Accessibility links

Tomas Hammerberq: Azərbaycanda jurnalistlərin təzyiqlərə məruz qalmaması üçün tədbir görülməlidir


Tomas Hammerberq: Azərbaycanda jurnalistlərin təzyiqlərə məruz qalmaması üçün tədbir görülməlidir

Tomas Hammerberq: Azərbaycanda jurnalistlərin təzyiqlərə məruz qalmaması üçün tədbir görülməlidir

<!-- IMAGE -->

Avropa Şurasının insan haqları üzrə Komissarı Tomas Hammerberq martın 1-5-də Azərbaycanda səfərdə olub.
Komissar Azərbaycan prezidenti, dövlət rəsmiləri, hüquq müdafiə təşkilatları, media təmsilçiləri ilə görüşüb. Həbsdə olan jurnalistlərə baş çəkib, Naxçıvanda olub və fevralda insident qeydə alınmış Bənənyar kəndinə gedib. O insan hüquq və azadlıqları, bu sahədə hökumətin öhdəliklərinin yerinə yetirilmə vəziyyəti, media azadlığı, hüquq-mühafizə sisteminin fəaliyyəti ilə bağlı müzakirələr aparıb.
“Səfərim jurnalist Elmar Hüseynovun xatirəsinə həsr olunmuş ongünlüyə təsadüf edib. Onun qətlindən 5 il keçməsinə baxmayaraq, cinayətin üstü hələ də açılmayıb.
Avropa Şurası peşə fəaliyyətinə görə qətlə yetirilmiş Elmar Hüseynovun qətlinin araşdırılmasına böyük əhəmiyyət verir. ”, deyə cənab Hammerberq bu gün keçirdiyi mətbuat konfransında qeyd edib.
“Diffamasiya haqqında” qanun layihəsinin parlamentə çıxarılmasını müsbət qiymətləndirən komissar bildirib ki, növbəti addımlar atmaq lazımdır. “Jurnalistlər başqa maddələrlə, xuliqanlığa və s. görə də cinayət təqibinə məruz qalmamalıdırlar. Tədbirlər görülməlidir ki, jurnalistlər təzyiqlərə məruz qalmasın, həbsə atılmasın ”, deyə Hammerberq bildirib.
O həbsxanada Eynulla Fətullayev və Qənimət Zahidə, həmçinin blogerlər Emin Milli və Adnan Hacızadəyə baş çəkdiyini də diqqətə çatdırıb. Cənab Hammerberq Azərbaycan rəsmiləri ilə görüşlərində bu şəxslərin azad edilməsi məsələsini qaldırdığını da bildirib. “Bu barədə nazirlərlə danışdım. Mən bildirdim ki, jurnalistlərin həbsi bizi narahat edir. Onlar isə cavab verdilər ki, bu işlər üzrə istintaq, məhkəmə prosesləri gedir və onlar bu prosedura müdaxilə edə bilməzlər. Mən blogerlərin və Eynulla Fətullayevlə bağlı işləri izləməkdə davam edəcəm. Bu işlərdə insan haqlarına əməl olunmalıdır.”
Cənab Hammerberq həmçinin qanunvericiliyə şəxsin icazəsi olmadan foto və video çəkilişinin aparılmasını qadağan edən düzəlişlərlə bağlı narahatlığını bildirib.
”Jurnalist fəaliyyətinin məhdudlaşdırılması üçün istifadə oluna biləcək bu normanın aradan qaldırılmasının tərəfdaram” -, deyə komissar qeyd edib.
O istintaq altında olan şəxslərin məhkəməyə qədər həbsi faktlarını da ciddi problem adlandırıb. “Həbslərə yalnız zəruri hallarda yol verilməlidir. Ədliyyə naziri həmçinin QHT-lərin qeydiyyatının uzadılması problemini həll etməyə də söz verib”.
Avropa Şurasının insan hüquqları üzrə komissarının Azərbaycana səfərinin yekunlarına dair məruzəsi bu il mayında hazır olacaq.
Komissar bildirib ki, Naxçıvanın Bənənyar kəndində bu yaxınlarda aparılmış həbslərlə əlaqədar bu yaşayış məntəqəsinə baş çəkib. Lakin o, gördükləri və müzakirələri ilə bağlı şərh verməkdən imtina edib.
Ümumilikdə o, Azərbaycanda insan hüquqları sahəsində vəziyyətə qiymət verməyib. “Avropa Şurasının bütün ölkələrində problemlər var. Əsas odur ki, hakimiyyət problemləri etiraf etsin. Əməkdaşlıq edərək, biz bu problemləri aradan qaldıra bilərik”, deyə o bildirib.
Siyasi məhbuslar probleminə toxunan cənab Hammerberq deyib ki, bu termindən istifadə etməməyə çalışır, çünki Avropa hüququnda bu terminin tərifi yoxdur.
Hammerberq bu məsələyə Avropa İnsan Hüquqları Konvensiyasının maddələrinin, xüsusən ədalətli məhkəmə təhqiqatı hüququnun pozulması nöqteyi-nəzərdən baxmağın tərəfdarıdır.
Mətbuat konfransı zamanı zalda olan vətəndaş Hikmət İsmayılov Bakının mərkəzində Füzuli və Bədəlbəyli küçələrində özbaşınalıq edilərək, kütləvi şəkildə evlərin sökdüyünü bildirib.
Cənab Hammerberq, öz növbəsində, vətəndaşların əmlak hüquqlarına riayət olunması və onlara müvafiq kompensasiyalar ödənilməsi zərurətini qeyd edib

XS
SM
MD
LG