Accessibility links

BMT Qaçqınlar Üzrə Ali Komissarlığı Livana yardım göndərib


BMT Qaçqınlar üzrə Ali Komissarlığı Suriya vasitəsilə Livana ilk yardım karvanlarını yola salıb. Komissarlığın verdiyi məlumata görə, o üç gün ərzində 400 ton yardım göndərmək niyyətindədir.

Amerikanın səsinin Cenevrədəki müxbiri Liza Şleyn BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına istinadən bildirir ki, minlərlə döşək, adyal, ailə çadırı və sairlə dolu 7 yük maşını Livana yola düşüb.

Komissarlığın sözçüsü Cennifer Paqonisin sözlərinə görə, agentliyin Suriya və İordaniyada göndərilmə üçün hazır yardım malları var, amma yollar bağlandığına və yardımın nəqli təhlükəli olduğuna görə, ilk maşınları yalnız indi yola sala biliblər: “Biz Livana daha çox yardım çatdıra bilmək üçün quru, dəniz və hava marşrutlarını nəzərdən keçiririk. Kiprin Larnaka şəhərində təchizat bazası yaradılıb, Türkiyənin Mersin limanının nəqliyyat imkanlarından istifadənin mümkünlüyü öyrənilir. Həm Livan, həm də Suriyada məcburi köçkünlərə Suriyada və Livanda alınmış yardım paylanılır.”

Paqonis deyir ki, yaxın 3 gündə Livana çatdırılacaq yardım 20 min adama bəs edəcək. BMT-nin hesablamalarına görə, Livanda evlərindən didərgin düşmüş adamların sayı 700 mindən artıqdır.

“Əsas problem odur ki, sığınacaqlarda həddindən artıq adam toplaşıb və dəhşətli sanitar vasitələr qıtlığı hiss olunur. Aley vadisində 400 adamın sığınacaq tapdığı bir məktəbdə qadınlar üçün yalnız bir ayaqyolu var. Bu, işləri olduqca çətinləşdirir,” deyə Paqonis bildirib.

Qaçqınlar üzrə ali komissarlığın Suriyadakı sərhəd nəzarət qrupları Livandan gələnlərin sayının azaldığını bildirir. Lakin Paqonis bu azalmanın müvəqqəti olub-olmadığı barədə fikir söyləməyə çətinlik çəkir. Onun sözlərinə görə, hücumlardan qaçan daha çox adam sərhəddi keçə bilər. Komissarlıq Suriyada yardıma ehtiyacı olan Livan qaçqınlarının sayının 20 min olduğunu ehtimal edir.

XS
SM
MD
LG