Accessibility links

Siyasi fəal Əli Rəzizadə Nadarlı həbsdən qısa məzuniyyətə buraxılıb


Siyasi məhbus Əli Rəzizadə Nadarlı
Siyasi məhbus Əli Rəzizadə Nadarlı

Tehranın Evin həbsxanasında saxlanılan siyasi məhbus Əli Rəzizadə üçgünlük məzuniyyətə çıxıb. Abbas Lasani adlı Telegram kanalının yaydığı məlumata görə, milli fəal Əli Razizadə Nadarlı mayın 6-da 1 milyard tümən girov müqabilində üç günlük məzuniyyətə buraxılıb.

Bundan əvvəl bölgədəki hüquq müdafiəçiləri sosial mediada bu siyasi məhbusun şərti amnistiya tələbinin məhkəmə orqanları tərəfindən rədd edildiyi barədə xəbərlər dərc etmişdilər. Həmçinin yayımlanan xəbərlərdə həbsxana və məhkəmə səlahiyyətliləri onun məzuniyyət istəyinə qarşı çıxdığı da qeyd olunmuşdu.

Əli Rəzizadə Nadarlı 2023-cü il oktyabrın 29-dan Evin həbsxanasında saxlanılır.

O, əvvəlcə Tehran Ümumi və İnqilab Məhkəməsinin 15 saylı şöbəsi tərəfindən 2 il müddətinə azadlıqdan məhrum edilsə də, daha sonra Tehran vilayətinin apellyasiya məhkəməsinin 36 saylı şöbəsi onun cəzasının yarısını 5 il müddətinə şərti hesab edib. Apellyasiya məhkəməsinin hökmünə əsasən, o, azadlığa çıxdıqdan sonra 5 il ərzində yenidən həbs olunarsa, şərti hesab edilən həbs cəzasını çəkməli olacaq.

Şərqi Azərbaycan vilayətinin Şəbistər şəhərinin Nadarlı qəsəbəsindən olan Əli Rəzizadə, məhkəmə tərəfindən “İnstagramda pantürkist düşüncələri təbliğ etmək məqsədilə səhifə açmaq” və “ ölkə təhlükəsizliyinə qarşı təqsirli bilinən məhbuslara dəstək məqsədilə video paylaşmaq”da ittiham edilib.

Sosial şəbəkələrdə İslam Respublikasına tənqid edən bir çox siyasi və ictimai fəallar tənqidi məzmunlarına görə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilir və uzunmüddətli həbs cəzalarına məhkum edilir.

Forum

XS
SM
MD
LG