Accessibility links

Azərbaycan PKK-ya qarşı mübarizədə Türkiyəyə dəstək verir


Azərbaycanın yüzdən çox vətəndaş cəmiyyəti qurumu, siyasi partiyaları və Milli Məclisin deputatları PKK-nın terrorçu təşkilat kimi tanınması ilə bağlı Milli Məclisə müraciət edib. Sənəddə bildirilir ki, Azərbaycanın da daxil olduğu geopolitik bölgədə PKK-nın yenidən fəallaşması regionda sabitliyin daha da pozulmasına və terrorizmin yayılmasına səbəb olacaq. "PKK təkcə Türkiyə üçün deyil, terroristlərin hədəf götürdüyü bütün bölgə dövlətləri, o cümlədən, Azərbaycanın milli təhlükəsizliyi üçün də ciddi təhlükədir". Vətəndaş cəmiyyətlərinin və siyasi partiyaların Sülh və Demokratiya İnstitutunun təşəbbüsü ilə Avropa otelində keçirilən forumunda iqtidarda olan "Yeni Azərbaycan" partiyasının, müxalifətdə olan "Müsavat", "Xalq Cəbhəsi" "Milli İstiqlal", "Liberal", "Vətəndaş Həmrəyliyi", "Ümid", "Ədalət", Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş və digər çoxsaylı siyasi partiyaların rəhbərləri, çoxsaylı deputatlar, vətəndaş cəmiyyətlərinin təmsilçiləri iştirak edib. "Ümid" partiyasının sədri İqbal Ağazadə bildirib ki, PKK terroru təkcə Türkiyəyə qarşı deyil, regionun əsas iqtisadi layihələri olan Bakı-Tbilsi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərlərinə qarşı da yönəlib. "Məhz bu səbəbdən də PKK təkcə Türkiyənin deyil, bütövlükdə regionun problemidir. Bu səbəbdən də region dövlətləri, Türkiyə, Azərbaycan və Gürcüstan PKK-ya qarşı birgə mübarizə aparmalıdır. İran da bu mübarizəyə qoşulmalıdır". "Müsavat" partiyasının başqanı İsa Qəmbər bildirib ki, PKK-ya qarşı mübarizə məsələsi "Müsavat" partiyasının daimi mövqeyidir. "Azərbaycan PKK terroruna qarşı mübarizədə Türkiyəyə dəstək verməlidir. Biz Milli Məclisin PKK-nı terror təşkilatı kimi tanımasını istəyirik". Demokrat partiyasının sədri Sərdar Cəlaloğlu Milli Məclisin PKK-nı Milli Məclisin terroçu təşiklat kimi tanınmasında Azərbaycan cəmiyyətinin bütövlükdə müsbət mövqeyi var. O, eyni zamanda deyib ki, Azərbaycan ərazisi PKK terrorçuları üçün sığınacaq və maliyyə yardımı üçün məkan ola bilməz. "Bu yaxınlarda Türkiyədə PKK-ya maliyyə yardımı edən təşkilatların siyahısı dərc olunub. Onların arasında Azərbaycanda işləyən 45 təşkilatın adı sadalanır". Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Qüdrət Həsənquliyev hesab edir ki, Azərbaycan Türkiyəyə həm də hərbi yardımını təklif etməlidir. "Azərbaycan həmçinin antiterror koalisiyasının Türkiyəni dəstəkləməsi üçün müraciət etməlidir ki, PKK terroruna qarşı mübarizədə hərbi yardım etsinlər. Türkiyə PKK terrorundan 11 sentyabr hadisələri zamanı həlak olanlardan dəfələrlə çox vətəndaşını itirib". YAP İcra katibinini müavini Səyavuş Novruzov bu təşkilatın idarə heyətinin və 45 deputatın iştirakı ilə keçirilən toplantıda PKK-nın terorçu təşkilat kimi tanındığını bildirib. "Azərbaycan Xarici İşlər Nazirliyi PKK-nın terrorçu təşkilat kimi tanınması ilə bağlı bəyanat yayıb. Bu, Azərbaycanın PKK-nı terrorçu təşkilat kimi tanıması deməkdir. Azərbaycan hökuməti Türkiyəyə siyasi, hərbi və mənəvi dəstək verməyə hazırdır". AXCP sədri Əli Kərimli PKK-nın terrorçu təşkilat kimi tanınması ilə bərabər, Azərbaycanın Türkiyənin hazırki hökumətinin mövqeyini dəstəkləməsini vacib sayır. Onun fikrincə, Azərbaycanda da PKK-ya qarşı mübarizə aparılmalıdır. "Kim bilmir ki, Azərbaycanda PKK iqtisadi struktur formalaşdırmayıb. Abdulla Ocalan məhkəməsində deyib ki, PKK-nın ən güclü dayaqlarından biri Azərbaycandadır. Azərbaycan hökuməti indiyədək bunu araşdırıb, tədbir görməli idi". AMİP lideri Etibar Məmmədov MM-in PKK-nı terrorçu təşkilat kimi tanıması üçün deputatların parlament qarşısında qanunvericilik təşəbbüsü ilə çıxış etməsini vacib sayır. "Milli Məclis PKK-nı terrorçu təşkilat kimi tanımalı, Türkiyəyə hərbi dəstək verilməli və Azərbaycanın müvafiq strukturları PKK-nın Azərbaycan ərazisindən istifadə etməməsi üçün müvafiq tədbirlər görməlidir".
XS
SM
MD
LG