Accessibility links

Metyu Brayza:  “Hələ çox işlər görülməlidir”


ATƏT-in Minsk Qrupunun amerikalı həmsədrinin sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentləri arasında qarşılıqlı etimadın və hörmətin artırılması Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərini yaxşılaşdıran amillərdəndir.

Reuters agentliyinə müsahibə verən Metyu Brayza Cənubi Qafqazda son vəziyyət və münaqişələrin həlli istiqamətində aparılan təmasları qiymətləndirib.

Cənab Brayza bu fikirdədir ki, Azərbaycan və Ermənistan prezidentləri konstruktiv yanaşmaya meyllidirlər və onun fikrincə, “bu o deməkdir ki, İlham Əliyevlə Serj Sərkisyan razılığa gəlmək üçün qarşı tərəfin maraqlarını nəzərə almağın vacibliyini anlayırlar”.

Hərçənd, Metyu Brayza onu da qeyd edir ki, tərəflər arasında fundamental fərqlər qalır və onları uzlaşdırmaq üçün hələ çox işlər görülməlidir.

Amerikalı həmsədr bildirib ki, o, deyə bilməz ki, münaqişənin həlli ilə bağlı tərəflər nə vaxt razılığa gələ bilərlər. Amma həmsədrlər istərdi ki, tərəflər baza prinsipləri üzərində işi başa çatdırsınlar və bu zaman ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və gücdən istifadə etməmək kimi məqamlar nəzərə alınsın.

Cənab Brayza deyib ki, bu həftə Helsinkidə Qarabagla bağlı keçirilən görüşlər Əliyevlə Sərkisyanın Moskvadakı uğurlu görüşündən sonra növbəti addım idi. Tərəflər arasında fikir ayrılıqları olsa da, danışıqlar davam edir və prezidentlər səviyyəsində növbəti görüşün keçirilməsi mümkündür:

“Hesab edirəm ki, prezidentlər də aralarında etimadın yaranmağa başladığını hiss edirlər. Lakin biz hələ Yerevan, Bakı və Dağlıq Qarabağda olarkən münaqişə tərəflərindən qəti mesajlar almışıq. Onlar bildirdilər ki, müzakirələr üçün yeni imkanlar yaranıb. Bu da bizə əsas prinsiplər barədə razılığa gəlmək üçün önəmli irəliləyişlər əldə etməyə imkan verir».

Brayza habelə tərəfləri ATƏT sammitinin bəyannamələrinə ciddi nəzər yetirməyə çağırıb. Helsinkidə Rusiya, ABŞ və Fransanın xarici işlər nazirləri birgə bəyanat verərək, tərəfləri iki ölkə liderlərinini Moskva bəyannaməsinin yaratdığı əlverişli məqamdan istifadə etməyə çağırıblar.

Brayza deyib ki, həm bu bəyannamə, həm də nazirlərin görüşləri baza prinsiplərinin yaxşılaşdırılmasına əhəmiyyətli töhfə olub.

Amerikalı həmsədrin sözlərinə görə, tərəflərin müzakirəsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə baza prinsiplərinə hər hansı bir düzəliş və ya prinsipial dəyişikliklər etməyib.

«Biz hər iki tərəfin ağıllı yanaşmaya nail olması üçün işi davam etdirmək qərarına gəldik», - deyə Brayza əlavə edib.

Müsahibədə daha sonra Rusiyanın Avropada yeni təhlükəsizlik səylərinə toxunan Brayza deyib ki, Moskva NATO-nu zəiflətməyə çalışır. O deyib ki, Helsinkidə ATƏT sammitində açıq aydın görünürdü ki, Rusiya NATO-ya alternativ qurum yaradılmasına cəhd edir. Halbuki, NATO çox səmərəli fəaliyyət göstərir və Moskva bundan narahat olur.

Brayza onu da vurğulayıb ki, Rusiya ilk növbədə Qafqazda pozduğu sabitliyi bərpa etməlidir.

Onun sözlərinə görə, indi hamı bu fikirlə razılaşır ki, Gürcüstanda avqustda baş verən faciəvi hadisələr müharibə və qeyri-müəyyənliyin bir anda bütün regionu necə təhlükə altına qoya biləcəyini göstərib.

XS
SM
MD
LG