Accessibility links

Barak Obama: `Hökumət təcili olaraq iqtisadiyyata yardım göstərməlidir`


Prezident Barak Obama bildirib ki, ABŞ iqtisadiyyatı böyük depressiya dövründən sonra ən çətin bir durumdadır və vəziyyət hökumətin müdaxiləsi olmadan daha da pisləşə bilər. Ağ Evdə mətbuat konfransında danışan cənab Obama ABŞ Konqresini 800 milyard dollarlıq iqtisadi yardım paketini tez zamanda qəbul etməyə çağırıb. Prezident deyib ki, fəaliyyət göstərilməsə 3,6 milyon iş yerlərinin itirilməsi və başqa iqtisadi problemlərlə qarşılaşmış amerikalıların vəziyyəti daha da ağırlaşa bilər. O deyib ki, özəl sektor zəifləyib və hazırda yalnız federal hökumət iqtisadiyyatı yenidən canlandırmaq üçün resurslara malikdir. ABŞ Senatı iqtisadi stimullaşdırma planı üzrə səsverməni bu gün keçirməlidir. Plan qəbul edilsə, imza atmaq üçün prezidentə göndərilməmişdən öncə Senat bu qanunu Nümayəndələr Palatasında qəbul edilmiş variantla uyğunlaşdırmalıdır.

Dünən keçirdiyi mətbuat konfransında cənab Obama İranla birbaşa danışıqlara getməyə hazir olduğunu bir daha təkrar etdi. "Mənim milli təhlükəsizlik komandam İrana qarşı siyasətini yeniləmək istəyir və biz bu ölkə ilə konstruktiv dialoqa gedə bilərik," deyə prezident Obama bildirib.

Iran prezidenti Mahmud Əhmədinejad isə Birləşmiş Ştatların siyasətini tamamilə dəyişəcəyi təqdirdə bu dövlətlə danışıqlara hazır olduğunu deyib. O, bunu İran İslam İnqilabının 30-cu ildönümü münasibətilə etdiyi çıxışı zamanı deyib. İran prezidenti sabiq ABŞ prezidenti Corc Buşdan narazılığını bildirərək, Birləşmiş Ştatlarla "qarşılıqlı hörmət atmosferində" dialoqun mümkün olduğunu dedi. Cənab Əhmədinejad deyib ki, Birləşmiş Ştatlar administrasiyası dəyişikliklər etmək istəyir və dialoqa hazır olduğunu bildirir. "Bizim üçün bu əsl mənada faktiki deyil, fundamental dəyişiklik olmalıdır," deyə o, bildirib.




XS
SM
MD
LG