Accessibility links

ABŞ Mətbuatı: İranda səsvermə


İranda keçirilən tarixi prezident seçkilərini İslam Respublikasına ezam olunmuş Qərb mətbuatının müxbirləri yaxından izləyir və mütəmadi reportajlar göndərir. New York Times-ın müxbiri Robert Vortun hazırladığı son reportajda İranda cərəyan edən seçki atmosferi təsvir olunur. Müxbirlə məsciddə qurulmuş səsvermə məntəqəsində danışan Fatimə Müqəddəsi seçkilərdə kimə dəstək verdiyini aydın edir. “Biz istəmirik ki, ölkəmizdə qeyri hicab situasiyası yaransın, nizam-intizam pozulsun. Biz yalnız Əhmədniejadı qəbul edirik,” deyə qara çadra geymiş qadın dillənir.

Səsvermədə rekord sayda adamların iştirak etməsini nəzərə alaraq seçki rəsmiləri səsvermənin vaxtını üç saat uzadıblar. Erkən nəticlələr səsvermə məntəqələri bağlanandan 12 saat sonra aydın olmağa başlayacaq. Vətəndaşların seçkiyə yüksək sayda qatılması hazırkı prezident Mahmud Əhmədinejada qarşı baş qaldırmiş etiraz dalğasından qaynaqlanır. New York Times-ın müxbiri ilə danışan bir çox seçicilər islahat yönümlü namizəd, sabiq baş nazir Mir Hüseyn Musəvini dəstəklədiklərini deyirlər.

İranın prezidenti ali dini rəhbər olan Ayətulla Əli Xameneidən az səlahiyyətə malikdir. Lakin prezidentin statusu ona daxili siyasətdə böyük nüfuz bəxş edir. Səhər saatlarında səs verən Ayətulla Xamenei qısaca bəyanatında insanların seçkilərə qatılmasından razı qaldığını bildirib. Hansısa namizədi açıq dəstəkləmədiyini deyən Xamenei bu barədə dolaşan şaiyələri yalan adlandırıb. Eyni zamanda Xameneinin təsvir etdiyi ideal namizədin xarakteristikası daha çox Mahmud Əhmədniejadı xatırladır. İranı yaxından izləyən müşahidəçilər sabiq prezident Əli Əkbər Haşemi Rəfsəncaninin Əhmədinejada qarşı apardığı kampaniyanı ümidverici element kimi görür. Belə ki, Nəzarət Şurasına rəhbərlik edən və geniş imkanlara malik olan Rəfsəncani ordunun, inqilab keçikçiləri və Bəsic milisinin Əhmədniejada verdiyi dəstəyi qismən zəiflədə bilər. New York Times qəzetinin müxbiri Musəvi tərəfdarlarının əsasən varlı, təhsilli və sosial baxımdan liberal olduğunu deyir. Şimali Tehranın varlı hissəsində səs verməyə gəlmiş qadınlar rəngli baş örtüyü, cins şalvar və günəş eynəyi geymişdilər. Onlardan biri, 24 yaşlı Ava Bab əvvəlki seçkilərdə iştirak etmədiyini deyir. Lakin onun sözlərinə görə pisləşən situasiya onun kimiləri öz səslərini ucaltmağa vadar edib.”

Teleqraf qəzetinin Tehrandakı müxbiri Kolin Friman 46.2 milyon seçici arasında 50 faizdən çoxunun 1979-cu il İslam İnqilabından sonra doğulduğunu bildirir. 45 minə yaxın səsvermə məntəqəsinin bəzilərinin gecə yarısınadək açıq qlacağı gözılənilir. Analistlər kimin qalib gəlcəyini proqnozlaşdırmaqda çətinlik çəkirlər. Belə ki, 2005-ci il seçkilərində çox az adamın tanıdığı Mahmud Əhmədniejad bir-birdən nüfuzlu ruhani Əli Əkbər Haşemi Rəfsəncanini məğlub edərək prezident seçilmişdi.

New York Times prezident seçkilərinə sadə iranlıların reaksiyasını öyrənmək üçün internet forumu yaradıb. Orada öz mesajlarını qoyan iranlıların əksəriyyəti vətənləri üçün açılan yeni imkanlardan, ümiddən və dəyişiklikdən bəhs edir. “İslahatlar vaxt aparacaq… İranda çoxlu gənclər var. Onları qüdrətləndirmək nəhayi azadlıq üçün mühüm əhəmiyyət kəsb edir,” deyə JP yazır. Havaa adlı başqası isə İranda baş verənlərin seçki yox, hökumətə qarşı böyük protest olduğunu deyir. “Bu fundamentalistlərə iri YOX mesajıdır!” Ehsan adlı birisi çoxlu sayda insanların seçkidə səs verməsindən ruhlandığını yazır. “Mən Musəviyə səs verdim, çünki inanıram ki o, İranın Qərblə münasibətlərini dəyişəcək və ölkənin iqtisadiyyatını yaxşılaşdıracaq. “İranlı seçici” təxəllüsü ilə yazan başqası isə Əhmədinejada səs verdiyini deyi. "Mən Əhmədinejada ona görə səs vermişəm ki, o, vicdanlı və səmimi adamdır." Qərbin İranı müstəmləkəyə çevirmək istədiyini deyən şərhçi İranın atom bombasına malik olmasını düzgün kurs adlandırır. Belə ki, onun sözlərinə görə, Əhmədinejad İranın Qərb səlibçilərini müsəlman torpaqlarından çıxarmaq öhdəliyini qəbul edir.

XS
SM
MD
LG