Accessibility links

Metyu Brayza: "ABŞ Azərbaycanın ərazi  bütövlüyünü  himayə edir"


Sual: ABŞ-ın Dağlıq Qarabağ problemi və Azərbaycanın ərazi bütövlüyü məsələsindəki mövqeyində hansısa bir dəyişiklik olubmu?

Cavab: Qətiyyətlə deyirəm ki, xeyr. Heç bir dəyişiklik olmayıb. ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Biz Helsinki yekun sənədinin əsas hissəsi kimi dövlətlərin ərazi bütövlüyünü tanıyırıq. Minsk qrupunun həmsədrləri kimi, müzakirə edilməkdə olan ədalətli və balanslı bir təklifin hazırlanmasında rol oynamışıq ki, bu təklif bizim Azərbaycanın ərazi bütövlüyünə olan hörmətimizi tam nəzərə almaqla yanaşı, Dağlıq Qarabağın son statusunun müzakirələr yolu ilə müəyyyənləşdirilməsini nəzərdə tutan bir kompramisdir.

Sual: ABŞ və Minsk Qrupuna digər iki üzv ölkə nəyə görə BMT Baş Assembleyasında Azərbaycanın işğal olunmuş əraziləri barədə qətnamənin əleyhinə səs veriblər?

Cavab: Bu sualı verdiyinizə görə çox şadam, çünkü bu mənə bizim Azərbaycanla bağlı siyasətimizi daha dərindən açıqlamaq imkanı verir. Mən əvvəlcə bizim ölkələrimiz arasındakı dostluğun nə qədər dərin və güclü olduğunu vurğulamaq istəyirəm. Eyni zamanda qeyd etməliyəm ki, biz ölkələrimiz arasında elə bir strateji partniyorluğu inkişaf etdiririk ki, bu partniyorluq BMT Baş Assembleyasındakı qətnamə kimi hər hansı bir qətnamədən daha mühüm və daha güclüdür. Azərbaycandakı bütün dostlarımız bizim Azərbaycanla olan dostluğumuzun dərinliyinə heç vaxt şübhə etməməlidir. Assembleyanın qətnaməsinə gəldikdə, bu qətnamə balanslı deyildi. Həmin qətnamə həmsədrlərin və iki ölkənin hazırladığı əsas prinsiplər məsələsində Azərbaycanın mövqeyinə üstünlük verirdi. Qətnamədə Azərbaycan tərəfinin bəyəndiyi prinsiplər seçilmiş, onlara işarə edilmiş, Ermənistanın bəyəndiyi cəhətləri əhatə edən digər prinsiplərə isə yer verilməmişdi.

Sual: BMT Baş Assembleyasında verilən səs, Azərbaycanın ərazi bütövlüyü əleyhinə verilmiş səs yaxud da ABŞ-ın Azərbaycanla bağlı siyasətində dəyişiklik kimi nəzərdə tutulub. Buna görə qətnaməyə verilən səsə bu qədər reaksiya göstərilir. Bəziləri isə bunu Minsk qrupunun həmsədrləri ilə əlaqələndirir, başqa ölkələrində prosesdə iştirakına ehtiyac olduğunu deyirlər. Siz başqa ölkələrin iştirakı barədə təklifi qəbul edərdinizmi?

Cavab: Azərbaycan və Ermənistan razı olduqları təqdirdə, prinsipcə mən başqa ölkələrin də iştirakınının əleyhinə deyiləm. Əlbəttə Minsk Qrupunun tam tərkibi daha genişdir. Belə oldu ki, Minsk qrupunun tam tərkibi danışıqların aparılması üçün daha kiçik bir qrupa ehtiyac olduğu nəticəsinə gəldi. Çünkü çoxlu insanın iştirakı prosesi çətinləşdirirdi. Azərbaycan və Ermənistan razı olduqları təqdirdə, prinsipcə mən başqa ölkələrin də bu prosesdə iştirakınının əleyhinə deyiləm. Ancaq sualınızın mühakiməsi düzgün deyil. Əvvəlcə dediyim kimi Azərbaycanın ərazi bütövlüyünün himayəsi barədə ABŞ-ın siyasətində bir dəyişiklik yoxdur. Rusiya və Fransa hökumətləri də bu siyasəti himayə edir. Bakıda bizim Azərbaycanla əlaqələrimizdə, hansısa səbəbə görə gərginlik yaratmağa çalışan siyasi hərəkət, qruplaşma və ya güclər var. Bunun səbəbini bilmirəm və məncə bu təhlükəlidir və heç nəyə kömək etmir. Bizim Azərbaycanla dərin dostluğumuz var. Daglıq Qarabağla bağlı müzakirələrin iştirakçıları əsas prinsiplərlə əlaqədar olaraq müzakirə stolunda nələrin olduğunu bilirlər. BMT-dəki səsvermədən sonra biz Azərbaycanın ərazi bütövlüyünü himayə etdiyimizi aydın elan etdik. Beləliklə kimlərsə nələrin müzakirə olunduğu barədə tam dürüst olmayan kampaniya yeridir. Buna görə də gəlin nələri müzakirə etdiyimizi deyim. Birinci, Azərbaycanın ərazi bütövlüyünün tanınması; ikinci, yeddi rayonun Azərbaycana qaytarılması və məcburi köçkünlərin həmin ərazilərə qayıtması; üçüncü, Erməni qüvvələrinin geri çəkilməsi; dördüncü, Dağlıq Qarabağın Ermənistanla əlaqəsini təmin edən dəhlizin olması; Dağlıq Qarabağın statusunun müəyyən edilməsi barədə davam etməsi ki, bu məsələ təkçə danışıqlar nəticəsində zamanla əldə olunacaq kompramis yoluyla həll edilə bilər. Danışıq stolundakı tam paket budur. Biz beynəlxalq sülhməramlıların iştirakını, ərazilərin və Qarabağın reabilitasiyası üçün beynəlxalq ictimaiyyətin əsaslı fəaliyyətlərini görəcəyik. Biz Azərbaycanın təklif etdiyi kimi, gərginliyin və Qarabağın statusu ətrafındakı düşmənçiliyin azaldılması üçün Erməni və Azərbaycan içtimaiyyətləri arasında əlaqə yaranmasını görmək istəyirik. Mənim burda dediklərimin heç bir hissəsi bizim Azərbaycanın ərazi bütövlüyünü himayəmizə mənfi təsir göstərmir.

XS
SM
MD
LG