Accessibility links

Aİ rəsmi Bakının Aİ-ABŞ-Ermənistan görüşü barədə ittihamlarını qəbul etmir


Peter Stano, Aİ-nin xarici məsələlər üzrə sözçüsü
Peter Stano, Aİ-nin xarici məsələlər üzrə sözçüsü

Avropa İttifaqı aprelin 5-də baş tutacaq Aİ-ABŞ-Ermənistan görüşündə Ermənistanla ikitərəfli münasibətlərin müzakirə ediləcəyi, Azərbaycan-Ermənistan münasibətləri və ya iki ölkə arasındakı normallaşma prosesinə toxunulmayacağını bildirib.

“Görüşdə Aİ/ABŞ-Ermənistan ikitərəfli gündəliyindən kənar məsələlərə toxunulmayacaq. Yəni nə davam edən normallaşma prosesi və sülh danışıqlarına, nə də Ermənistan və Azərbaycan arasındakı münasibətlərinə. Əsas diqqət Ermənistanın iqtisadi dayanıqlığına və bu ölkə ilə ikitərəfli əməkdaşlığımıza yönələcək”, İttifaqın xarici məsələlər üzrə sözçüsü Peter Stano Amerikanın Səsinin sorğusuna cavab olaraq bildirib.

Sözçü əlavə edib ki, Aİ və ABŞ Ermənistanın və regionun sabit, dinc, təhlükəsiz və firavan gələcəyini dəstəkləməyə sadiqdir və görüş bu öhdəliyin təzahürü olmaqla bərabər ümumi maraq doğuran bütün məsələlər üzrə davam edən transatlantik əməkdaşlığı əks etdirir.

“Sabit və daha möhkəm Ermənistan daha stabil Cənubi Qafqaz deməkdir. Bizim səylərimiz heç kimə qarşı yönəlməyib və bütün regionun və onun sabitliyinin marağındadır”, Peter Stano vurğulayıb.

Bundan əvvəl rəsmi Bakı Brüsseldə gələn həftə keçiriləcək görüş barədə narazılıq ifadə edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə martın 27-də bildirib ki, “Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır”.

“Sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır”, Hacızadə əlavə edib.

Azərbaycanla yanaşı Rusiya da görüş barədə narazılıq ifadə edib. Martın 28-də Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Aİ-ABŞ-Ermənistan görüşünü “Qərbin Ermənistanın Rusiya ilə ittifaqını pozmaq səyləri” kimi qiymətləndirib.

Öz növbəsində ABŞ görüşlə bağlı tənqidləri qəbul etmir. ABŞ Dövlət Departmentinin sözçüsü Metyu Miller martın 28-də keçirdiyi ənənəvi brifinqdə qeyd edib ki, Brüsseldə keçiriləcək görüş “ticari tərəfdaşlığının şaxələndirilməsi və humanitar ehtiyaclarının təmin edilməsi üzərində işləyən Ermənistanın iqtisadi sabitliyinə həsr olunacaq”.

“Mən deyərdim ki, regionda gördüyümüz çaxnaşmaların bir qismi Rusiyanın son bir neçə ayda etdiyi hərəkətlərdən qaynaqlanıb”, Miller Zaxarovanın ittihamlarına cavab olaraq deyib.

Aprelin 5-də keçiriləcək Aİ-ABŞ-Ermənistan görüşünün elanı hələ ötən ilin oktyabrında Avropa Siyasi Birliyinin Qranada sammiti çərçivəsində Avropa Komissiyasının prezidenti Ursula von der Leyen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdən sonra elan edilib.

Forum

XS
SM
MD
LG