Accessibility links

Jurnalist ev dustaqlığına buraxılmadı


Elnarə Qasımova
Elnarə Qasımova

Mayın 10-da Bakı Apellyasiya Məhkəməsi "Abzas Media" işi üzrə həbsdə olan jurnalist Elnarə Qasımovanın həbsinin ev dustaqlığı ilə əvəz olunası barədə apellyasiya şikayətini təmin etməyib.

Bu barədə Amerikanın Səsinə jurnalistin həyat yoldaşı Nicat Əmiraslanov bildirib.

Onun sözlərinə görə, məhkəmə prosesində jurnalistin özü də iştirak edib.

“Elnarə bir daha məhkəmədə dedi ki, korrupsiya faktlarını araşdırdıqlarına görə həbs olunublar”, Nicat Əmiraslanov deyib.

Onun sözlərinə görə, Elnarə Qasımovanın səhhətindən və saxlanma şəraitindən şikayəti yoxdur.

Nicat Əmiraslanov vəkilə istinad edərək, jurnalistin bəzi işlərinin Avropa Məhkəməsinə göndərildiyini bildirib.

“Abzas Media” ilə bağlı cinayət işi üzrə ötən il noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb. Həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-nə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı saxlanılıb.

Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub. Jurnalistlərin hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Onların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir.

Aprelin 18-də "Meclis.info" saytının rəhbəri İmran Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.3-cü (qaçaqmalçılıq-vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə 2 ay və 1 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan hökuməti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

XS
SM
MD
LG