Accessibility links

Dana Perina: Azərbaycanda hökumətlə mətbuat arasında asanlıqla görünən gərginlik mövcuddur


ABŞ-ın keçmiş prezidenti Corc Buşun mətbuat katibi olmuş Dana Perina Azərbaycana dörd günlük səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Azərbaycanda və Amerikada hökumət-mətbuat münasibətlərindən danışıb.
“Bura gələnədək oxuduqlarım və burada müşahidələrim göstərir ki, Azərbaycanda hökumətlə mətbuat arasında asanlıqla görünən gərginlik mövcuddur. Jurnalistlərin əldə etmək istədikləri məlumatlarla hökumətin yaydığı xəbərlər arasında bir boşluq var”. Bu sözlərlə xanım Perina Azərbaycanda hökumət-mətbuat münasibətlərini səciyyələndirib.
Onun fikrincə, gərginliyin aradan qaldırılması üçün imkanlar var. “Hökumət buna cəhd etməlidir”.
Xanım Perina “Azərbaycan prezidentinin mətbuat katibinin
son zamanlar brifinqlərin az təşkil edildiyini etiraf etdiyini deyib. “Amma mətbuat katibi medianın suallarına mümkün qədər cavab verdiyini dedi”.
Bununla yanaşı, Ağ Evin mətbuat katibi öz təcrübəsindən danışarkən bildirib ki, hər gün iki dəfə mətbuat brifinqləri keçirib. “Hökumət-media əlaqələrinin uğurlu olması üçün hər iki tərəf qulaq asmaq niyyətini nümayiş etdirməli, səhvlərini etiraf etməyi bacarmalı, tolerantlıq və qarşılıqlı hörmət olmalıdır”.
O, Azərbaycan jurnalistlərinin məlumat axtarmaq işləri barədə danışarkən deyib ki, bəzən məlumatın çətin əldə edilməsinə baxmayaraq, yenə axtarmaq lazımdır. “Mən Amerikada yaşadığımdan, bəlkə də, Azərbaycandakı vəziyyəti başa düşə bilmirəm. Bilirəm ki, Azərbaycan jurnalistləri mətbuat azadlığı naminə böyük güc tətbiq edir. Hökumət rəsmiləri ilə görüşlərimdən sonra gördüm ki, tunelin sonunda işıq görünür. Amma hər iki tərəf bunun üçün çox işlər görməlidir”.
Ağ Evin sabiq mətbuat katibi Azərbaycanda bu ilin yanvarında yerli FM tezliyində yayımı dayandırılmış “Amerikanın səsi” və “Azadlıq” radiosunun yayımının bərpa ediləcəyinə ümid edir. “Bu kimi resurslar vasitəsi ilə faydalı debatlar keçirilməsinə şərait var. Bu isə ictimaiyyət üçün faydalıdır. Mən Azərbaycanı İraq və Əfqanıstana bənzətmirəm, ancaq belə faydalı debatları bu ölkələrdə görmüşəm”.
O, prezident Buşun mətbuata yüzlərlə müsahibə verdiyini deyib. “Onun müsahibələrinin sayını hesablamaq belə çətindir. Bir dəfə, yadımdadır, 20 gün ərzində 32 müraciət olmuşdu, ancaq o, 30 müsahibə vermişdi. Mən daha 2 müsahibə verməsini də təkid edirdim. Prezident müsahibələrinin 80 faizini yerli mətbuata verirdi. Hiss edirəm, sizin də əksəriyyətiniz Azərbaycan prezidentindən müsahibə götürmək istəyir. Səfərim zamanı prezidentinizin ölkədə böyük hörmətə və bacarığa malik olduğunu gördüm. Mənə elə gəlir ki, mətbuata müsahibələr verməsi və mətbuat vasitəsi ilə çıxış etməsi onun özünün xeyrinə olardı” .
Sabiq mətbuat katibinin dediyinə görə, ABŞ prezidentini səfərləri zamanı onun təyyarəsində, bir qayda olaraq, 14 jurnalist müşaiyət edir. “Onlar rotasiya yolu ilə dəyişir”.
Xanım Perina prezident Buşun və vitse-prezident Dik Çeyninin Azərbaycana münasibətinin çox yaxşı olduğunu deyib. “Prezident Buş çox istəyirdi ki, Azərbaycana səfər etsin. Görmədikləri işlərdən biri də bu oldu. Lakin onun xahişi ilə vitse-prezident Çeyni Azərbaycana səfər etdi. Prezident Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirirdi. Həm prezident, həm də vitse-prezident Azərbaycanda demokratiyanı dəstəkləməkdə maraqlı idi. Xatırlayıram ki, prezident Buş ötən il media azadlığı günü münasibəti ilə müraciətində Azərbaycanda media azadlığının inkişafının vacibliyi ilə bağlı fikirlər səsləndirdi” - deyə o qeyd edib.

XS
SM
MD
LG