Accessibility links

Gürcüstan: Rusiya təcavüzkar siyasətə son qoymalıdır


Cons Hopkins Universitetinin Orta Asiya və Qafqaz İnstitutu "Rusiyanın Gürcüstanda Siyasəti" mövzusunda diskussiya keçirib. Diskussiya iştirakçıları sırasında Gürcüstanın xarici işlər naziri David Bakradze və ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Brayza olub.

Tədbiri giriş sözü ilə açan institutun rəhbəri Svante Kornell Rusiyanın ötən həftələrdə Gürcüstanla bağlı siyasətindəki dəyişikliklərin həyəcan doğurduğunu bildirdi. O, qeyd etdi ki, Prezident Vladimir Putinin öz hökumətinə Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya regionları ilə de-fakto əlaqələr yaratması haqda tapşırıq verməsi və bunun ardınca Gürcü dronun Rus təyyarəsi tərəfindən vurulması Qərbdə, ələxüsus Vaşinqtonda dərin narahatlıq doğurub. Moskvanın yeritdiyi siyasətə Qərbin mümkün cavab tədbirlərinin müzakirəsi üçün o, sözü Gürcüstanın Vaşinqtona səfərdə olan xarici işlər naziri David Bakradzeyə verdi.

Cənab Bakradze son olayları 3 başlıca faktorla izah etdi. Onun fikrincə NATO-nun Buxarestdəki sammitində Gürcüstana və Ukraynaya üzvlük planının verilməməsi Moskvada belə bir təəssürat yaratdı ki, təxrbitaçı əməllərlə Tbislinin götürüdüyü kursun qarşısını ala bilər. İkinci faktor Kosovonun müstəqilliyinin tanınması ilə əlaqədardır ki, Rusiya Qərbin Kosovonu tanımasının onun moral mövqeyini gücləndirdiyini zənn edir. Bu baxımdan Moskva hesab edir ki, Qərb öz təsir dairəsində Kosovonun müstəqilliyini tanıdığı kimi Rusiya da öz təsir dairəsi hesab etdiyi keçmiş Sovet məkanında sərhədlərin dəyişməsinə qərar verə bilər. 3-cü başlıca faktoru isə David Bakradze Rusiyada cərəyan edən hakimiyyət dəyişikliyi ilə əlaqələndirdi. Onun fikrincə prezidentlik müddətinin başa çatmasına az qalmış Putin mühüm siyasi qərarlar verməklə indidən Rusiyanın Gürcüstan və Qərblə münasibətdə kursunu müəyyən etməyə çalışır. Bakradze Prezident Vladimir Putinin əməllərini təcavüz kimi dəyərləndirərək Qərb müttəfiqlərini Rusiyanın ekspanisionist siyasətinə müqavimət göstərməyə səslədi.

Daha sonra söz alan ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı Metyu Brayza Bakradzenin bir çox fikirliərini bölüşdüyünü söylədi, Onun sözlərinə görə Qızılgül inqilabından bəri, Gürcüstan hökuməti regionda sülhün və sabitliyin inkişafı üçün cidi səylər göstərib və kompromisə getməyə hazır olduğunu nümayiş etdirib. O biri tərəfdən Abxaziya və Cənubi Osetiya regionunda münaqişlərin həllinə vasitəçi rolunda çıxış edən Rusiyanın son hərəkətləri bu statusa uyğun gəlmir. Cənab Brayza bütün tərəfləri məsələyə sakit reaksiya verməyə və təmkin göstərməyə çağırıb. Onun fikrincə Gürcüstanın ərazi bütövlüyü saxlanmaqla regional dövlətlər münaqişələrin həlli üçün yeni diskusssiyalara başlamalaıdırlar.

Siyasi təhlilçi Vladimir Sokor Rusiyanın Gürcüstanla bağlı siyasətindəki müşahidələrini iştirakçılarla bölüşdü. Onun fikrincə Rusiyanın başlıca məramı yaxın xaric adlandırdığı ərazidə dominantlıq etməkdir. Lakin Rusiya liderləri eyni zamanda praqmatistdirlər. Bir vaxtlar Baltik respublikalarının və hətta Polşanın NATO-üzvlüyünə qarşı çıxan Rusiya indi bu faktı qəbul edir. Bu baxımdan, Sokorun fikrincə, əgər NATO qətiyyət göstərsə və Gürcüstanı alyans çətiri altına alsa, onda Moskva bu reallıqla hesablaşmalı olacaq.

XS
SM
MD
LG