Accessibility links

Bakı şəhər Baş Polis İdarəsinin rəisi kriminogen durumun nəzarətdə olduğunu bildirib   


Bakıda kriminogen durum tam nəzarətdədir. Dekabrın sonlarında baş verən bir neçə hadisəni nəzərə almasaq, Bakıda kriminogen durum normaldır. Ötən illə müqayisədə bu ilin on bir ayında qeydə alınmış cinayətlərin azalması müşahidə edilir. Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin rəisi, general-leytenant Məhərrəm Əliyev Amerikanın səsi radiosuna müsahibəsində bildirib. Onun sözlərinə görə, paytaxt polisini ən çox adam oğurluğu və qəsdən adam öldürülməsi cinayətləri narahat edir. "Bu istiqamətdə aparılan işlər də artıq nəticə verib. Bu ilin martında adam oğurluğu və qəsdən adam öldürmə ilə məşğul olan cinayətkar dəstənin (Hacı Məmmədov və başqalarının rəhbərlik etdiyi dəstə nəzərdə tutulur-red) ifşasından sonra ölkədə və paytaxtda kriminogen durum sahəsində müəyyən yumşalma prosesi gedib. Bunu müsbət hal kimi qiymətləndirmək olar. On bir ayın yekunlarına görə qəsdən adam öldürmə 72 faktdan 63 faktadək azalıb. Açılma faizi isə yüksəlib". O, son dövlər quldurluq hallarının da narahatlıq yaratdığını bildirib. "Hesab edirik ki, quldurluqla məşğul olan bir neçə cinayətkar dəstə hələ də qalmaqdadır. Hazırda məsələ araşdırılır və yaxın vaxtda ciddi tədbirlər görüləcək". M.Əliyev bildirib ki, 2000-ci ildə keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasov BBPİ rəisinin həyatına sui-qəsdlə bağlı sifariş verilməsi haqqında məlumat verib. "Sonradan bunun səbəblərini və sifarişin kimlər tərəfindən verilməsini araşdırdıq. Mən hələ münasibət bildirmirəm. Ona görə ki, həmin adamlarla bağlı Respublika Prokurorluğunda və Milli Təhlükəsizlik Nazirliyində istintaq aparılır və mənə qarşı sui-qəsdin sifarişi ilə bağlı açıqlama verilməyib. Hesab edirəm ki, istintaq məsələyə hüquqi qiymət verəcək". BBPİ rəisi bu ilin dekabrında paytaxtda baş verən cinayətlərin açıq olduğunu bildirib. "Bu cinayətlər eyni bir cinayətkar dəstə tərəfindən törədilməyib. Cinayətlərin törənmə səbəbləri də müxtəlifdir. Xətai rayonunda adam ölümü cinayəti açılmağa yaxındır. Cinayətkar müəyyən edilib və onun həbsi üçün tədbirlər görülür. Nizami rayonunda iki maskalı şəxs tərəfindən həyata keçirilən qətlin kökü qonşu dövlətlərə gedib çıxır. Səbəbləri araşdırılıb və cinayət sifarişli xarakter daşıyır. Cinayətin açılması üçün istintaq əməliyyat qrupu yaradılıb. Binəqədi rayonu ərazisindəki mağazadakı valyutadəyişmə məntəqəsinə hücumla bağlı cinayətin açılması üçün də tədbirlər görülür". Onun sözlərinə görə, bu günlərdə Sahil parkında baş verən cinayət açıqdır. "İstintaqı Səbayel Rayon Prokurorluğu aparır. Cinayəti törətmiş şəxs bəllidir. Hazırda onun tutulması üçün tədbirlər görülür. Cinayəti törətmiş Axundov iş adamının övladıdır. O, yoldaşlarına qarşı silahdan istifadə edib və onlardan birini yaralayıb. Heç kim narahat olmasın ki, hansısa vəzifəli və ya iş adamının övladı cinayət edib cəzadan kənarda qala bilər. Bu, mümkün deyil. Azərbaycan dövlətində elə bir fakt olmayıb və bundan sonra da olmayacaq"-deyə M.Əliyev bəzi mətbuat orqanlarında guya Axundovun vəzifəli şəxsin qohumu olduğundan həbs edilməməsi ilə bağlı məlumatlara cavab verib. General-leytenant insan hüquqlarının qorunmasının polisin əsas vəzifəsi olduğunu bildirib. "BBPİ-nin tabeliyində olan rayon polis idarələrində insan hüquqlarına əməl olunmasının vəziyyətini daha da yaxşılaşdırmaq üçün çoxsaylı qəfləti yoxlamalar, şikayət üzrə isə ciddi araşdırmalar aparılır. İnsan hüquqlarına hörmət etməyən polis əməkdaşları vaxtaşırı cəzalandırılır". O 2006-cı ildə paytaxt yollarında tıxacların aradan qaldırılması üçün müvafiq tədbirlərin görüləcəyini deyib. "Polis də öz işində müəyyən dəyişikliklər edəcək. Tıxacların yaranmasının səbəblərindən biri də yolun hər iki tərəfində avtomobillərin dayandırılması və yol hərəkət qaydalarına əməl edilməməsidir". BBPİ rəisi paytaxtda səkilərdəki qanunsuz tikililərin və qurğuların ləğvi istiqamətində işlərin davam etdiriləcəyini deyib. "Nəinki səkiləri, eyni zamanda yaşıllıqları və parkları qanunsuz tikililər və restoran sahələrinə çevirənlər mövcuddur. Bu məsələ müzakirə olunub. Tikililərin hamısı sökülüb, parklar və səkilər əvvəlki vəziyyətinə qaytarılmalıdır".
XS
SM
MD
LG