Accessibility links

Con Makkeynin siyasi portreti


Birləşmiş Ştatlar prezident seçkilərində respublikaçı namizəd Con Makkeyn kampaniya dövründə müharibədə göstərdiyi qəhrəmanlıq və xarici siyasət məsələlərində təcrübəsini göstərməyə çalışmışır. Lakin ABŞ-da maliyyə böhranı onun kampaniyasına kölgə salmışdır.

Con Makkeyn 1936-cı ildə Panama kanalı zonasında anadan olmuşdur. Babası və atası Amerika admiralları olan Makkeyn hərbi karyeraya Hərbi Dəniz Akademiyasında təhsil aldıqdan sonra Vyetnam müharibəsində hərbi pilot kimi başlamışdır. 1967-ci ildə Vyetnamda təyyarəsi salındıqdan sonra Makkeyn beş il yarım müharibə əsiri olub və dəhşətli işgəncələrə məruz qalıb. Azadlığa çıxdıqdan sonra o, vətənə qəhrəman kimi qayıdır. Con Makkeyn deyir ki, müharibədəki təcrübə ona prezident olmaq üçün unikal xarakter verir.

2000-ci ildə Makkeyn Respublikaçılar Partiyasından nominasiyanı o zaman Texas ştatının qubernatoru Corc Buşa uduzmuşdu. Lakin bu dəfə Ağ Ev uğrunda mübarizədə Makkeyn çox mühüm ilkin seçkilərdə qələbə çalmış, patiyadan nominasiyanı ala bilmişdir.

Rəqibi Barak Obama ilə mübarizədə Con Makkeyn xarici siyasət və müdafiə sahələrində təcrübəsini önə çəkir. Lakin bu yaxınlarda baş vermiş maliyyə böhranı diqqətlərin iqtisadi məsələyə yönəlməsilə nəticələnmişdir.

Kampaniyanın son günləri Con Makkeyn Obamanın iqtisadi siyasətini, xüsusilə də onun gəliri yüksək olan amerikalılar üçün vergilərin yüksəldilməsi planını kəskin tənqid etmişdir. Makkeyn ümid edirdi ki, onun Alyaska ştatının qubernatoru Sara Peylini vitse-prezidentliyə namizəd seçməsi onun kampaniyasına təkan verəcək.

Bu seçim Respublikaçılar partiyasında mühafizəkarlar arasında populyar oldu.

Lakin Peylinin televiziyada bir neçə müsahibə zamanı büdrəməsindən sonra təhlilçilər onun seçilməsinin respublikaçı namizədin kampaniyasına mənfi təsir göstərə biləcəyini bildirmişdilər.

Makkeyn kampaniya zamanı özünü prezident Buşdan uzaq tutmağa çalışırdı, lakin Obama kampaniyanın bütün dayancaqlarında Makkeyni Buş administrasiyasının iqtisadi siyasətilə bağlayırdı. Con Makkeyn həm də onun 72 yaşında prezidentlik üçün çox yaşlı olduğunu deyən tənqidçilərlə də qarşılaşmalı olmuşdu.

Con Makkeynin olduqca böyük çətinliklərə davam gətirməsi onun siyasi karyerasının əsas cəhətidir.

XS
SM
MD
LG