Accessibility links

Avropa Şurasının Azərbaycanda həbsxanalarda işgəncə  hesabatı


Avropa Şurasının İşgəncələrin və Qeyri-Insani və ya Ləyaqəti Alçaldan Rəftarın və ya Cəzanın Qarşısının Alınması üzrə Komitəsi (İQK) 2008-ci ilin dekabr ayında Azərbaycana etdiyi xüsusi səfərin nəticələrinə dair hesabatını Azərbaycan Hökumətinin cavabı ilə birlikdə dərc edib.
Sənəddə deyilir ki, Qobustan həbsxanasındakı vəziyyət təhlil edilib. “Ömürlük həbs cəzasına məhkum edilmiş məhkumlardan bir neçəsi nümayəndə heyətinə həbsxana əməkdaşları tərəfindən məhkumlara qarşı qəsdən tətbiq edilən qeyri-insani davranış və həddən-ziyadə güc haqqında əsaslı məlumat təqdim edib. Azərbaycan hakimiyyəti cavab olaraq bildirib ki, Qobustan həbsxanasının əməkdaşları fiziki güc və xüsusi vasitələrdən yalnız qanunla müəyyən edilmiş istisna hallarda istifadə etməyə dair təlimatlandırılıb”.
Bununla yanaşı, həbsxananın ömürlük cəza almış məhkumların saxlandığı hissəsində nümayəndə heyəti saxlanma şəraitinin bir qədər yaxşılaşdığının şahidi olub.
“Lakin, ömürlük cəza almış məhbuslar günün 23 saatını kamerada bağlı vəziyyətdə saxlanır və onlar üçün hər hansı bir məşğuliyyət təşkil olunmur”.
Komitə Azərbaycan hakimiyyətini ömürlük cəza almış məhkumlar üçün kameradan kənarda məşğul ola biləcəkləri hərtərəfli rejim tərtib və tətbiq etməyə çağırır. Bundan əlavə, Komitə yenidən qeyd edir ki, ömürlük cəza almış məhbusların digər məhbuslardan ayrı saxlanmasına heç bir tutarlı səbəb görmür.
Hökumət isə cavabında bildirir ki, Qobustan həbsxanasında məhkumların işləməsi üçün emalatxana və idmanla məşğul ola bilməsi üçün idman qurğularının yerləşdirilməsini planlayır; bundan əlavə məhbusların təhsil alması üçün şərait yaradılacaq.
2008-ci il səfəri zamanı İQK-nın nümayəndə heyəti həmçinin Bakıdakı Mərkəzi Penitensiar Xəstəxanaya baş çəkib. O, müəyyən edib ki, tibb bacılarının sayı yetərincə deyil və gündüz saat 4-dən sonra palatalarda tibb işçiləri olmur. Bundan başqa, nümayəndə heyətində belə təəssürat yaranmışdır ki, xəstəxananın daxili xəstəliklər, narkologiya və psixiatriya palatalarında aparılan müalicə arzu olunan səviyyədən çox aşağıdır. İQK xəstəxananın tibb xidmətlərinin hərtərəfli qiymətləndirilməsini həyata keçirməyi tövsiyə edib. Hakimiyyət orqanlarının cavabında xəstəxananın tibb işçiləri üçün müxtəlif təlim kurslarının keçildiyi və məhbusların müalicəsinə Səhiyyə Nazirliyindən olan ekspertlərin cəlb olunduğu qeyd edilir.
Maştağadakı 1 saylı Respublika Psixiatriya Xəstəxanasında İQK-nın nümayəndə heyəti pasiyentlərin bəzi hallarda onlarla qəddar rəftar edildiyi barədə məlumatlarını dinləyib, belə rəftara əsasən xəstəxananın qeyri-tibb işçiləri, bəzi hallarda isə tibb bacıları yol verir. “Artıq təmir olunmuş palatalarda yaşayış şəraiti qəbul olunandır, amma təmir olunmayan palatalarda şərait çox pisdir. Ən pis vəziyyət 12 saylı palatada müşahidə edildi, palatanın iki təcrid otağında vəziyyət xüsusilə pis idi. Hakimiyyət orqanlarının cavabına görə, 12 saylı palatanın təmirinə başlanılıb və təcrid otaqları ləğv olunub”.
Şəkidəki Regional Psixonevroloji Dispanserə gəlincə, nümayəndə heyəti bir sıra müsbət dəyişiklikləri müşahidə edib. Məsələn, deyək ki, ümumi yataq otaqlarında adamların sayı həddən artıq idi, otaqlar köhnə və baxımsız olaraq qalırdı. Cavabda dispanserinin Şəki regionunda tikiləcək yeni binaya köçürülməsi barədə qərar qeyd edilib.

XS
SM
MD
LG