Accessibility links

Qətər İsrailin Rəfahı işğalının qarşısını almaq üçün “təcili beynəlxalq tədbirlərə” çağırır


Çərşənbə günü İsrailin Qəzzanın cənubundakı Rəfah şəhərinə hücumuna qarşı beynəlxalq təzyiq üçün yeni çağırışlar artıb. Qətər və Afrika İttifaqı artan humanitar böhrandan narahatlığını ifadə edib.

İsrail və HƏMAS arasında atəşkəs razılaşmasını təmin etməyə çalışan aparıcı vasitəçilərdən biri olan Qətər bildirib ki, mülki əhalinin Rafahdan zorla köçürülməsi beynəlxalq hüququn ciddi şəkildə pozulması olacaq. Qətər Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda İsrailin Rəfaha zərbə endirməsi pislənilib və İsrail qüvvələrinin şəhəri işğal etməsinin qarşısını almaq üçün “təcili beynəlxalq tədbirlərə” çağırılıb.

Afrika İttifaqı Komissiyasının sədri Mussa Faki Məhəmət beynəlxalq ictimaiyyəti münaqişənin Rəfahda ölümcül eskalasiyasını dayandırmaq üçün birlikdə işləməyə çağırıb və bu bölgənin Qəzzaya humanitar yardımın gətirilməsi üçün dəhliz kimi əhəmiyyətini qeyd edib.

Israilin çərşənbə axşamı Rəfah keçidinin Qəzza tərəfini ələ keçirrməsi, eyni zamanda yaxınlıqdakı Kerem Şalom keçidini də bağlaması humanitar qrupların tənqidinə tuş gəlib. İsrail çərşənbə günü Kerem Şalomu yenidən açdığını bildirib.

BMT-nin yardım üzrə rəhbəri Martin Qriffits bildirib ki, Rəfah keçidinin bağlanması yanacağa çıxışı və yardım işçilərinin Qəzzaya keçmək imkanlarını kəsib. İsrail liderləri Qəzzada hələ də saxlanılan girovların azad edilməsi və HƏMAS silahlı qruplaşmasının məğlub edilməsi məqsədlərinə çatmaq üçün Rəfahda hərbi əməliyyatın zəruri olduğunu deyirlər.

BMT-nin Baş katibi Antonio Quterres bildirib ki, Qəzzanın şimalında aclığın hökm sürdüyü bir vaxt Rəfaha hücum “strateji səhv, siyasi fəlakət və humanitar kabus” olacaq.

O, həm İsrail hökumətini, həm də HƏMAS-ı razılaşmanı təmin etmək və qan tökülməsini dayandırmaq üçün “siyasi cəsarət” göstərməyə və tərəflər üzərində təsiri olan ölkələri bundan istifadə etməyə çağırıb.

Ümumdünya Səhiyyə Təşkilatı təxminən 1,2 milyon insanın Rəfaha sığındığını və onların yarıdan çoxunun uşaq olduğunu bildirir.

İsrailin HƏMAS-a qarşı apardığı kampaniya Qəzza zolağının çox hissəsini xarabalığa çevirdiyi üçün bir çoxları Qəzzanın digər bölgələrindən təhlükəsizlik və sığınacaq axtararaq qaçıblar.

İsrail rəsmilərinin bildirdiyinə görə, İsrail-HƏMAS müharibəsi oktyabrın 7-də HƏMAS-ın İsrailin cənubuna hücumu nəticəsində 1200 nəfərin ölümünə və 250-yə yaxın girovun əsir düşməsi ilə başlayıb. Noyabrın sonunda bir həftəlik atəşkəs nəticəsində girovlardan 100-ə yaxını azad edilib.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzzada əks-hücumu 34 700-dən çox fələstinlinin ölümünə səbəb olub, onların üçdə ikisi qadın və uşaqlardır.

Forum

XS
SM
MD
LG