Accessibility links

İranda daha 5 azərbaycanlı fəal həbs edilib


“Əmir Kəbir” xəbər səhifəsinin məlumatına görə, İran məhkəmələri azərbaycanlı fəallar haqda həbs qərarları çıxarmağı davam etdirirlər. Azərbaycanın Xoy şəhərinin İslam İnqılabı Məhkəməsi 5 xoylu fəal haqqında 1 il şərti azadlıqdan məhrum etmə cəzası çıxarıb.

Haqqında məhkəmə qərarı çıxarılan fəalların “Evrin” Birliyinin Mərkəzi Şura üzvü Salman İraqi, Urmiya Universitetinin Maşın Mühəndisliyi fakultəsinin tələbəsi Salar İraqi, Urmiya Universitetinin Mekanika Mühəndisliyi sahəsində təhsil alan Ələkbər Abdullahi və Höccət İraqi ilə yanaşı Biznes İdarəçiliyi üzrə Qəzvin Universitetin Magistratura tələbəsi Peyam Elm Qulilunun olduğu bildirilir.

Xoy şəhərinin İslam İnqılabı Məhkəməsinin 1-ci şöbəsində keçirilən məhkəməyə hakim Novruzinin başçılıq etdiyi qeyd edilir.
“Pantürkist” elanlar və vərəqələr yaymaqla kütləvi etirazlara çağırışlarda ittiham olunan azərbaycanlı fəallar İranın Cinayət Məcəlləsinin “Dövlətçiliyə qarşı təbliğat” maddəsi üzrə təqsirli biliniblər.

Haqqında həbs qərarı çıxarılanların çoxu “Evrin” İctimai Birliyinin üzvləridir. Bundan əvvəl həmin birliyin daha 2 üzvü - Şirzad Hacılı barəsində 3 ay həbs və İbrahım Cəfərzadənın haqqında 1 il həbs və 2 il İranın ucqar bölgələrindən olan “Borazcan” şəhərinə sürgün qərarları çıxarılıb.

Yerli mənbələrin bildirdiyinə görə, adı çəkilən fəallar “May Üsyanları”nın növbəti ildönümü zamanı həbs olunaraq, Ettelaat təcridxanalarında ağır təzyiqlərə məruz qaldıqdan sonra zaminə buraxılmşdılar.

2006-cı ilin mayında İran Azərbaycanı və İranın azərbaycanlılar yaşayan başqa bir neçə şəhərini bürüyən etiraz aksiyaları “May Üsyanları” kimi yadda qalıb. “İran” dövlət qəzetinin azərbaycanlıları təhqir edən məqalə və karikaturası yerli azərbaycanlıların kütləvi etirazlarına səbəb olmuşdu.

Müxtəlif mənbələrin bildirdiyinə görə, etirazların yatırılması zamanı Təbriz, Urmiya və Sulduz-Nəqədə şəhərlərində onlarla vətəndaş həlak olmuş, yüzlərlə insan yaralanmış, 10 mindən artıq vətəndaş həbs olunmuşdu.
XS
SM
MD
LG