Accessibility links

Arçil Gegeşidze: “Kreml kartlarını itirdi”


“Azərbaycan Rusiyanın Gürcüstandakı konfliktlərə münasibətindən nəticə çıxarmalıdır”. Bunu “Amerikanın səsi”nə müsahibəsində Gürcüstan Stratejı və Beynəlxalq Tədqiqatlar fondunun eksperti politoloq Arçil Gegeşidze bildirib.
Cənab Gegaşidze deyib ki, Moskvanın Gürcüstan üzündən Qərblə toqquşması Kremlin əlindən bir çox kartları alıb. Belə ki, Rusiya Qərbi Qafqazdakı münaqişələrlə şantaj edirdi.
Gürcü politoloqun fikrincə, Moksva Qarabağ və Dnestryanı ərazidə etdiyi kimi, bir vaxtlar Gürcüstanda da nizamlamaya bənzər addımlar ataraq çalışırdı ki, Tbilisini öz arxasınca süründürsün. Və bununla regionun gənc demokratik ölkələrinin Avropa perspektivlərinin və Avroatlantik seçiminin üstündən bir xətt çəksin.
Amma indi - deyir Gegelaşvili - Rusiya Gürcüstanın təxribatlara cavablarını fürsət bilərək, bu ölkəyə soxulub, onun hərbi infrastrukturunu faktiki olaraq darmadağın edib.
"Müharibə hələ bitməyib - Informasiya müharibəsi davam edir. Rusiya burada özbaşınalıq edir. Bütün kommunikasiyalar və əsas hərbi obyektlərə nəzarət birbaşa olmasa da, faktiki olaraq onların əlindədir. Rusiya Potidən də, Qoridən də buna görə çıxmır. Hara əli çatır - bombardman edir ki, hərbi infrastrukturu ləğv edərək Gürcüstanı azı 3-4 illik gücsüz və Rusiyaya cavab verə bilməyəcək vəziyyətdə saxlasın".
Gegeşidzeyə görə, Rusiyanın hədəfi budur ki, bölgənin NATO-ya rəsmi inteqrasiyası gündəlikdən çıxsın və Kreml daha bu məsələlərdə ehtiyatlanmasın. Onun fikrincə, Moskva buna bənzər münasibəti vaxtı ilə Balkanlarda da ortaya qoyub, lakin heç orada da onun xeyri olmayıb. Belə ki, son nəticədə Qərb müdaxilə etdi və məsələləri öz nəzarətinə götürdü.
Politoloq deyir ki, Rusiya indi yenə özünü kifayət qədər güclü hiss edərək, Qərblə bu bölgədə və Ukraynada qarşı qarşıya gəlmək niyyətini ortalığa qoyub. Onun firkincə, indi yenə sıra Qərbdədir. Belə ki, Amerikanın vitse-prezidenti Dik Çeyninin keçən həftə Azərbaycan, Gürcüstan və Ukraynaya səfəri ABŞ-ın bu ölkələrə dəstəyini ortaya qoyub:
"Çeyninin səfəri çox böyük səfər idi. Amerika bununla Gürcüstana tam dəstəyini ifadə etdi. Vitse-prezidentin səfər marşrutu da göstərdi ki, Qərb öz maraqrını sona kimi müdafiə edəcək. Bizim ölkələr çox vacib enerji koridoru təşkil edirlər. Qərb bunu cavabsız qoymayacaq. İndiki halda Gürcüstanın iqtisadiyyatına dəstək təşəbbüsləri olduqca vacibdir. Amerikanən Tbilisiyə ayırdığı 1 milyard dollarlıq yardım paketi yaxşı vəsaitdir. Bunula yanaşı, Amerika biznesi də gələcəkdə bura investisiya qoymaqdan çəkinməməlidir".
Gürcü politoloq deyib ki, hazırda regionda vəziyyət kifayət qədər ciddidir və bundan bütün ölkələr, o cümlədən Azərbaycan nəticə çıxarmalıdır.

XS
SM
MD
LG