Accessibility links

Azərbaycanda müasir təhsil texnologiyalarının tətbiqinə başlanıb


Azərbaycanda müasir təhsil texnologiyalarının tətbiqinə başlanıb
Azərbaycanda müasir təhsil texnologiyalarının tətbiqinə başlanıb


“2008 - 2012-ci illərdə Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın illik icrasının yekununa həsr edilmiş “Müasir təhsil texnologiyaları” mövzusunda konfrans keçirilib. Yeddi yüzdən çox təhsil işçisinin, İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) sektoru nümayəndələrinin, beynəlxalq və yerli şirkətlərin, qeyri-hökumət təşkilatları təmsilçilərinin iştirak etdiyi forumda elektron təhsil sahəsində görülən işlər, perspektivlər, təhsil müəssisələrinin kompüterləşdirilməsi, internetə çıxış, elektron dərs, dərsliklərin elektron variantı, müasir İnformasiya Texnologiyalarının məktəblərdə tətbiqi, virtual dərslərlə bağlı məlumat verilib.
Təhsil naziri Misir Mərdanov bildirib ki, dövlət proqramının həyata keçirilməsini nazirliyin nəzdində yaradılmış Təhsil sisteminin informasiyalaşdırılması idarəsi əlaqələndirir. “Fəaliyyətlər ULTRA, AZEDUNET, MƏDƏD, Microsoft və İntel şirkətlərinin təhsil üzrə proqramlarının tərəfdaşlığı ilə Dövlət proqramı çərçivəsində həyata keçirilir”.
Nazirin dediyinə görə, dövlət proqramı əsasında bütün təhsil müəssisələrini vahid sürətli İnternet şəbəkəsində birləşdirəcək Azərbaycana Təhsil Şəbəkəsi, təhsil sektorunun məlumatlandırılmasında mühüm yer tutan “Məlumat və Resurs Mərkəzi”, “Təhsil Portalının yaradılması”, “İKT-nin Tətbiqi üzrə Treninqlər”, “Elektron məktəb” layihələri həyata keçirilir. “Bu proqramlar bir neçə ildə yeddi mindən çox təhsil müəssisəsinin hamısını əhatə edəcək. Dövlət proqramının həyata keçirilməsi nəticəsində şagirdlərə düşən kompüter nisbəti 20:1-ə çatdırılacaq, bütün fənlər üzrə elektron tədris, metodiki resurslar təmin ediləcək, yeni təlim formaları tətbiq ediləcək, korporativ və yüksək sürətli İnternetə çıxış təmin ediləcək, cəmiyyət və ailələr təhsil sistemində proseslərə cəlb ediləcək, təhsilin idarə edilməsi və monitorinqinin effektivliyi artırılacaq. Proqramın həyata keçirilməsi ölkənin təhsil sisteminin dünyanın qabaqcıl təhsil sisteminə tam inteqrasiyasını təmin edəcək”.
Çıxışlarda hazırda Azərbaycan məktəblərində hər 29 şagirdə 1 kompüter düşdüyü, 30 mindən çox müəllimin İKT üzrə təlimlərə cəlb edildiyi, 20 pilot məktəbdə “Elektron təhsil” proqramının həyata keçirildiyi, bu ilin sonunadək 500 məktəbin sürətli İnternetə çıxışının təmin ediləcəyi vurğulanıb.
“Proqram çərçivəsində təhsil müəssisələrində lokal şəbəkələr də yaradılacaq. Bu şəbəkələr kompüter siniflərini, direktor və müəllim otaqlarını birləşdirəcək. Həmçinin hər bir şagirdin gündəlik qiymətləri və dərsə davamiyyəti barədə məlumatlar valideynlərin mobil telefonlarına göndəriləcək”, - deyə Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəhbəri Samir Məmmədov bildirib.
ULTRA şirkətinin prezidenti Tahir Mirkişiyev deyib ki, təhsilə xərclənən hər bir dollar iqtisadiyyata 10,7 dollar gəlir gətirir. Onun dediyinə görə, son beş ildə orta məktəblərə 1100 noutbuk və proyektor verilib. Daha 1000 noutbuk isə İNTEL şirkəti bağışlayıb”.
Cənab Mirkişiyev Bakıda dünən açılan Məlumat və Resurs mərkəzinin regionda ən müasir mərkəz olduğunu deyib. “Bu mərkəz vasitəsi ilə 180-dən çox məlumat almaq mümkündür. Daha 20 məktəbdə bu il elektron jurnal, elektron lövhə quraşdırılacaq. Təhsil portalında bütün dərsliklər yerləşdiriləcək. Artıq 4 fənn üzrə 300 saatlıq və 300 adda interaktiv dərslər yaradılıb”.
AZEDUNET şirkətinin prezidenti Səməd Abbasovun dediyinə görə, artıq Bakı, Sumqayıt və regionlarda 160 məktəbdə daxili şəbəkə yaradılıb.
Microsoft şirkətinin Azərbaycan nümayəndəliyinin təmsilçisi Emil Axundov dünyanın 110 ölkəsində elektron təhsil proqramının 135 milyon insanı əhatə etdiyini deyib.
Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov Azərbaycan təhsilində İKT-nin sürətlə tətbiqindən razıdır. Onun dediyinə görə, təhsil müəssisələrində İKT-nin tətbiqi Azərbaycanı beynəlxalq reytinqdə 7 pillə irəlilədərək MDB ölkələrində lider səviyyəsinə çıxarıb. “Azərbaycan təhsildə informasiyalaşdırmada regionda liderdir. Biz gələcəkdə 1 şagird - 1 kompüter nisbətinə keçid üçün çalışırıq”.
Prezident Administrasiyasının humanitar şöbəsinin müdiri Fatma Abdullazadə hesab edir ki, Azərbaycanda kütləvi İKT-yə keçid bəhsləşmə üçün deyil. “Biz həm də intellektual səviyyənin inkişafında həmin ölkələrə çatmalıyıq”.
Şöbə müdiri həmçinin Azərbaycan dilində proqramların çatışmadığını və yeni proqramların yaradılmasının vacibliyini diqqətə çatdırıb. «Boloniya sisteminə keçid, həm də bir neçə dildə təhsil almağa hazır olmaq deməkdir. Avropa ali məktəblərinin tələbələri üçün bir neçə dildə təhsil artıq adi hala çevrilib. Bizdə də virtual layihələr vasitəsi ilə başqa dillərin öyrədilməsi mühümdür”, - deyə o qeyd edib.


XS
SM
MD
LG