Accessibility links

Azərbaycanın hüquq müdafiə təşkilatları Rusiya hökumətini müharibə cinayətinə görə üzr istəməyə çağırır


Azərbaycan ictimaiyyətini Gürcüstan xalqı ilə həmrəyliyə çağırırıq. Biz yalnız birlikdə azadlığımızı, müstəqilliyimizi, ölkələrimizin inkişaf yolunu sərbəst seçmək hüququnu müdafiə etmək iqtidarındayıq. Dünya ictimaiyyətini Cənubi Qafqazda münaqişələrin tez bir zamanda həlli üçün səylərini birləşdirməyə çağırırıq. Rusiya hökumətini güc nümayişi siyasətindən, ölkələrimizi müstəmləkəçilik və sovet diktaturası dövründə olduğu kimi öz iradəsinə tabe etmək cəhdlərindən imtina etməyə çağırırıq. Yalnız mehriban və səmimi münasibətlər tarixi əlaqələrimizi qoruyub möhkəmləndirə bilər. Bu bəyanatı Azərbaycanın əllidən çox tanınmış hüquq-müdafiə təşkilatının rəhbəri imzalayıb.

Hüquq müdafiəçiləri Azərbaycan hökumətini Gürcüstana hər cür humanitar, iqtisadi və diplomatik yardım göstərməyə çağırır. "Gürcüstan bizim strateji müttəfiqimizdir və Azərbaycan öz müstəsna həmrəyliyini nümayiş etdirməlidir. Azərbaycan ictimaiyyətini, siyasi, mədəni və işgüzar elita nümayəndələrini gürcü həmkarlarının yanında olmağa, Gürcüstanın tezliklə bərpa olunmasında iştirak etməyə çağırırıq. Dünya ölkələrini təcavüz davam etdiyi halda Rusiyaya qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq etməyə çağırırıq. Rusiya hökuməti öz cinayətlərinə görə cavab verməli və üzr istəməlidir" - deyə sənəddə qeyd edilir.

Yeri gəlmişkən bildirim ki, müharibə başlayandan hər hansı Azərbaycan rəsmisi Gürcüstana getməyib, ölkənin yüksək siyasi rəhbərliyi Gürcüstanı dəstəkləyən bəyanatla çıxış etməyib. Yalnız xarici işlər nazirliyinin rəsmisi Azərbaycanın Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyin bəyan edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim bu gün həmin bəyanatı bir daha "Amerikanın səsi" radiosuna təkrarlayıb.

İqtisadi ekspertlər hesab edir ki, Rusiyanın Gürcüstana müdaxiləsi Gürcüstandan sonra ən böyük iqtisadi ziyanı məhz Azərbaycana vurub və rus ordusu Gürcüstandan çıxmazsa Azərbaycan enerji resurslarının dünya bazarına daşınmasında böhranla üzləşə bilər. İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu müharibə başlayandan Azərbaycan iqtisadiyyatına yüz milyon dollarla ziyan dəydiyini deyir.

Politoloq Rasim Musabəyov Azərbaycanın yüksək rəsmilərinin Gürcüstana dəstək verməsinin vacibliyini önə çəkib. Onun fikrincə, Gürcüstanın Azərbaycandan hər cür dəstək ummağa haqqı çatır.

İqtisadi ekspert Qubad İbadoğlu isə gələn həftə Azərbaycan və Türkiyənin Gürcüstana yardımları ilə bağlı məsələlərin Bakıda müzakirə ediləcəyini bildirib. Onun fikrincə, Azərbaycan gələn həftəyədək də Gürcüstana təcili ehtiyac duyulan məmulatlar göndərməlidir.

Müxalifətdə olan siyasi partiyaları isə Azərbaycan hökumətinin mövqeyi ümumiyyətlə qane etmir. AXCP sədri hesab edir ki, Azərbaycanın dövlət başçısı digər dost ölkələrin prezidentləri ilə birgə gürcü xalqının yanında olmalıdır.

XS
SM
MD
LG