Accessibility links

"İran Azərbaycanına Pəncərə"nin  həftəlik xəbərlər icmalı


Məhəmmədhüseyn Şəhriyar- 100: Arif Babayev Şəhriyarın məzarı üzərində oxuyacaq

Bu günlərdə İranda Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın 100 illiyi münasibətilə tədbirlər keçirilir. Trend agentliyinin İran Mədəniyət və əl işləri İdarəsinin ümumi əlaqələr şöbəsinə istinadən yaydığı xəbərə əsasən, bu gün Tehranda başlanan konfrans sentyabrın 18-də Təbrizdə davamını tapacaq.

Prezident Əhmədinejadın müraciətinin də səsləndiriləcəyi tədbir çərçivəsində Şəhriyarın məzarı ziyarət olunacaq. Orada Azərbaycan Respublikasından gələn xanəndə Arif Babayevin Şəhriyarın sözləri üzərində muğam oxuyacağı planlaşdırılır.

Cənubi Azərbaycan Hərəkatının Koordinasiya Şurası yaradılıb

Bu həftə Bakıda Cənubi Azərbaycan Milli Hərəkatına həsr olunmuş konfransda AMİP lideri Etibar Məmmədov qarşıya qoyulan vəzifələrin Cənubi Azərbaycan hərəkatını dünyaya tanıtmaqdan ibarət olduğunu deyib. Son zamanlar İran Azərbaycanındakı repressiyaların müzakirə olunduğu forumun ertəsi gün yeni təşkil olunmuş Cənubi Azərbaycan Milli Hərəkatının Koordinasiya Şurasının ilk yığıncağında Etibar Məmmədov şuraya sədr, Sadiq İsabəyli, Əjdər Tağızadə, Haydə Bomak, Mahmud Bilgin, Saleh Yıldırım, Əhməd Obalı, Əli Nicat, Ağrı Qaradağlı və Cahandar Bayoğlu isə üzv seçiliblər.

Amnesty İnternational daha bir azərbaycanlı məhbusla bağlı kampaniya başlayıb

Bu həftə Amnesty İnternational daha bir azərbaycanlı məhbus Reza Abbasi barədə təcili tədbir kampaniyası başlayıb. Beynəlxalq təşkilat Rza Abbasi dörd il əvvəl yaradılmış Azərbacyanlı Siyasi Məhbusları Müdafiə Komitəsinin qurucularından biri və “Ədvar-e Təhkim-e Vəhdət” tələbə hərəkatının Zəncan üzrə əlaqələndiricisidir. Onun Zəncan şəhərinin mərkəzi həbsxanasında saxlandığı bildirilir. Alınan xəbərlərə görə, təhlükəsizlik nazirliyinin Zəncan şöbəsi Rza Abbasinin yaşlı valideynləri də daxil olmaqla, ailə üzvlərini davamlı olaraq təhdid edir.

Dil hüququnu tələb edənləri həbs edirlər

İranda dərs ilinin başlanması ilə əlaqədar ana dilində təhsil tələbi ilə etiraz aksiyalarının keçirilməsi ərəfəsində yeni həbslər yer alıb. Azərbaycan Siyasi Məhbusları Müdafiə Komitəsi iki gün əvvəl həbs olunmuş Azərbaycan dili müəllimi Əsədullah Səliminin saxlanmasının Mehr ayının biri – sentyabrın 23-də gözlənilən aksiyalarla əlaqədar olduğunu bildirir.

Federal-Demokratlar da "Ana dili" aksiyasına qoşuldu

Cənubi Azərbaycan Tələbələr İttifaqı, Güney Azərbaycan Milli Oyanış Hərəkatı və bir sıra digər təşkilatların ardınca Azərbaycanın Federal Demokrat Hərəkatının İcraiyyə Heyəti sentyabrın 23-də ana dilinin məktəblərdə tədrisi tələbi ilə itaətsizlik aksiyaları barədə çağırışlara qoşulub. Təşkilatın bu həftə İran Azərbaycanının şəhərlərində yaydığı vərəqələrdə məktəblilərdən ana dilinin tədris olunmadığı üçün məktəbləri boykot etmələri təşviq olunur. Bir sıra şəhərlərdə üzərində “Məktəbə getmə!” sözləri yazılmış vərəqələri yayan bir neçə nəfərin saxlandığı bildirilir.

Alim Qasımov Tehranda konsert verəcək

Azərbaycan xanəndəsi Alim Qasımov Tehranın Niyavəran sarayında konsert verəcək. Trend agentliyinin yaydığı xəbərə əsasən, Alim Qasımovu Tehran qastrolları zamanı qızı Fərqanə Qasımova, eləcə də Rauf İslamov, Natiq Şirinov, Rəfail Əsgərov və Ələsgər Məmmədovdan ibarət instrumental qrup müşayiət edəcək. Öncədən konsertin avqustun son həftəsində keçirilməsi planlaşdılırdı. Lakin konsertin keçirilməsinə icazə gec verildiyi və reklam işlərinin aparılmasına vaxt qalmadığı üçün konsert sentyabrın sonuna keçirilib. Alim Qasımovun Niyavəran sarayında 3 gün sentyabrın 21-dən 23-ə kimi çıxış edəcəyi gözlənilir. Bu, xanəndənin İrana ilk qastrolu deyil. Ümumiyyətlə Azərbaycan musiqiçilərinin Tehrandakı çıxışlarının uğurla keçdiyi bildirilir. Alim Qasımovun 9 albomundan ikisi İranda çıxıb.

İcmalın tam versiyası ilə audio-formatda tanış olun.

XS
SM
MD
LG