Accessibility links

“Əl-Qaidə” və “əl-Cihad”la əlaqəsi olan terrorçu qrupun məhkəməsi başlayıb


Ağır Cinayətlərə Dair İşlər üzrə məhkəmədə hakim Əflatun Qasımovun sədrliyi ilə Səudiyyə Ərəbistanı vətəndaşı, Əbu-Cəfər təxəllüslü Naif Əbdül Kərim əl-Bədəvi və daha 17 nəfərin işi üzrə hazırlıq iclası keçirilib. İstintaq materiallarına əsasən, Əbu Cəfər məşhur "əl-Qaidə" və "əl-Cihad" terrorçu təşkilatları ilə sıx əlaqədə olub. Vəkillərin müttəhimlər barəsində həbs qəti imkan tədbirinin dəyişdirilməsi və ağır ittihamların götürülməsi barədə vəsatətlərini məhkəmə təmin etməyib. Dövlət ittihamçısının məhkəmənin qapalı rejimdə keçirilməsi barədə vəsatəti isə təmin edilib. Əbu Cəfər 2001-2007-ci illərdə Gürcüstan, Çeçenistan və Dağıstan ərazisində qanunsuz fəaliyyət göstərən silahlı birləşmələrin tərkibinə daxil olub, fəal üzv kimi müəssisələrə, idarələrə və ayrı-ayrı şəxslərə qarşı basqınlarda iştirak edib. Ona qarşı Cinayət Məcəlləsinin qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə yaratmaq, qanunsuz silah və sursat saxlamaq, Azərbaycanın dövlət sərhədini qanunsuz keçmək, hakimiyyət təmsilçisinə müqavimət və qüvvə tətbiq etmək, qaçaqmalçılıq və qəsdən adamöldürməyə cəhd maddələri ilə ittiham irəli sürülüb. Dini ekstremist qrup 2007-ci il noyabrında Azərbaycan MTN apardığı əməliyyatlar nəticəsində həbs edilib. Həbs edilərkən qrup üzvləri, o cümlədən Əbu Cəfər silahlı müqavimət göstərib, yaralananlar olub. Nazirliyin məlumatına görə, qrup qanunsuz hərbi birləşmələrdə iştirak edən, radikal vəhhabilərdən və digər ekstremistlərdən təşkil edilib. Qrup üzvlərindən Kalaşnikov avtomatı, üç tapança, 12 qranat, 1 kq-dan çox trotil şaşkası, 91 detonator, 600-dən çox patron müsadirə edilərək, götürülüb. Vəkillər isə ittihammı qəbul etmir. Onların fikrincə istintaq yetərincə sübutlu aparılmayıb. Vəkil Rəsul Yusifbəyli ittihamların düzgün verilmədiyini deyib.
XS
SM
MD
LG