Accessibility links

Əfqanların çoxu ABŞ qüvvələrinin mövcudluğunu dəstəkləyir


Əfqanıstanda keçirilən rəy sorğusu göstərir ki, əfqanların çoxu Əl-Qaida və talibanları rədd edərək, Birləşmiş Ştatlar və beynəlxalq hərbi qüvvələrin ölkədə mövcudluğunu dəstəkləyir. Rəy sorğusunun nəticələri bu gün açıqlanıb. Sorğu Merilend Universiteti nəzdində Beynəlxalq Siyasi Münasibət Mərkəzi tərəfindən keçirilib. Sorğuda iştirak edənlərin 93 faizi prezident Həmid Karzainin fəaliyyətini müsbət dəyərləndirib. Respondentlərin 85 faizi ölkənin düzgün istiqamətdə irəlilədiyini bildirib. Hər altı əfqandan beşi Əfqanıstanda Amerika hərbi qüvvələrinin mövcudluğuna müsbət münasibətini bildirib. Beynəlxalq Siyasi Münasibət Mərkəzi noyabr və dekabr aylarında iki mindən çox əfqanla müsahibə keçirib. Bu sorğu Əfqanıstanda son 30 ildə ilk dəfə olaraq keçirilmiş seçkilərdən sonraya təsadüf edir.

Birləşmiş Ştatların müdafiə naziri Donald Ramsfeldlə birgə keçirilən mətbuat konfransında çıxış edən Həmid Karzai deyib ki, əfqanların nikbin olmağa əsası çoxdur. 4 il əvvəl Birləşmiş Ştatların başçılığı ilə koalisiya qüvvələrinin Əl-Qaidə terrorçularına sığınacaq vermiş Taliban rejimini devirməsi Əfqanıstana demoktratik islahatların keçirilməsinə şərait yaratmışdır. Hazırkı Əfqanıstanda ABŞ hərbi qüvvələrinin 19 minə yaxın əsgəri ölkənin bir sıra bölgələrində Taliban qiyamçılarına qarşı mübarizə aparır.

XS
SM
MD
LG