Accessibility links

ATƏT Azərbaycanda icra strukturlarının seçkiyə müdaxilə etməməsi üçün sessiyalar keçirir


ATƏT-in Bakı ofisi, Prezidentin İcra Aparatı və Mərkəzi Seçki Komissiyası seçki prosesinə müdaxilənin qarşısının alınmasına dair məlumat sessiyalarına başlayıb. Bu gün təşkil edilən birinci sessiyada Bakı şəhərinin icra hakimiyyəti başçıları, dairə seçki komissiyaları sədrləri, Prezidentin İcra Aparatının məsul şəxsləri, MSK sədri, ATƏT-in nümayəndələri iştirak edib.

ATƏT-in Bakı ofisinin rəhbər əvəzi Aleksis Şahtaxtinski bildirib ki, ATƏT Azərbaycanın tam iradə və könüllülük əsasında demokratik seçki keçirməklə bağlı götürdüyü öhdəliklərini yerinə yetirməsinə çalışır. "ATƏT istəyir ki, seçkilər səmimi, azad və saxtakarlıqdan uzaq qaydada keçirilsin. Beynəlxalq müşahidəçilər parlament və prezident seçkilərini yaxından izləyib. Proqres və proses çox zəif gedir. Doğrudur Sovet dövründən demokratik seçki keçirmək təcrübəsi olmayıb. Hesabatda göstərilir ki, ötən seçkilərdə icra hakimiyyətləri seçki prosesinə birbaşa müdaxilə edib. Amma icra strukturları seçkilərə müdaxilə etməməlidir. Doğrudur qanunlarda və prezidentin fərmanlarında icra strukturlarının seçkiyə müdaxiləsinə qadağalar var. Ancaq real praktikada bunun təkmilləşdirilməsinə ehtiyac var."

Cənab Aleksis eyni zamanda əvvəlki seçkilərə nisbətən son prezident seçkisində icra strukturlarının seçkiyə müdaxiləsinin azaldığını bildirib. "Bu yaxşı haldır. Ancaq ATƏT seçkilərin daha yaxşı keçirilməsini istəyir. Müdaxilələr seçki prosesində risk yaradır. Seçkiyə müdaxilə və qanunvericiliyin pozulması ATƏT üzvü olan dövlətin öhdəliyinə uyğun deyil."

MSK sədri Məzahir Pənahov icra strukturlarının seçki prosesində səmimi olmasını lazım bilir. Onun dediyinə görə, seçkidə hər hansı pozuntunun olmaması da mümkün deyil. "Eyni zamanda, icra strukturlarının seçki prosesinə müdaxiləsinin qarşısının alınması istiqamətində Azərbaycan uğurlu nailiyyətlər əldə edib. Bu proses əvvəlki illərə nisbətən çox zəifləyib."

MSK sədrinin dediyinə görə, icra strukturları seçkilərin keçirilməsi və seçici siyahılarının tərtibi ilə bağlı mühüm işlər həyata keçirib. "İcra strukturları səsvermənin yüksək səviyyədə keçirilməsi üçün bütün imkanları yaradır. Bununla belə, seçki institutlarını seçki prosesində baş verən qanun pozuntuları gizlətməməlidir. "

Prezident İcra Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, icra hakimiyyətinin seçki prosesinə qarışması qəti qadağandır. "İcra hakimiyyətləri seçki institutları, seçkidə iştirak edən tərəflər və seçicilərin səsverməsi üçün bərabər şərait yaratmalıdır".

Müxalifət isə deyilənləri reallıqdan uzaq sayır. Onların fikrincə, icra hakimiyyəti seçkini real olaraq idarə edir. Müsavat partiyasının başqanı İsa Qəmbərin bildirib ki, icra strukturlarının seçkilərə müdaxilə etməməsi seminarlarla deyil, iqtidarın tapşırığı ilə həll oluna bilər.


XS
SM
MD
LG