Accessibility links

Fidel Kastrodan sonrakı Kuba...


Dünyada sonuncu kommunist diktaturası olan Kubanın prezidenti Fidel Kastro 48 ildə ilk dəfə olaraq, mütləq hakimiyyətini onunla müharibə və inqilab dövrü çiyin-çiyinə dayanmış qardaşı Raul Kastroya ötürdü. Amerika Birləşmiş Ştatlarında yaşayan bir milyon yarım kubalı mühacir bu xəbəri böyük sevinclə qarşılayaraq, Kubada dəyişikliklərə ümidlər bəsləyir. Bir çoxları bu inkişafları Kastro dövrünün sonu kimi qiymətləndirir. Kuba həqiqətənmi yeni bir dövrə qədəm qoyur və Raul Kastorunun idarə etdiyi Kuba diktator Fidelin ölkəsindən necə fərqlənəcək?

80 yaşı avqustun 13-ü tamam olacaq Fidel Kastro bu münasibətlə təntənəli mərasimlərin dekabrın sonuna keçirilməsini istəyib. Bu, Kubanın inqilabi hərbi qüvvələrinin yaranmasının 50-ci ildönümü ilə üst-üstə düşür.

Hakimiyyəti qardaşına ötürməzdən bir həftə əvvəl Fidel Kastro Latın Amerikası ticarət blokunun görüşündə iştirak etmək üçün Argentinaya səfər etmişdi. Görüş iştirakçıları ABŞ-ın 45 ildir sanksiyalar tətbiq etməsinə baxmayaraq, Kuba ilə ticarəti genişləndirməyə razı olmuşdular.

Fidel Kastro ABŞ kapitalizmini tənqid etmiş və Argentinada Amerika əleyhinə yürüşdə çıxış edərək, Kubanın iqtisadi modelini müdafiə etmişdi. Yürüşdə Kastro ilə bərabər iştirak edən Venesuela lideri Huqo Çaves Latın Amerikası ölkələrini ABŞ-ın azad bazar siyasətini rədd etməyə çağırmışdı. Fidel Kastro Huqo Çavesi bir tələbəsi kimi dinlədiyini demişdi.

Vaşintonda Ağ Evin sözçüsü Toni Snou Buş administrasiyasının Çavesin Latın Amerikasında Fidel Kastronu əvəz edə bilməsindən narahatlıq keçirib-keçirməməsilə bağlı sualı belə cavablandırmışdır: "Prezident iqtisadi və ya başqa yollarla qonşu ölkələrdə qeyri-sabitlik yaratmtaq istəyənlərə görə narahatdır. Hökumətin daim azad ticarət siyasətini yeritməsi və qonşu ölkələrlə yaxşı münasibətlər qurmaq səylərinin başlıca səbəbi də elə budur".

Kubada hadisələrin gedişini izləyən Buş administrasiyası Raul Kastro ilə əlaqə qurmaq niyyətində olmadığını bildirib. Administrasiya Kubanın müvəqqəti liderini ölkədə heç bir dəyişklik etməyən “həbsxana nəzarətçisi” adlandırıb.

1970-ci illərdə Sovet İttifaqına səfəri zamanı Azərbaycanda da olmuş Raul Kastronun qardaşı kimi xarizmaya malik olmadığı deyilir. Bununla belə, Vaşinqtonda bəzi təhlilçilər onun Kubanın xarici ölkələrlə əlaqələrini yaxşılaşdırmağa qadir olduğunu hesab eir. Əlbəttə, Kubada dərhal dəyişikliklərin olacağı gözlənilmir. Lakin Amerikadakı kubalı mühacirlər kubalıların buna hazır olduğunu düşünür.

Amerika Birləşmiş Ştatları kommunizm adasında dəyişikliklər olduğu halda, Kuba xalqına humanitar, iqtisadi və digər yardım göstərməyə hazırdır. Lakin ABŞ Dövlət Departamentinin keçən ay açıqladığı bəyanatda deyilir ki, Kubanın hazırkı rejimi hər hansı xarici təzyiqə tab gətirmək üçün Venesuela kimi özünəbənzər hökumətlərlə işləyir.

XS
SM
MD
LG