Accessibility links

Rza Diqqəti:"Əfqanlar özləri ölkədə sülh olmasını çox istəyir"


Reza Afghanistan

Reza Afghanistan

Məşhur foto-müxbir Rza Diqqəti Əfqanıstanda qadınların təhsili və mətbuatın inkişafı məqsədilə 2001-ci ildə “Ayna” layihəsini yaradıb. O, son illər ölkədə inkişafların olduğunu qeyd edir, lakin deyir ki, Qərb ölkənin spesipik mədəni cəhətlərini mütləq nəzərə almalıdır.

Dilşad Əliyarlı: Rza bəy, siz 30 ildən artıqdır Əfqanıstana səfər edirsiniz. Son inkişafları necə qiymətləndirirsiniz, ümumiyyətlə Əfqanıstan cəmiyyətində inkişaf dinamikası necədir.

Reza Diqqəti: Əfqanıstanda müharibələr oldu, buna baxmayaraq, müəyyən inkişaflar var. Lakin insanların hamısı bundan bəhrələnə bilmir. Problemlərin həlli bütün insanların köməyi ilə və infrasrukturun bərpası ilə mümkündür. Bir problem də ondan ibarətdir ki, hökumətdə korrupsiya azalmalıdır. Bu hökumətlə vəyalnız əsgərlərlə Əfqanıstanda bir inkişafa nail olmaq çətin olacaq.

DA: Rza bəy siz avqust ayında Əfqanıstanda prezident seçkiləri zamanı seçkiləri müşahidə etmisiniz. Amerikanın yeni strategiyasında maliyyə yardımının birbaşa mərkəzi hökumət deyil, yerlərdə hökumətlərə verilməsi nəzərdə tutulur. Sizcə, bunun xeyri olacaqmı və ümumiyyətlə korrupsiya səviyyəsi haqda nə deyə bilərsiniz.

RD: Korrupsiyanın bir səbəbi ondan ibarətdir ki, çox şey mərkəzin əlində oldu. Nə gəlirdisə, mərkəzdə prezident aparatı və dövrədə olan adamların əlinə keçdi. Hamı da bildi ki, bu yardmın 50-70 faizi heç adamlara çatmadı. Amma yerli hökumətlərə, rayonlara kömək olsa, əsl məsələ elə oradadır. Əfqanıstanın rayonlarında elə adamlar var ki, onların yeməyə çörəyi yoxdur. Amma pullar, yardımlar Kabildə alıb və o biri yerlərə gəlib çatmayıb. Ona görə də rayonlara birbaşa yardım olsa, bunun Əfqanıstana olduqca mühüm köməyi olacaq.

DA: Rza bəy, sizcə beynəlxalq ictimaiyyət qarşısında duran əsas problem nədən ibarətdir. Əfqan cəmiyyəti ilə işləmək, yoxsa əsas diqqət Talibana qarşı mübarizəyə yönəlməlidir. Ümumiyyətlə, ən ciddi sınaqlar nədən ibarətdir.

RZ: Fikrimcə, Əfqanıstanın əsas problemi budur ki, əsgərlə məsələ həll olmayacaq və heç vaxt da olmayıb. Əsas məsələ ondan ibarətdir ki, ölkənin bərpası işində bütün xalq iştirak etsin. Hətta rayonlardan başlamaq olardı. Əfqanıstanda quruculuq işləri üçün indi də imkan var. Lakin Taliban bu hökumətlə işləmək istəmir və Talibanla müzakirə aparmaq çətin olacaq. Talibanın liderləri xarici qüvvələrin, NATO qüvvələrinin Əfqanıstandan getməsini və özlərinin hakimiyyəti əllərinə almasını istəyir. Ona görə də onlarla müzakirə aparmaq çətin olacaq. Amma indi Əfqanıstanda elə adamlar var ki, onları hökumətə gətirmək çox kömək edə bilərdi. Məsələn, bir zaman müharibədə iştirak edən, ruslara qarşı müharibədə, ya da Talibana qarşı əməliyyatlarda iştirak edən bütün o adamlar indi işdən kənarlaşdırıblar. Onları işə gətirmək lazımdır. Məsudun bir zamanlar yardımçıları var idi ki, onlar Əfqanıstanda küçə döyüşlərində iştirak ediblər, Talibanı yaxşı tanıyırlar. Onlara kömək edib, onların vasitəsilə Əfqanıstanda vəziyyətin yaxşılaşmasına çalışmaq lazımdır.

DA: Rza bəy, bu insanların özündə, əfqan cəmiyyəti, ictimiayyətinin özündə qərblə işləmək, ölkədə infrastrukturu dəyişmək istəyi varmı. Siz bunu müşahidə etmisinizmi.

RZ: Yüz faiz. Onlarda bu istək var, lakin bizim düşündüyümüz şəkildə yox. Problem orasındadır ki, qərblilər gəlib öz sistemlərini buraya gətirib deyirlər ki, sizin yaşayışınız belə olmalıdır. Bu da təbiidir ki, Əfqanıstan qədim yerdir, burada ənənə çox güclü olaraq qalır. Buna görə də bir qərbli gəlib “siz gərək bunu belə edəsəniz” deyə bilməz. Əfqanlar indiyə kimi, artıq iki min ildir xaricdən gələnlərə onlara “gərək belə yaşayasınız, diliniz belə olmalıdır və kitabınız da belə yazılmalıdır” deməsinə icazə verməyib. Ona görə də problem əslində ondadır ki, Əfqanıstanda indi bir mədəni şok var. Qərblilər başa düşmürlər ki, bu millətlə bu səviyyədə inkişafa nail olmaq mümkün deyil. Əfqanlar özləri təbii istəyirlər ki, ölkədə vəziyyət düzəlsin, istəyirlər ki, sülh olsun. Hansı insan, hansı millət istəyər ki, 30 il müharibədə olsun, hansı ölkə, hansı insan istəyər ki, başının üstündə təyyarələr uçsun, başlarına bomba düşsün. Əslində, əfqanların hamısı sülh istəyir. İmkan verilməlidir. Bu imkan da ondan ibarətdir ki, onlar iş istəyirlər. Əfqanlara infrstrukturu düzəltmək üçün iş verilməlidir.

DA: Rza bəy, Əfqanıstanda son zamanlar müşahidə olunan problemlərdən biri də qadınların təhsili idi. Xüsusilə də Talibanın hkimiyyəti dövründə qızların və qadınların təhsil alması qadağan edilmişdi. Siz 2001-ci ildə Taliban hakimiyyəti devrildikdən sonra orada bir neçə təhsil layihəsi başlamısınız və mətbuat azadlığı istiqamətində fəaliyyət göstərmisiniz. Bu layihələr necə gedir və qadınların təhsili sahəsində vəziyyət necədir.

RZ: Bilirsiniz ki, mən orada “Ayna” fondunu təsis etmişəm. İndi baxanda, düzün sözü, əfqanlara belə görünür ki, ən çox yardım edən də elə bu olub. Çünki çox şirkətlər var idi ki, deyirdilər, gəlin bir məktəb açaq. Mən onda deyirdim ki, sabah Taliban gəlib deyəcək ki, “bunu qərbliilər tikib” və məktəbi yandıracaqlar. Amma qızlar ki, evdədir, gəlin bu təlim-tərbiyəni elə evlərə aparaq. Ona görə o fond vasitəsilə radio yaratdıq. Adı “Əfqan qadının səsi”dir. O zaman təlim-tərbiyəyə dair bütün proqramlar evlərə getməyə başladı. Talibançılar məktəbləri yandırdılar, müəllimlərin başlarını kəsdilər, qızların üzlərinə turşu atdılar ki, “niyə siz məktəbə gedirsiniz”. Qızlar da evdə qaldılar. Onda biz radio açdıq və bir də uşaqlar üçün “Pərvaz”, yəni uçaq adında bir kitab nəşr etdik. Bunlar indi evlərə gedir, hətta Talibanın nəzarət etdiyi yerlərdə də radio səslənir. Ona görə deyirəm ki, hər ölkə, hər mədəniyyətə mənsub insanlara lazım olanları bilmək lazımdır və onlara da məhz bu yolla kömək etmək olar. Yoxsa, qərblilər kimi, öz fikirlərilə buraya gəlib “gəlin məktəb tikək” deyəndə, biz də dedik ki, burada məktəb tikməyin xeyri olmayacaq, gəlin uşaqlara kitab çap edək, qadınlara imkan verək ki, bunlar evdə otursalar da, onlar üçün radioda bir proqram düzəldək. Bizim fondumuz hətta evlərində radio olmayanlar üçün beş min kiçik radio da alıb payladı.





  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG