Accessibility links

Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı qətlə yetirilib


Azərbaycan Müdafiə nazirliyinin Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Rail Rzayev bu gün qətlə yetirilib. Ona evinin bir neçə yüz metrliyində xidməti maşında odlu silahla atəş açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidməti ölümcül yaralanmış generalın hospitala çatdırıldığını və orada vəfat etdiyini bildirir.

Rail Rzayev 1992-ci ildən Hərbi Hava Qüvvələrinin komandanıdır.

General bu gün dəfn edilib. Dəfn və vida mərasiminə jurnalistlər buraxılmayıb.

Qətlin motivi ilə bağlı hələ rəsmi məlumat verilmir.

Qətlin baş verdiyi yerə yaxın ərazidə yaşayanların dediyinə görə, general səhər saatlarında xidməti maşını ilə evindən çıxıb, 600-700 metr getdikdən sonra zibil qutusunun yanında sürücü zibil atmaq məqsədi ilə avtomobili əyləyib və bu zaman general qətlə yetirilib. Deyilənlərə görə, sürücüsü avtomobildən zibil atmaq üçün düşdüyü vaxt atəş açılıb. Maraqlıdır ki, atəş səsinin lap yaxınlıqda olanlar belə eşitməyib. Qətlin baş verdiyi yerin cəmi bir neçə addımlığında yaşayan sakinin dediklərinə qulaq asaq.

Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Əfraim Məmmədov "Amerikanın səsi" radiosuna bildirib ki, faktla bağlı cinayət işi başlanıb, intensiv istintaq aparılır.

Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə "Amerikanın səsi" radiosuna sabah rəsmi açıqlama veriləcəyini deyib. Onun sözlərinə görə, hələ saxlanan yoxdur.

Bu gün Azərbaycan prezidenti İlham Əliyev hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib. Dövlət başçısı qətli qətiyyətlə pisləyib və cinayətin üstünün açılması üçün göstərişlər verib. Onun sözlərinə görə, operativ istintaq əməliyyat qrupları yaradılıb və ilkin məlumatlar var. "Mən bu qanlı cinayəti qətiyyətlə pisləyirəm və Rail Rzayevin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.
Hüquq mühafizə orqanlarından tələb edirəm ki, bu dəhşətli qətl hadisəsini törədənlər və onun sifarişçiləri cinayət məsuliyyətinə cəlb olunsunlar. Bilirəm ki, indi operativ istintaq qrupları yaradılıb, işlər gedir, ilkin məlumatlar var. Azərbaycan dövlətinin imkanları çox böyükdür və bizə qarşı - dövlətçiliyə qarşı, dinc əhaliyə qarşı edilən hər bir cinayətkar əməllərə görə, onu törədənlər cavab verməlidir və cavab verir. Bir daha demək istəyirəm ki, Azərbaycan dövləti özünü müdafiə etməyə qadirdir. Bizim xalqımız əvvəllər də, 1990-cı illərin əvvəllərində terror aktlarına məruz qalıb, günahsız insanlar qətlə yetirilib. Biz müxtəlif dövrlərdə bunun şahidi olmuşuq. Ancaq bütün o qanlı hadisələrin üstü açılıb, cinayətkarlar öz cəzasını çəkir və çəkməlidir. Müxtəlif dövrlərdə Azərbaycanda daxili siyasi vəziyyətin gərginləşdirilməsi üçün cəhdlər göstərilir. Ancaq Azərbaycan ictimaiyyəti də bunu yaxşı bilir ki, bütün hallarda hüquq mühafizə orqanları bu cinayətlərin qarşısının alınması, cinayətkar dəstələrin zərərsizləşdirilməsi və məhv edilməsi üçün bütün lazımi tədbirləri görür. Ümid edirəm ki, bu dəhşətli hadisəni törədənlər də cinayət məsuliyyətinə cəlb olunacaq"-deyə dövlət başçısı qeyd edib.

XS
SM
MD
LG