Accessibility links

Azərbaycan Fransa səfirliyinin iki əməkdaşını persona-non-grata elan edib


Azərbaycan xarici işlər nazirliyi
Azərbaycan xarici işlər nazirliyi

Rəsmi Bakı Fransa səfirliyinin iki əməkdaşını persona-non-grata elan edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Nazirlik bildirir ki, dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.

“Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb”, məlumatda deyilir.

Məlumata görə, həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və Xarici İşlər Nazirliyinin müvafiq notası Fransa səfirinə təqdim edilib.

Rəsmi Paris hələ Azərbaycan Xarici İşlər Nazirliyinin notasına cavab verməyib.

Fransa səfirliyinin əməkdaşlarının persona-non grata elan edilməsi Azərbaycanın iqtidaryönümlü mediasında Fransanın Azərbaycandakı casus şəbəkəsinin ifşasını iddia edən məqalələr dərc edildikdən sonraya təsadüf edir.

Yazılarda "nüfuzlu beynəlxalq təşkilatlarda örtülü iş" apardığı iddia edilən adamların saxlanıldığı və onların hazırda istintaq altında olduğu qeyd edilir. Yazılarda habelə iddia olunur ki, Azərbaycan xüsusi xidmət orqanlarına Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyətinə dair "dəlil və sənədlər" təqdim edilib.

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Amerikanın Səsinə müsahibəsində bildirib ki, bu hadisə Azərbaycan və Fransa əlaqələrinə mənfi təsir edəcək.

"Əks reaksiya eyni ola bilər. Fransa da bizim diplomatları persona-non-grata elan edə bilər. Lakin məsələ burasındadır ki, məlumatda dəqiq yazılmayıb ki, kimdən söhbət gedir və konkret nədə ittiham olunurlar, yəni səbəb göstərilsə də fakt göstərilmir. Bu baxımdan tam dəqiq nəsə demək çətindir," o bildirib.

Forum

XS
SM
MD
LG