Accessibility links

Azərbaycanda dünyada ilk dəfə brusellyoz xəstəliyi müalicə olunub


Azərbaycanda baytarlıq mütəxəssisləri və alimlər brusellyoz əleyhinə yeni bioloji aktiv maddə yaradıb. Yeni bioloji aktiv maddə brusellyoz xəstəliyinə tutulmuş bütün növ heyvanların 7 gün ərzində 100 faiz sağalmasına səbəb olur. Bu barədə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib.
Onun sözlərinə görə, yeni bioloji aktiv maddənin müəllifləri Azərbaycan alimi Elxan Babayev və baytarlıq mütəxəssisləri İsmayıl Həsənov və Kliment Əsədovdur. Mütəxəssislər maddənin alınması üçün 4 il tədqiqatlar aparıb. “Brusellyoz əleyhinə yeni bioloji aktiv maddə təbii birləşmələr əsasında alınıb. Quruluşuna görə bu bioloji aktiv maddənin dünyada analoqu yoxdur”.
Cənab Həsənov bildirib ki, yeni bioloji aktiv maddəyə 2008-ci ildə patent alınıb. “Maddənin bakterisid təsirə malik olmasını öyrənmək üçün Respublika Baytarlıq Laboratoriyasının baktereologiya şöbəsində “Brusellyozun törədicisinə qarşı orqanizmdən kənarda (in vitro) həssaslığı” öyrənilib və onun bakteriosid təsirə malik olması sübut edilib. Eləcə də sınaqlar iribuynuzlu və xırdabuynuzlu heyvanlar üzərində aparılaraq, brusellyoz xəstəliyinin modeli yaradılıb. Beləliklə, bu aktiv maddənin yüksək müalicəvi effekti əldə olunub”.
O, brusellyoz xəstəliyinə yoluxmuş iribuynuzlu heyvanın tam sağalmasının 20-25 manata, xırdabuynuzlu heyvanın sağalmasının isə 12 manata başa gəldiyini deyib. “Bu bioloji aktiv maddə Azərbaycanın müxtəlif rayonlarında da xəstəliyə tutulmuş heyvanların müalicəsinə cəlb edilib və 100 faiz nəticə əldə edilib. Bioloji aktiv maddə xəstə heyvana 2 gün ərzində hər gün bir dəfə olmaqla tətbiq edildikdən sonra, 5 gün sonra həmin heyvanda tam kiliniki sağalma baş verir”, - deyə cənab Həsənov qeyd edib.
Brusellyoz xroniki gedişli xəstəlikdir. Bu xəstəliyə iri və xırdabuynuzlu ev və çöl heyvanları yoluxur. Heyvanlardan insanlar da yoluxa bilir. Xəstəlik insanların əlilliyinə səbəb olur. İnsanlara xəstəlik əsasən heyvandarlıq məhsullarından çiy halda istifadə etdikdə keçir.
Xəstəliyə yoluxmuş heyvanlar isə məhv edilərək yandırılır. Xəstəlik hazırda Asiya və Afrikada daha xarakterikdir. Avropada da xəstəliyə rast gəlinir.

XS
SM
MD
LG