Accessibility links

Azərbaycanda korrupsiyaya qarşı mübarizə konfransı keçirilib


Azərbaycan Milli Məclisi, Korrupsiyaya qarşı Mübarizə üzrə hökumət komissiyası, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və Avropa Şurası Azərbaycanın Korrupsiyaya qarşı Mübarizə üzrə Strategiyasına dəstək məqsədi ilə “Qanunvericilik prosesində səmərəliliyin və şəffaflığın artırılması” mövzusunda konfrans keçirib.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, parlamentin məqsədi dövlət orqanlarının fəaliyyətində qanunçuluq, şəffaflıq və maarifləndirmə prinsipinin təmin olunmasından ibarətdir. Onun fikrincə. korrupsiyaya qarşı effektli mübarizə üçün hüquqi mədəniyyətin formalaşması vacibdir.

Cənab Əsgərovun sözlərinə görə, Azərbaycan korrupsiya ilə bağlı çoxsaylı beynəlxalq sənədlərə qoşulub. Ölkədə korrupsiyaya qarşı mübarizədə beynəlxalq təcrübədən yararlanmaq vacibdir.

Avropa Şurası Əməkdaşlıq Direktorluğunun rəhbəri Marqaret Killerbin dediyinə görə, korrupsiyaya qarşı mübarizə sahəsində Avropa Şurasının çoxsaylı standartları var və bunların bir çoxu üzv dövlətlər üçün məcburi xarakter daşıyır. “Bunlar qanunverici prosesdə korrupsiya hallarının aşkar və mühakimə edilməsi, siyasi maliyyələşdirilmə qaydaları, səsvermənin ictimaiyyət üçün açıq olması, dövlət qulluqçularının davranış kodeksi, cirkli pulların yuyulmasıvə terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı konvensiyalardır. ”

Xanım Killerbi qanunvericilik sahəsində korrupsiyanın yolverilməz olduğunu da diqqətə çatdırıb.

“Bunun nəticələri çox pis olur. Qanunvericilik prosesində korrupsiya dövlətin əsarətə alınması deməkdir. Qanunların keyfiyyətinin aşağı olması isə inzibati korrupsiyadan daha çox dəhşətlidir.”

Amerikanın Azərbaycandakı səfiri Enn Dersi bildirib ki, qanunvericilik demokratiyanın ürəyidir. Amerikada Konqresə xalqın evi deyirlər. Səfir deyib ki, ABŞ Azərbaycan parlamentinin korrupsiyaya qarşı mübarizə sahəsində göstərdiyi təşəbbüsə və səylərə güclü dəstək vermək niyyətini yenidən təsdiqləyir.

Bütün bunlara baxmayaraq beynəlxalq reytinqlərdə Azərbaycanda korrupsiyanın səviyyəsinin yüksək olduğu qeyd edilir. Respublika Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyev isə “Amerikanın səsi” radiosuna bu sahədə ciddi inzibati tədbirlərin həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, 2008-ci ildə korrupsiya ittihamı ilə 121 nəfər vəzifəli şəxs həbs edilib.

Qeyri hökumət təşkilatlarının antikorrupsiya şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev hesab edir ki, ölkədə korrupsiya siyasi, iqtisadi və institusional səbəblərlə bağlıdır. Onun fikrincə, korrupsiyanın aradan qaldırılması üçün illərlə mübarizə aparılmalıdır.


XS
SM
MD
LG