dirənməkdir. Biri də təlim və maarifləndirmədir. O illərdə buna çox əhəmiyyət verilirdi... İndi fərqli bir vəziyyətə şahidik. Elə düşünürəm ki, təlim və maarifləndirmə və kültürəl hərəkat başladılmalıdır və aktivistlər yenidən öz dillərinə dönməlidirlər.”

Purmusəvi İran Azərbaycanında problemlərin bir çoxunun səbəbinin “dilsizlik” olduğunu vurğulayır:

“Günümüzdə məsələn ‘bizim dərdimiz təkcə dil deyil’ deyələr var. Doğrudur, bizim tək dərdimiz dil deyil. Amma, dərdlərin çoxunun səbəbi dilsizlikdir. Çünki, bizdə dil olmasa müstəqil kimlik yoxdur. Kimliyin yox isə, bir çox haqdan da məhrum olursan... Bugün artıq bu hərəkatın və ya milli mübarizənin, mən deyə bilərəm ki, həm dilə baxışı dəyişib, həm də mübarizənin əsasən dili dəyişmişdir artıq. Bunun günagı da birbaşa aktivistlərdə və aydınlardadır, yəni, fars dilində türk dil haqqından müdafiə edənlərdədir.”

Səməd Purmusəvi əlavə edir ki, “o illərdə fikir belə idi ki, dil bizə fərqli bir milli varlıq bəxş edir. Fərqli milli varlığımız yoxsa, bütün sərvətimiz milli varlığa sahib olanların adına zəbt olunar. Dilsiz olaraq şəxsiyyət vəsiqəsi olmayan insanlara oxşarıq. Dil haqqını bərpa etdiyimiz zaman milli haqlarımızı da bərpa etmiş olarıq. Dil haqqından vaz keçdiyimiz zaman isə milli haqlarımız da rəsmiyyətə tanınmaz, müstəmləkəçinin dediyi rəsmiyyətə tanınar. Biz artıq ‘hamı’ olarıq. Yəni ki, deyirlər, İranda hamıya zülm olur da. Bu dünyanın çox yerində olur. Azlıqları fərqləndirən ünsür aradan qalxdığı zaman o azlıq icması artıq görünməz hala gəlir. Dil və ya ən əsas milli varlığı yaradan ünsür ortadan qaldırılsa, milli dərdlər görünməz hala gələcək.”

Forum

XS
SM
MD
LG