Accessibility links

Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi qeyd edilir


Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi ilə bağlı tədbirlər davam edir. Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib. Bu gün həm də iqtidar və müxalifət partiyaları yubiley münasibəti ilə konfranslar keçirib. Hakim "Yeni Azərbaycan" partiyasının sədr müavini Əli Əhmədov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkənin 20-ci əsr tarixinin ən mühüm hadisələrindəndir. Onun fikrincə, dövlət müstəqilliyinin elan edilməsi ilə yanaşı xalq cümhuriyyəti Azərbaycanın dövlət kimi dünyada tanınmasında da mühüm rol oynayıb. Cənab Əhmədov xalq cümhuriyyətinin ideyalarının bu gün də aktual olduğunu deyib. Bakı Dövlət universitetinin doktoru Anar Məmmədov isə Xalq Cümhuriyyətinin tarixi ilə bağlı danışıb. Alim cümhuriyyətin Azərbaycan sözünü coğrafi məfhumdan siyasi məfhuma çevirməsini ən böyük nailiyyət hesab edir. Müxalifətdə olan “Azadlıq” blokunun yubiley konfransında da cümhuriyyət tarixindən danışılıb. Müxalifət təmsilçiləri mövcud hakimiyyətin cümhuriyyət dövrünə qısqanclıqla yanaşdığını da bildirib. Çıxışlarda cümhuriyyət dövrünün dövlət xadimlərinin abidələrinin qoyulmaması, adının anılmaması, tarix dərsliklərində layiq olduqları qədər yer verilməməsindən narahatlıq ifadə edilib. AXCP sədrinin müavini Nürəddin Məmmədli hesab edir kİ. xalqın qəlbinə sevgi hissi ilə hopan insanları tarixin yaddaşından silmək mümkün deyil. Milli Birlik Hərəkatının lideri Lalə Şövkət cümhuriyyətin qurucuları Məmməd Əmin Rəsulzadənin adının universitetdən, Üzeyir Hacıbəyovun adının Musiqi Akademiyasından götürülməsini tarixə qəsd kimi qiymətləndirib. Onun fikrincə, hazırki nəsil bu adları qaytarmalı, o dövrdə bərqərar olmuş demokratiya və azadlıqları bərpa etməlidir.
XS
SM
MD
LG