Accessibility links

İran Azərbaycanına pəncərə proqramının həftəlik xəbərlər icmalı


Abbas Leysaniyə daha bir hökm oxunub

Sentyabrın sonunda təqribən 4 aylıq həıbsdən sonra azadlığa buraxılan Azərbaycanlıların milli hüquqları uğrunda mübariz Abbas Leysaniyə bu həftə daha bir hökm oxunub.

Sentyabrın 6-da Leysaniyə ötən il Babək qalasına yürüşdə iştirakına görə 1 il cəza kəsilib. Onun may aksiyalarında iştirakı ilə bağlı məhkəmə proseslərindən biri isə Sentyabrın 29-da başa çatıb. Oktyabrın 3-də həmin məhkəmənin hökmü élan edilib. Xalqı iğtişaşlara çağırmaq epizodu üzrə keçirilən məhkəmənin qərarı 16 ay həbs və 50 şallaq cəzasıdır.

İndi Abbas Leysanini üçüncü məhkəmə gözləyir. Onu bu dəfə Təbrizdə 2005-ci ildə Bağır Xanın məzarını ziyarət etməsinə görə mühakimə edəcəklər.

Xatırladaq ki, həbsdə olduğu müddət ərzində Abbas Leysani haqqında Amnesty İnternational təşkilatı iki dəfə təcili tədbir kampaniyası keçirib. Beynəlxalq Amnistiyanın sənədinə əsasən, cənab Leysani həbsdə ikən 58 gün aclıq edib və bunun bir hissəsi zamanı o sudan da imtina edib. Beynəlxalq təşkilat Leysaniyə yalnız ağır vəziyyətə düşdükdə həkim yardımı göstərildiyini də qeyd edib.

Sentyabr ayında zəmanət haqqı ödəyərək məhkəmə qərarlarına qədər azadlığa buraxılan hərəkat liderinin zindanda olduğu vaxt 30 kiloqram çəki itirdiyi qeyd olunur.

ASMEK siyasi məhbuslara dair yeni məlumatlar verib

İranda qadağan olunmuş Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Komitəsi Asmek oktyabrın 4-də bəyanat yayaraq son hökmlər və həbs olunanların vəziyyəti barədə məlumat verib. Ərdəbil məhkəməsi Rəhim Xudadadiyə may aksiyalarında iştiraka görə 3 ay həbs və 30 şallaq hökmü kəsib.

ASMEK-in yaydığı məlumatda Mühəndis Elçin Hatəminin Şərqi Azərbaycan vilayətinin apellyasiya məhkəməsinin hökmü ilə sentyabrın 29-da Əhər şəhərinin həbsxanasına göndərildiyi bildirilir. Hatəmi 2 il bundan əvvəl – 2004-cü ilin iyununda Babək Qalasına yürüş mərasimində tutularaq bir il həbs cəzasına məhkum edilmişdi. Lakin bu yaxınlarda keçirilən apellyasiya məhkəməsi 5 il Babək Qalasının yerləşdiyi Kəleybər mahalına getməmək şərtilə onun həbs müddətini 4 aya qədər azaldıb.

Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Komitəsinin Urmiyədən verdiyi məlumata əsasən, bu şəhərin fəallarından – mühəndis Rəsul Cəfəri, Məcid Təqizadə Quşçu, Əmir Fərəczadə, Firidun Mehdipur, Məhəmməd Hüseyn Purqurbani, Fərdin Muxtari və Mehdi Cəlali sentyabrın 23-də ana dilində təhsil tələbilə keçirilən etiraz nümayişləri zamanı həbs olunublar. Onların indiyədək həbsdə saxlandıqları bildirilir.

Həmin aksiyaların iştirakçılarından biri, 16 yaşlı tələbə Sina Mədədi Osalı isə azadlığa buraxılıb. Urmiyədən olan başqa bir fəal – Zülfəli Mədədli sentyabrın 24-də nəzarət altına alındıqdan bəri ona ailəsi və vəkillə danışmaq imkanı verilməyib.

Rza Abbasinin vəziyyəti naməlumdur

ASMEKin banilərindən biri Rza Abbasinin vəziyyəti naməlum olaraq qalır. İyunun 27-dən bəri Zəncan həbsxanasında saxlanılan Abbasinin işini aparan hakim Məsumxani naməlum səbəblərdən məhkəmənin qərarını yubadıb. ASMEK bu günlərdə 20-yə qədər fəalın azadlığa buraxıldığını da qeyd edib.

Höccətülislam Əbdüləzim Qədimiəzim: "Həbslə axar suyun qarşısını almaq olmaz"

Bu həftə İranda milli hüquqların pozulmasına qarşı etdiyi çıxışlara görə 8 aylıq həbsdən sonra Qum şəhərinə sürgün olunan din xadimi Höccətülislam Əbdüləzim Qədimiəzim Amerikanın səsinə müsahibə verib. O, İran rejiminin həbslərlə hərəkatın qarşısını ala bilməyəcəyini deyib

Azərbaycanın İrandakı səfiri Şərqi Azərbaycan valisi ilə görüşüb

Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov bəzi qüvvələrin iki ölkə arasında münasibətlərə xələl gətirmək istədiyini deyib. Lakin, səfirin sözlərinə görə iki ölkə rəhbərliyinin siyasi iradəsi bu səyləri nəticəsiz qoyur.

İRNA xəbər agentliyinin yaydığı məlumata görə, Şərqi Azərbaycan valisi Məhəmməd Memarzadə ilə səfir arasında keçirilən görüşdə iki ölkə arasındakı münasibətlər müzakirə olunub.

Onlar Təbriz və Bakı arasında mədəniyət və turizm sahəsində əməkdaşlıq üçşün böyük imkanların olduğu qənaətinə gəliblər. Həsənovun sözlərinə görə bu sahədə əməkdaşlıq üçün böyük potensial var ki, bunu həm İran həm də Azərbaycan vətəndaşları üzə çıxarmalıdır.

O, Azərbaycan Respublikasının Şərqi Azərbaycandan buğda idxalında və Təbriz neftayırma zavodu vasitəsilə Azərbaycan neftinin Fars körfəzinə çatdırılmasında maraqlı olduğunu deyib.

Memarzadə isə İranın Azərbaycan neftinin nəqli üçün kəmər tikməyə hazır olduğunu deyib və əlavə edib ki, iki ölkə onları bir-birindən ayrı salmağa çalışan xarici döpvlətlərin casuslarının məqsədlərinə çatmasına imkan verməməlidir.

Memarzadə Təbriz ə Bakı arasında hava və dəmiryol nəqliyyatının bərpası ilə bağlı Azərbaycan tərəfinin təklifini alqışladığını deyib.

XS
SM
MD
LG