Accessibility links

Azərbaycan Ermənistanı danışıqlarda konstruktivlik nümayiş etdirməyə çağırır


Əfsuslar olsun ki, prezidentlərin Praqa görüşündə irəliləyiş əldə edilmədi. Azərbaycan ümid edir ki, Sankt - Peterburqda danışıqlarda Ermənistan konstruktivlik nümayiş etdirəcək. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Ermənistan prezidentinin yaxın günlərdə Sankt - Peterburqda gözlənilən görüşü barədə sualın cavabında bildirib.
Onun sözlərinə görə, Sankt - Peterburqda nizamlanma ilə bağlı hər-hansı sənədin imzalanması nəzərdə tutulmur. “Müzakirələr davam etdiriləcək. Əgər razılıq əldə edilərsə, bəlkə də hansısa sənədin üzərində işləmək üçün imkan açılacaq. Amma hələlik sənədlə bağlı danışmaq tezdir”.
Nazir danışıqlarda irəliləyiş əldə edilərsə, Milli Məclisə hesabat verəcəyini real sayır. “Amma hələlik danışıqların nəticəsi yoxdur. Nəticələrin incə məsələləri var ki, hələlik bunlar qapalı danışıqlarda müzakirə edilir”.
”Amerikanın səsi” radiosunun “müzakirələrdə problem yaradan nədir, siyasi statusun müəyyən edilməsi və ya ərazilərin birinci boşaldılması ilə bağlı məsələ?” sualının cavabında cənab Məmmədyarov deyib ki, danışıqlarda mərhələli proses müzakirə olunur. “Mərhələli proses ondan ibarətdir ki, birinci işğal olunmuş ərazilərdən Ermənistan qoşunları çıxarılmalıdır, minalar təmizlənməlidir, həm avtomobil, həm də dəmir yolları bərpa edilməlidir, məcburi köçkünlər geri qayıtmalıdır, bütün kommunikasiyalar açılmalıdır, azərbaycanlılar Dağlıq Qarabağa qayıtmalıdır, Dağlıq Qarabağda normal şərait yaradılandan sonra status müəyyənləşdirilməlidir. Statusun müəyyənləşdirilməsi yolu ilə bağlı bir işçi qrupu yaradılacaq. Yəni prosesin bir hissəsi kimi işçi qrupu prosesin daxilində işini davam etdirəcək. Nizamlanma bu mərhələlərlə aparılmalıdır”.
Nazirin sözlərinə görə, prezidentlərin görüşü iyunun 4-də və ya 5-də baş tuta bilər. Hazırda vaxt dəqiqləşdirilir.

XS
SM
MD
LG