Accessibility links

«Realnıy Azerbaydjan» qəzetinin baş redaktoru həbs oluna bilər


Bakının Yasamal rayon məhkəməsində «Realnıy Azəerbaydjan» qəzetinin baş redaktoru Eynulla Fətullayevə qarşı bir qrup Xocalı şəhərindən olan məcburi köçkün adından çıxış edən Tatyana Çaladzenenin iddiası üzrə Cinayət Məcəlləsinin böhtan, ağır və xüsusilə ağır cinayətlərdə ittiham etmə maddəsi ilə cinayət işinin başlanması üzrə hazırlıq iclası gərgin şəraitdə keçib. Məhkəmə zalında Xocalıdan olan məcburi köçkünlər Eynulla Fətullayevi, onun vəkili İsxan Aşurovu və hətta jurnalistləri təhqirlərə məruz qoyub.Vəkilin etirazlarına baxmayaraq, məhkəmə heyəti zalda sakitliyi təmin etməyib.Eynulla Fətullayev isə Xocalılar qarşısında onları təhqir etmədiyini bildirib. Lakin jurnalistin andına belə məhəl qoyan olmayıb. Maraqlıdır ki, məhkəmə zalındakı insanlar Eynulla Fətullayevin hansı məqaləsindən söhbət getdiyini belə bilmir.

Jurnalist isə hökumətin mövqeyini tənqid etdiyinə görə məhkəmənin qurulduğunu deyib. Onun fikrincə, ittiham siyasi sifarişdir. Jurnalist bunları Xocalı sakinləri ilə söhbətində də açıq bəyan edib. İddiaçı tərəf isə məhkəməyə dəlil qismində 2005-ci ildə Xocalı hadisələri müzakirə olunan Day.az və ATC.az saytlarında internet-forumların materiallarını təqdim edib. İddiada deyilir ki, forumda guya Eynulla Fətullayev Xocalı soyqırımı cinayətlərində azərbaycanlıların da əli olması barədə ifadələr işlədib. Məhkəmə isə heç bir araşdırma aparmadan, materiallarla tanış olmadan belə iddianı qəbul edib və məhkəmə prosesini aprelin 16-na təyin edib.

Vəkili İsaxan Aşurov məhkəmənin qərarına kəskin etiraz bildirib. Onun fikrincə, İnternetdə müzakirə fikirləri və rəylər ittiham üçün əsas ola bilməz. İnternet KİV deyil və forumda insanlar istədiyi ad altında çıxış edə bilir. Bundan əlavə, fikir bildirilməsinə görə təqib Avropa Konvensiyasına və Azərbaycan Konstitusiyasına ziddir.

Mətbuat Şurasının monitorinq qrupunun üzvü İbrahim Məmmədli isə məsələnin Mətbuat Şurasında müzakirəsini vacib sayır. Onun fikrincə, Mətbuat Şurasına həmin şikayət daxil olub və araşdırılması üçün Milli Təhlükəsizliuk nazirliyinə müraciət eldilib. Ancaq Mətbuat Şurasına hələ də cavab verilməyib.

XS
SM
MD
LG