Accessibility links

İctimai fəal Rza Səfərsoy qanunsuz silah saxlamaq ittihamını qəbul etmir


Rza Səfərsoy (Mənbə: Sosial şəbəkə)
Rza Səfərsoy (Mənbə: Sosial şəbəkə)

Bakının Xəzər Rayon Məhkəməsində ictimai fəal Rza Səfərsoyun cinayət işi üzrə hazırlıq iclası davam edib.

Səfərsoy qanunsuz silah saxlamaq ittihamını qəbul etməyib. O, Azərbaycan hakimiyyətini tənqid etdiyinə görə siyasi sifarişlə həbs olunduğunu bildirib.

Səfərsoyun iddiasına görə, onun mənzilində tapılan TT markalı tapançanı polis əməkdaşları qoyub.

Səfərsoy bildirib ki, 23 noyabr 2023-cü il tarixində polis əməkdaşları onun evinə gəlib və axtarış aparıb.

“Mən evdən çıxarkən bizə mülki geyimli maskalı polis əməkdaşları gəldi. Həyat yoldaşımı zorla evdən çıxardılar və üç saat öz maşınlarında girov saxladılar. Mənim əllərimi bağladılar evə buraxmadılar. Nəzarətsiz şəkildə evdə gəzirdilər, tapançanı döşəyin altına qoyublar, sonra isə tapıblar“, Səfərsoy məhkəmə heyətinin diqqətinə çatdırıb.

O, sədrlik edən hakim Hüseyn Hüseynliyə etiraz edib. Səfərsoy bunu ibtidai istintaq zamanı hakimin onun vəkilinin vəsatətlərinin və şikayətlərinin heç birini təmin etməməsi ilə əsaslandırıb.

“Hakimiyyəti kəskin tənqid etdiyimə görə saxta ittihamla həbs olunmuşam” o qeyd edib.

Vəkil Nazim Musayev etirazı dəstəkləyib.

“Məhkəmənin qərarı olmadan heç kimin evinə girib axtarış aparmaq olmaz. Noyabrın 23-də polis əməkdaşları Rza Səfərsoya qarşı belə hərəkət ediblər. Ertəsi gün qanunsuz əməllərini gizlətmək üçün Rza Səfərsoydan zorla axtarış aparılmasına etirazı olmadığı haqqında ifadə alıblar. Biz məhkəməyə bu əməliyyat-axtarış tədbirinin qanunsuz olduğu haqqında şikayət verdik. Lakin hakim (Hüseyn Hüseynli), açıq-aşkar yol verilmiş pozuntulara baxmayaraq, axtarışın “qanuni“ olduğu haqqında qərar qəbul edib“, vəkil Amerikanın Səsinə bildirib.

Hakimə etirazla əlaqədar fasilə elan edilib, növbəti məhkəmə iclası aprelin 19-na təyin edilib. Həmin vaxta qədər Xəzər Rayon Məhkəməsinin sədri etirazı nəzərdən keçirəcək.

Bununla yanaşı, Daxili İşlər Nazirliyi bir qayda olaraq polisin hərəkətlərinin qanunvericiliyə uyğun olduğunu bildirir. Nazirliyin Mətbuat xidməti hesab edir ki, saxlanılan şəxslərin polisin hərəkətləri ilə bağlı dedikləri özünü müdafiə xarakteri daşıyır.

Səfərsoy Birinci Qarabağ müharibəsinin veteranıdır. 2018-ci ildə o, Gəncə şəhərində kütləvi həbsləri tənqid etdikdən sonra artıq qanunsuz silah dövriyyəsi ittihamı ilə həbs olunub. Həmin vaxt 2 il müddətinə azadlıqdan məhrum edilib. 7 ay sonra Apellyasiya Məhkəməsi cəza müddətini azaldaraq onu azad edib.

Bu dəfə o, sosial şəbəkələrdə “Abzas Media” internet nəşrinin rəhbərlərinin həbsini kəskin tənqid etdikdən və vətəndaşları etirazlara çağırdıqdan sonra həbs olunub.

Forum

XS
SM
MD
LG