Accessibility links

Vaşinqton və London: Sanksiyalar və ixrac nəzarəti milli təhlükəsizliyin təminatında vacib vasitədir


Birləşmiş Ştatlar və Böyük Britaniya bir gün əvvəl keçirilən Strateji Sanksiyalar Dialoqunun ardınca cümə axşamı yaydığı birgə bəyanatda sanksiyalar və ixrac nəzarəti üzrə koordinasiyanı gücləndirmək üçün İkitərəfli İqtisadi Tərəfdaşlığa dair 2023-cü il Atlantik Bəyannaməsinə sadiq olduqlarını təsdiqləyib.

Londonda keçirilən danışıqlarda hər iki ölkənin nazirlik və idarələrinin nümayəndələri iştirak edib. ABŞ və Böyük Britaniya sanksiyaların və ixrac nəzarətinin milli təhlükəsizliyin təmin edilməsində vacib vasitə olduğunu təsdiqləyib.

Nümayəndə heyətləri zərərli fəaliyyətlərin qarşısını almaq və beynəlxalq normaları qorumaq üçün məqsədyönlü, əlaqələndirilmiş sanksiyaların və ixrac nəzarətinin istifadəsini müzakirə edib.

Danışıqlarda Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə cavab olaraq tətbiq edilən sanksiyalar müzakirə olunub. Tərəflər qeyd ediblər ki, Rusiya Federasiyasına qarşı sanksiyalar Rusiya silahlı qüvvələrini mühüm komponentlərdən və texnologiyalardan məhrum edir və “Putinin Ukraynaya qarşı müharibə imkanlarını məhdudlaşdırır”.

Həmçinin Yaxın Şərqdə İranla əlaqəli qrupları, HƏMAS və Fələstin İslam Cihadı liderlərini, maliyyəçilərini və Qırmızı dənizdə husilərin hücumlarını asanlaşdıranları hədəf alan koordinasiyalı hərəkətlər də müzakirə edilib.

Forum

XS
SM
MD
LG