Accessibility links

Amerika və Azərbaycan əlaqələrini daha da dərinləşdirəcək 


Amerika və Azərbaycan əlaqələrini daha da dərinləşdirəcək 
Amerika və Azərbaycan əlaqələrini daha da dərinləşdirəcək 
<!-- IMAGE -->

Amerika Dövlət Katibinin müavini, Uilyam Börns Azərbaycanda birgünlük səfərdə olub. Cənab Börns prezident İlham Əliyev və vətəndaş cəmiyyətininnümayəndələri ilə görüşüb.
Dövlət katibinin müavini səfərinin yekununda bildirib ki, Amerikanın Azərbaycanla çox güclü tərəfdaşlıq əlaqəsi yaratmaq niyyəti qalmaqdadır. “Biz, bu gün prezident İlham Əliyevlə çox intensiv tərzdə, müsbət müzakirələr apardıq, Amerika və Azərbaycan əlaqələrinin hansı yollarla dərinləşdirilməsi məsələlərinə toxunduq. Bu dərinləşmə Amerika və Azərbaycanın maraqlarına qulluq edir. Tərəflər hər iki dövlət və xalqların mənafeyi naminə əlaqələrini daha da dərinləşdirmək niyyətindədir”, - deyə o qeyd edib.
Cənab Börns Azərbaycan Diplomatik Akademiyasında çıxışında isə geosiyasi, regional problemlərə və Amerikanın Azərbaycanla münasibətləri barədə məsələlərə toxunub. Onun fikrincə, dünyanın üzləşdiyi qlobal təhdidləri görmək üçün sadəcə qəzet məqalələrinin başlıqlarına nəzər yetirmək kifayətdir. “Bu sıraya kütləvi qırğın silahlarının yayılması təhlükəsi, daha da qorxunc terrorçuluq növləri, həlli tapılmamış münaqişələr, artıq uğursuzluğa düçar olmuş və bu yolda olan dövlətlər, qlobal iqtisadi sarsıntılar, transmilli səhiyyə, enerji və ətraf mühit kimi məsələlər daxildir. Bütün bunlar 21-ci əsrin reallıqlarıdır”.
Dövlət katibinin müavini prezident Əliyevlə görüş və həmçinin, vətəndaş cəmiyyətinin üzvləri ilə söhbət etmək imkanı əldə etməsindən məmnunluğunu ifadə edib. “Biz, Azərbaycanla ikitərəfli münasibətlərimizi dəyərləndirir və Azərbaycanın Əfqanıstan, terrorçuluqla mübarizə, regional və qlobal təhlükəsizlik sahəsində vacib olan digər məsələlərdə verdiyi dəstəyi yüksək qiymətləndiririk. Gələn illərdə biz, bu və digər məsələlərdə münasibətlərimizin daha da genişlənməsinə və dərinləşməsinə ümid edirik”.
Cənab Börns Amerikanın Azərbaycanla qarşılıqlı əlaqələrinin tarixini bir çox sahələrdə uzunmüddətli və məhsuldar qiymətləndirib. “Bakı – Tbilisi - Ceyhan boru kəmərinin diqqətəlayiq uğuru, bu əməkdaşlıq ruhunun bariz nümunəsidir. Bu boru kəməri Xəzərin enerji resurslarını bütün dünyaya açdı. Bu və digər layihələr, həmçinin Azərbaycan iqtisadiyyatına təkan verib və Azərbaycan xalqı üçün daha müstəqil iqtisadi gələcəyi təmin etməyə müvəffəq olub”.
O həmçinin xatırladıb ki, bəziləri ABŞ-la Rusiyanın enerji siyasətləri arasındakı rəqabətin Orta Asiyada növbəti Böyük Oyuna çevrilməsindən danışır. “Bu yanlış düşüncədir. Baxmayaraq ki, enerji məsələlərində rəqabət elementləri həmişə var, ancaq hər hansı kommersiya sahəsində olduğu kimi, Birləşmiş Ştatlar hesab etmir ki, enerji təhlükəsizliyi sıfır ballı oyundur. Biz qətiyyətlə inanırıq ki, bir-birimizə qarşı getməkdənsə, birgə işləməklə daha çox nailiyyət əldə edə bilərik. Daha sıx qarşılıqlı əlaqələndirmə bütün ölkələrə xeyir gətirməklə, müxtəlif mənbələri və marşrutları maksimumlaşdırır, daha yaxşı bazar qiymətini təmin edir və enerji ehtiyatlarının daşınmasındakı əngəlləri aradan qaldırır”.
Dövlət katibinin müavini bəyan edib ki, Amerika enerji sahəsindən daha geniş şəkildə,

<!-- IMAGE -->

Qafqazdaregional təhlükəsizliyin təminatına səy göstərmək üçün öhdəlik götürüb. “Ərazi bütövlüyü, öz müqəddəratını təyin etmə və güc tətbiq etməmək kimi Helsinki prinsiplərinə əsaslanaraq, ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi Rusiya və Fransa ilə birgə çalışmaqla Dağlıq Qarabağ münaqişəsinin sabit və uzunmüddətli nizamlanması istiqamətində yüksək səviyyədə bu prosesdə iştirak edirik. Həmkarım, Səfir Robert Bradtke bizim tərəfimizdən bu işi aparır. Prezident Obama və Dövlət Katibi Hillari Klinton regionda təhlükəsizliyin təmin olunması üçün geniş yanaşmamızın bir hissəsi kimi Minsk Qrupunun səylərinin uğurlu olmasında çox fəal şəxsi maraq göstərir. Sülh, sabitlik və dözümlülük Qafqaz regionunda bütün insanlara yalnız fayda gətirə bilər”.
O həmçinin inanır ki, demokratik təsisatların gücləndirilməsi, qanunun aliliyi və insan haqlarının təmin olunması Azərbaycanın və regionun gələcəyi üçün müsbət təsir göstərəcək. “Amerika bu istiqamətdə səylərə dəstək verməkdə davam edəcək. Fəal vətəndaş cəmiyyəti hökumətin rolunu tarazlaşdırır və bütünlükdə dövləti gücləndirir. Birləşmiş Ştatlar Azərbaycanın güclü dostudur, təhlükəsiz, inkişaf etmiş və demokratik dövlətə dəstək vermək üçün Azərbaycan hökuməti və xalqı ilə işləmək üçün öhdəlik götürüb. Bir çox qlobal çətinliklərlə üzləşdiyimiz və sözsüz ki, bizlərdən heç birimizin təklikdə onları həll edə bilmədiyimiz bir vaxtda iki dövlət arasında güclü və dinamik tərəfdaşlıq çox vacibdir. İnanıram ki, bizim belə tərəfdaşlığımız var və mənim səfərim bu gün bir daha bunu sübut edir” – deyə o qeyd edib.

XS
SM
MD
LG