Accessibility links

Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, NATO və İrandakı hadisələrə münasibət bildirib


Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması, Qəbələ RLS-dən birgə istifadə və İrandakı son hadisələrlə bağlı “Amerikanın səsi” radiosunun suallarına cavab verib.
“İyunun 26-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra gələcək addımlar haqqında danışmaq mümkün olacaq”. Bu barədə o, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün nə vaxt olacağı ilə bağlı sualın cavabında bildirib.
Nazir müavini Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin başçıları ilə birgə beştərəfli görüşünün mümkünlüyü ilə bağlı sualının cavabında bildirib ki, bu, iki ölkə prezidentinin qərarından asılı ola bilər. “Əvvəla, Azərbaycan və Ermənistan prezidentləri görüşüb, müzakirələr aparıb, hansısa nəticəyə gəlməlidirlər. Əgər beşlik formatında görüş tələb olunarsa, belə təşəbbüs irəli sürülə bilər. Amma hələ belə təşəbbüs irəli sürülməyib”.
Onun fikrincə, əvvəlcə bütövlükdə müzakirələr nəticə verməlidir ki, hansısa yeni təşəbbüslər və ya formatlar irəli sürülsün. “Lakin beşlik formata, yəni Azərbaycan, Ermənistan və həmsədr ölkələrin prezidentlərinin iştirakı ilə görüşün keçirilməsinə fərziyyə olaraq baxıla bilər. Hələlik, buna dair prinsipial əsas yoxdur. Bu barədə daha çox media danışır”.
Bununla yanaşı, A.Əzimov münaqişənin həlli ilə bağlı məsələnin ABŞ və Rusiyanın gündəliyində olduğunu deyib. “Biz Rusiyanın dövlət başçısının münaqişənin həlli ilə bağlı göstərdiyi diqqəti izləyirik, görürük. ABŞ-ın yeni administrasiyası da son aylarda gündəlikdə duran bütün məsələləri nəzərdən keçirərkən, yəqin ki, münaqişəni də kənarda qoymayıb. Prezident Obamanın, yəqin ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məlumatları və müfəssəl təhlilləri var. Obama Türkiyə səfəri zamanı Türkiyə prezidenti və baş naziri ilə bu məsələni müzakirə edib. Amerika prezidentinin gələn ay Rusiya prezidenti ilə görüşündə də problemi müzakirə edəcəyi istisna edilmir. Hər bir halda, bunun üçün imkan və əsas var”.
Nazir müavini bildirib ki, Rusiya və ABŞ-ın gündəliyində duran digər məsələlərdən fərqli olaraq, Ermənsitan-Azərbaycan münaqişəsinin həlli üçün əsas mövcuddur və daha çox imkan var. “ABŞ-ın yeni administrasiyası Rusiya ilə birgə münaqişənin həllində hansısa müsbət irəliləyişə və nəticələrə nail olmaq istəyirsə, bunun üçün çox gözəl imkanlar var. Buna Azərbaycanın mövqeyini dəstəkləyən beynəlxalq ictimaiyyətin ümumi prinsipial mövqeyi də əsas verir. Bunun üçün Ermənistanın öz mövqeyinə yenidən baxması üçün təkan verilməlidir”.
Öz növbəsində, müstəqil politoloq Rasim Musabəyov Ermənistana təsir edilmədən münaqişənin nizamlanmasında irəliləyişin olacağına inanmır. Onun fikrincə, Amerika və Rusiya istəyərsə yaxın iki-üç ayda nizamlama prosesində irəliləyiş əldə edilə bilər.
Nazir müavini Araz Əzimov Qəbələ RLS-dən birgə istifadə ilə bağlı razılıq əldə ediləcəyinə inanmır. “RLS-dən birgə istifadə təklifi Rusiya prezidenti tərəfindən irəli sürülüb. Sonrakı inkişaflarda bir irəliləyiş əldə edilməyib. Qəbələ RLS-lə bağlı iki yanaşma var. Birincisi, ideya olduqca faydalıdır. Azərbaycan tərəfi vaxtı ilə RLS-dən birgə istifadə ilə bağlı müzakirələr üçün təklifini irəli sürüb. Azərbaycan, Rusiya və ABŞ üçtərəfli əməkdaşlıq formasında müzakirələr apara bilər. İkinci baxış isə dövlətlərin maraqları, siyasi məhdudiyyətlərinin olmasıdır və bu, üstünlük təşkil edir. Bu səbəbdən də burada bir irəliləyiş olacağı gözlənilmir”, - deyə o qeyd edib.
Cənab Əzimov İranda baş verən hadisələrə də münasibət bildirib. “İran qonşu ölkədir. Bu ölkədə bütün məsələlərin müsbət mənada həllinin tərəfdarıyıq, tezliklə sabitliyin bərqərar olmasını istəyirik”.
Nazir müavini “İranda stabillik hökumətin nəzarətindən çıxarsa, Azərbaycana qarşı hansı təhlükələr ola bilər?” sualının cavabında isə deyib ki, hazırkı vəziyyətin İranda ümumi böhrana səbəb olacağına inanmır. “Ümidvaram ki, İranda problem siyasi yolla, demokratik əsaslarla, cəmiyyətin müxtəlif qruplarının arasında barışın bərpa edilməsi əsasında həll ediləcək”.
Onun dediyinə görə, Azərbaycanın Avroatlantika institutlarına inteqrasiya siyasətində müvafiq irəliləyiş və nəticələr var. “Azərbaycanın bu fəaliyyəti daxili və milli təhlükəsizlik sisteminin yaxşılaşdırılması məqsədilə müvafiq beynəlxalq təcrübələri mənimsəyib tətbiq etmək üçün həyata keçirir”.
Nazir müavinin fikrincə, təhlükəsizlik məsələsinə təkcə milli sərhədlər daxilində baxıla bilməz. “Bu məsələyə həm də regional və beynəlxalq səviyyələrdə baxılır. Geniş mənada Azərbaycan NATO ilə əməkdaşlığının böyük əhəmiyyət və faydasını görür. Burada biz qabaqcıl təşkilatlarla, qabaqcıl ölkələrlə əməkdaşlıq edirik”.
Cənab Əzimov Azərbaycanın NATO-ya üzvlük məsələsinin gündəlikdə durmadığını bildirib. O, jurnalistlərə müraciət edərək, “NATO-ya üzvlük məsələsi medianın gündəliyində varsa, təbrik edirəm. Amma Azərbaycanın gündəliyində NATO-ya üzvlük məsələsi real olaraq durmur. NATO-nun gündəliyində təşkilatın genişləndirilməsi prinsipial olaraq bəyan edilsə də, həyata keçirilməsində bir sıra mənfi təcrübələr olduğundan, bu günlərdə məsələyə, bir növ, yenidən baxış keçirilir”, - deyə o qeyd edib.

XS
SM
MD
LG