Accessibility links

UNİCEF və Statoil şirkəti Azərbaycanda uşaq ölümünün azaldılmasına kömək edir


UNİCEF və StatoilHydro-Azərbaycan şirkəti Azərbaycan hökumətinin körpə ölümünün azaldılması, analara və yeni doğulmuşlara qayğının təkmilləşdirilməsi istiqamətində göstərdiyi səyləri dəstəkləmək məqsədilə birgə işləmək qərarına gəlmələri ilə bağlı mətbuat konfransı keçirib. UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Hanaa Sinqer bildirib ki, layihə üzrə işlərin əsas hissəsini Bakıda iki, Gəncədə bir, Şəkidə bir sınaq üçün seçilmiş doğum evində yeni doğulmuşlara qayğı üzrə ən yeni beynəlxalq paketin tətbiq edilməsi, habelə həmin müəssisələrdə yeni doğulmuş körpələr arasında ölüm hallarının azaldılmasının monitorinqi üçün yeni vasitələrdən istifadə edilməsi təşkil edir. “Sınaq üçün seçilmiş doğum evləri ana və uşaqlar üçün əlverişli mühitin yaradılması, doğuş zamanı ər və qohumların iştirakı, yeni doğulmuş uşağın ana ilə dərhal dəri təması, yalnız ana südü ilə qidalanmaya erkən başlanması, ana və yeni doğulmuş uşağın eyni palatada yerləşdirilməsi, yeni doğulmuşların reanimasiyası üsulları ilə nümunə olacaq. Bu proqrama əsasən yeni doğulmuşlara qayğı üzrə milli sübutlu təlimat və protokolların hazırlanacağı da gözlənilir. Seçilmiş və təlim keçmiş tibb işçiləri qazanılan təcrübəni təlim vasitəsilə bütün ölkədə yayacaq”. O ümid edir ki, layihə çərçivəsində görüləcək işlər Azərbaycanın 2015-ci ilədək uşaq ölümünü üçdə iki dəfə azaldılmasını nəzərdə tutan dördüncü Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq öhdəliyinin yerinə yetirilməsinə kömək edəcək. Statoil şirkətinin nümayəndəsi Kristian Hausken bildirib ki, layihənin həyata keçirilməsinə kömək məqsədilə Statoil şirkəti 200 min dollar vəsait ayıracaq. “İnanırıq ki, bu təşəbbüsdə UNİCEF və Səhiyyə nazirliyi ilə əməkdaşlığımız Azərbaycanda yeni doğuşlara qayğının artırılmasına töhfəsini verəcək. Yeni üsullar və vasitələr ana və körpənin həyatını yaxşılaşdıracaq. Onlar layihənin əhatə etdiyi dörd doğum evində aparılacaq işlərdən birbaşa yararlanacaq, çoxsaylı ailə və icmaların həyatına uzun müddət müsbət təsir edəcək”. Xanım Sinqer Azərbaycanda ana və uşaq ölümü ilə bağlı sualın cavabında UNİCEF-in Azərbaycan hökuməti ilə birgə “Demoqrafiya və səhiyyə” sorğusu keçirdiyini deyib. “Nazirlər Kabinetinin nəzarəti UNİCEF, Səhiyyə və Təhsil nazirliklərinin iştirakı ilə Dövlət Statistika komitəsi tərəfindən iki il ərzində keçirilən sorğunun nəticələri bu ilin mayında açıqlanacaq. Bundan öncəki sorğuda hökumət yaxından iştirak etmədi. Ancaq Səhiyyə nazirliyi artıq beynəlxalq standartları qəbul edir. Ümid edirik ki, ana və uşaqlarla bağlı yeni standartlar hazırlanacaq”. O doğum evlərində şəffaflıq məsələləri ilə bağlı suala birmənalı cavab verməyib. “Ümid edirəm ki, yeni layihə bu işdə də vəziyyəti yaxşılaşdıracaq. Çalışmalıyıq ki, ümumiyyətlə səhiyyə sistemində şəffaflıqla bağlı işlər yaxşılaşsın”. Nümayəndə son iki ildə ölkədə uşaq və ana ölümü sahəsində vəziyyətin müsbətə doğru dəyişdiyini bildirib. “Artıq həkimlər də uşaq ölümü ilə bağlı məlumatları qorxmadan verir”. Bununla belə, o uşaq və ana ölümü ilə bağlı son durum barədə məlumat verməyib. Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov “Amerikanın səsi” radiosuna bildirib ki, ölkənin doğum evləri beynəlxalq standartlardan çox uzaqdır. Belə ki, bu sahədə dövlət proqramları olsa da hələ reallaşdırılmayıb. Cənab Bəkirovun sözlərinə görə, Azərbaycan uşaq ölümünün səviyyəsinə görə dünyada 54-cü yeri tutur. O ölkədə uşaq ölümünü sosial vəziyyətlə bağlayır.
XS
SM
MD
LG