Accessibility links

Jurnalistləri Müdafiə Komitəsi: Azərbaycanda mətbuata basqılar artıb


Jurnalistləri Müdafiə Komitəsi dünyada mətbuat azadlığının durumuna dair hesabat açıqlayıb. Hesabatın Azərbaycana dair hissəsində rəsmi Bakı müstəqil mətbuata qarşı hücumlarına görə kəskin tənqid olunur. Hesabatda bildirilir ki, ölkənin avtoritar prezidenti İlham Əliyev seçki qanunlarına əlavə məhdudiyyətlər tətbiq etdikdən sonra 6 tanınmamış rəqibi üzərində qeyri-demokratik seçkilərdə qələbə çalmaqla yenidən prezident seçildi.

2008-ci ilin yanvarında appelyasiya məhkəməsi “Realnı Azerbaycan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə verilən cəzanı qüvvədə saxladı. Komitənin nümayəndəsi Nina Oqnianova Bakıya səfər edərək cənab Fətullayevə qarşı qaldırılan iddialarla tanış oldu. O, müəyyən etdi ki, jurnalistə qarşı irəli sürülən ittihamlar saxta və əsassızdır. Komitənin rəyinə əsasən Fətullayevin həbs olunmasına səbəb onun sabiq həmkarı, Monitor jurnalının redaktoru Elmar Hüseynovun qətlini dərindən araşdırması idi. Bundan əlavə ötən ildə Azərbaycan hökuməti “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, onun qardaşı Mirzə Sakit, "Talışi Sədo" qəzetinin redaktoru Novruzəli Məmmədiov və “İdeal” qəzetinin iki redaktorunu həbsə məhkum edib. Beş jurnalisti dəmir barmaqlılqar arxasında saxlayan Azərbaycan Avropa və Mərkəzi Asiyada Özbəkistandan sonra ən çox jurnalist həbs edən ikinci ölkədir.
XS
SM
MD
LG