Accessibility links

Rəsmi Bakı Ermənistanın qanunvericilik aktlarında dəyişiklik edilməsinin zəruri olduğunu deyir


Nikol Paşinyan, Olaf Şolts və İlham Əliyev
Nikol Paşinyan, Olaf Şolts və İlham Əliyev

Rəsmi Bakı Ermənistanın Baş naziri Nikol Paşinyanı bəyanatları ilə beynəlxalq ictimaiyyəti çaşdırmaqda ittiham edib və Ermənistan qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyünə toxunan məsələlərin dəyişdirilməsinin zəruri olduğunu qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bazar ertəsi qeyd edib ki, Almaniya Kanslerinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında 17 fevralda baş tutan görüşün konstruktiv və faydalı mühitdə keçməsinə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi istiqamətində çağırışlara baxmayaraq, Ermənistan baş naziri Nikol Paşinyanın “beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirən iddiaları” təəssüf doğurur.

Hacızadə xüsusən Nikol Paşinyanın fevralın 18-də Münxendə yerli erməni icması ilə görüşdə “Qarabağın öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq ictimaiyyət arasında dəstəklənməməsi” fikrinə vurğu edərək deyib ki, baş nazir Paşinyan Azərbaycanın ərazilərinə qarşı iddialarının əsassız olduğunu deyil, yalnız beynəxalq ictimaiyyət tərəfindən dəstəklənmədiyi üçün davam etdirilməsinin ağılsız hərəkət olduğunu bildirir.

“Bu isə, bir daha Ermənistan tərəfinin iddiasının hələ də davam etdiyini dolayısı yolla sübut edir. Bu baxımdan, Ermənistan Konstitusiyasında və qanunvericilik aktlarında ərazi bütövlüyümüz və suverenliyimizə qarşı iddiaların aradan qaldırılması zəruridir”, sözçü əlavə edib.

Fevralın 17-də Münhendə Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Azərbaycan və Ermənistan liderləri görüşə təkbətək formatda davam edib.

Azərbaycan tərəfi qeyd edib ki, “görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Xarici İşlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib”.

Ermənistan hökumətinin məlumatında deyilir ki, görüşlərdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesi və regionda sülhün və sabitliyin təmin edilməsinə yönəlmiş addımlar müzakirə edilib.

“Sülh müqaviləsi üzərində işin davam etdirilməsi barədə razılıq əldə olunub”, Armenpress agentliyi Ermənistan hökumətinə istinadən bildirib.

Almaniya Kansleri Olaf Şolts Almaniya və Avropanın Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını öz imkanları daxilində dəstəkləməyə hazır olduqlarını deyib.

Forum

XS
SM
MD
LG