Accessibility links

Ağ Evin qarşısında piket keçirilib [Video-Fotolar]


Təşkilatçılar məqsədlərinin Azərbaycanda siyasi məhbuslara azadlıq tələb etmək olduğunu bildirib

Martın 31-i Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammiti başlayan ərəfədə azərbaycanlılar və amerikalılardan ibarət bu qrup insan Ağ Evin qarşısında piket keçirib. Amerikanın Səsinin verdiyi məlumata görə, 10-a yaxın etirazçının iştirak etdiyi aksiyada “Xədicəni Azad Edin!”, “Azərbaycan daha yaxşısına layiqdir!” kimi plakatlar qaldırılıb və oxşar şüarlar səslənib.

Piket Azərbaycan prezidenti İlham Əliyev də daxil olmaqla, 50-dən çox ölkə liderinin dəvət edildiyi Ağ Evdə təşkil olunan işgüzar naharın başlanması vaxtına təsadüf edib. Barak Obamanın ev sahibliyi etdiyi sonuncu Nüvə Təhlükəsizliyi Sammiti məhz bu naharla açıq elan olunmalıdır.

Burada olmağımın səbəbi Xədicə İsmayıla, İlqar Məmmədova və həbsdə olan bütün digər haqsız yerə həbs olunan siyasi məhbuslara azadlıq tələb etməkdir. Ümid edirəm ki, bizim buradakı istəklərimiz və çağırışlarımız nəyəsə gətirib çıxaracaq

Piketin təşkilatçılarından Arzu Qeybulla Amerikanın Səsinə açıqlamasında bildirib ki, onlar Ağ Evin qarşısına Azərbaycanda həbsdə olan digər siyasi məhbusların azadlığını tələb etmək üçün toplaşıb. “Burada olmağımın səbəbi Xədicə İsmayıla, İlqar Məmmədova və həbsdə olan bütün digər haqsız yerə həbs olunan siyasi məhbuslara azadlıq tələb etməkdir. Ümid edirəm ki, bizim buradakı istəklərimiz və çağırışlarımız nəyəsə gətirib çıxaracaq” – deyə Arzu Qeybulla Amerikanın Səsinə bildirib.

Xatırladaq ki, İlham Əliyevin Vaşinqton səfərindən öncə Azərbaycanda 16 siyasi məhbus azadlığa buraxılıb. Martın 30-da ABŞ Dövlət Departamentində dövlət katibi Con Kerri və prezident İlham Əliyev arasında keçirilən görüşdən sonra verilən bəyanatlarda heç bir lider Azərbaycanda demokratiya və siyasi məhbus problemi barədə söz açmayıb. Buna baxmayaraq bir çox beynəlxalq təşkilat hələ də ölkədə onlarla siyasi məhbusun olduğunu bildirir.

Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitinə ABŞ prezidenti Barak Obamanın dəvəti ilə gəldiyini bildirən prezident Əliyev ABŞ-la Azərbaycan arasında ortaq maraqların olduğunu dilə gətirib.

Amerikanın Səsinin Ağ Evdən əldə etdiyi digər bir məlumatda isə Azərbaycan prezidenti İlham Əliyevin martın 31-də ABŞ-ın vitse prezidenti Co Baydenlə də görüşdüyü bildirilir. Görüş barədə ətraflı məlumat verilmir.

XS
SM
MD
LG