Accessibility links

Əhməd Obalı: “Güney Azərbaycanda hərəkat güclü olmasa Konqresdə də belə müzakirələr keçirilməz” [Audio]


Keçən həftə ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya üzrə alt komitəsində "İranın Cənubi Qafqaz və Ətraf Regionda Təsiri" mövzusunda dinləmələrdə Amerika qanunvericiləri İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulması məsələsinə də toxunublar. Konqresmen Dana Rohrabaçer İran rejiminin etnik azərbaycanlılarının hüquqlarını kobud şəkildə pozduğunu bəyan edib. O, İranda azərbaycanlıların azad yaşamaq hüququ olduğunu və bir amerikalı kimi onların bu hüququnu dəstəklədiyini bildirib. Çikaqoda fəaliyyət göstərən Günaz TV-nin təsisçisi Əhməd Obalı ABŞ Konqresində keçirilmiş dinləmələrin yaratdığı təsirləri şərh edib.




Dilşad Əliyarlı:Əhməd bəy, keçən həftə Konqresin Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya alt komitəsində İranın Cənubi Qafqaz bölgəsinə təsirləri ilə bağlı dinləmələr keçirildi. Sizin fikrinizi bilmək istərdik. Konqres səviyyəsində belə dinləmələrin keçirilməsi nədən xəbər verir.

Əhməd Obalı: Dinləmələrdə Güney Azərbaycanda azərbaycanlılar haqqında danışılması müsbət bir inkişafdır və Amerika dövlətinin, ən azı Konqresdə bir qrupun o məntəqədə reallığı görməyə başlamasından xəbər verir. Bu, bizim üçün çox xoş bir xəbərdir. Orada on minlərlə, milyonlarla azərbaycanlı haqq tələb edir, insani haqlarını tələb edirlər və İran dövləti bu məsələlərin üstünü örtməyə çalışıb indiyə qədər. Çünki etnik məsələ İran dövləti üçün ən böyük zəiflik, ən zəif nöqtələrdən biridir. Onun üçün bunlar da düzgün nöqtəyə əl qoyublar və bu heç də o demək deyil ki, Güney Azərbaycanda, ya İran Azərbaycanında o biri xalqlar istifadə olunmaq üçün bir keçici mərhələdədir, bu anlama gəlmir. Bunun mənası odur ki, xalqların tələbləri müəyyən qulaqlara gedib çatıb. İran və Qafqaz əlaqələrində, İranın özəlliklə Azərbaycanla əlaqələrində də İranın zəif nöqtəsindən indiyə kimi istifadə olunmayıb. Yenə də deyirəm, İranın ən böyük zəif nöqtəsi orada yaşayan azərbaycanlılardır. İranla Qafqazın və İranla Azərbaycan Cumhuriyyətinin əlaqələrində Güney Azərbaycanı amili dəqiq diqqətə alınmalıdır. İran çalışır ki, bu məsələ alınmasın, amma İranın qarşısında duran dövlətlər bu məsələdən son dərəcədə istifadə etməlidir, bu da bizim xeyrimizədir. Bizdən istifadə olunması üçün yox, güney azərbaycanlılarla o dövlətlərin üst-üstə düşən maraqlarını diqqətə almaq lazımdır.

Dilşad Əliyarlı: Əhməd bəy, məsələyə diqqət Amerikada bundan əvvəl də olub. Bir neçə il bundan əvvəl Konqresdə İranda etnik azlıqlarla bağlı dinləmələr keçirilmişdi. Amma konqresmen Dana Rohrabaçer kimi kəskin fikirlər söyləyən konqresmenləri, qanunvericiləri görmək demək olar ki mümkün deyildi. Yəni müzakirələr olurdu, lakin belə kəskin çıxışlar, xüsusilə də, Rohrabçer qeyd edib ki, o, amerikalı olaraq azərbaycanlıların azad yaşamaq hüququnu dəstəkləyir, yəni belə bəyanatlar, belə mesajlar verilməmişdi. Bununla bağlı sizin fikirlərinizi öyrənmək istəyərdik.

Əhməd Obalı: Bu, birinci Güney Azərbaycanında, İran azərbaycanlıların hərəkatının güclənməsindən xəbər verir. Yəni orada hərəkat güclü olmasa, təbii ki, heç bir yerdə də onu bu səviyyədə danışmazdılar. Onun üçün son illərdə, özəlliklə son altı-yeddi ilin ərzində, mən deyərdim, 2006-cı ildən bu yana, o altı ilin ərzində gəlişmələr, Güney Azərbaycanındakı hərəkat güclənir, milli fəalların sayı getdikcə çoxalır, heç bir zaman durmadan millətimizin bir hissəsi öz istəklərini müəyyən kanallardan istifadə edib dilə gətirirlər. Məsələn, hətta futbol müsabiqəsindən son dərəcə istifadə edib milli şüarlar verirlər. Bunlar da qulaqlara çatmalı idi ki indi çatır. Yəni birinci, Güney Azərbaycanında hərəkatın güclənməsinin nəticəsidir bu. İkinci, dövlətlər də baxır, getdikcə məntəqədə Ərəb Baharından sonra demokratik hərəkat güclüdür və dövlətlər də, hər dövlət də maraqları ilə məsələyə baxır. İndi getdikcə diktatorların sayı azaldıqca, özəlliklə Suriya məsələsi də təqribən həll olmaq üzrədir və növbə İrana çatır. Onun üçün də indidən İranın da gələcəyi üçün düşünmək çox məntiqi bir məsələdir, İranın gələcəyi necə olacaq. Buna görə Amerikanın dövləti də, konqresmenləri də İranın gələcəyi ilə bağlı fikirlər üstündə konkret desək çox dayanır və bu hərtərəfli baxanda, həm demokratik tərəfdən baxanda, həm də etnik məsələləri nəzərə alanda çox məntiqidir. Konqresmenlərin, Amerika Konqresinin məsələyə qayıtması, Güney Azərbaycanı məsələsinə daha ciddi yanaşması məntiqi bir məsələdir.


Dilşad Əliyarlı: Əhməd bəy, bir məsələyə istərdim toxunaq. Konqresdə son zamanlar İran məsələsinin, xüsusilə də etnik məsələnin kəskin şəkildə qoyulmasının şahidiyik. 2006-cı ildə Dövlət Departamenti bir neçə dəfə kəskin bəyanatlar vermişdi və bu bəyanatla İranda azərbaycanlıların vəziyyəti ilə əlaqədar idi. Lakin son zamanlar, biz Dövlət Departamentindən, Ağ Evdən belə bəyanatları görmürük. Amma bunun müqabilində Konqresdə müzakirələr gedir. Sizcə, Konqresdəki dinləmələr icraediri hökumətin də belə kəskin mövqedən çıxış etməsinə gətirib çıxaracaqmı?

Əhməd Obalı: Ola bilər ki göstərsin. Dövlət Departamentinin son illərdə belə sakit qalması, etnik məsələlərlə bağlı sakit qalması heç də ziyanverici deyil, bəlkə xeyri də var. Çünki onsuz da İran dövləti, ya da Amerikaya müxalif olanlar etnik məsələləri dərhal Amerikaya, ya da başqa dövlətlərə bağlamaq istəyir, halbuki bu, millətə bağlı olan hərəkatdır. Hər hansı bir dövlətin istəyi ilə bir millət çıxıb öz haqqını istəmir. Millət öz təbii və insani haqları tələbi ilə çıxış edir. Amma konqresmenlərin, Konqresin bu danışıqları, bu müzakirələri təbii ki Dövlət Departamentinə də təsir edər. Fikrimcə, Konqresdəki danışıqları Dövlət Departamentindən ayrı görmək olmur. Yəni, bu, bir-birinə bağlı məsələdir. İstər demokratlar, istərdə də respublikaçıların tərəfindən olan nümayəndələr hər halda bu məsələni Amerika dövlətinin siyasətinin xaricində yox, bəlkə onun tərkib hissəsi kimi aparır.


Dilşad Əliyarlı: Əhməd bəy, bundan əvvəl Amerika Birləşmiş Ştatları İranda daxili siyasi vəziyyəti izlədiyini və hərəkatın daxildən başlamalı olduğunu bildirmişdi. Bu mənada Amerika Birləşmiş Ştatları İranda etnik azlıqlar, xüsusilə də azərbaycanlılarla hansı istiqamətdə iş apara bilər və bu hərəkatdan nə gözlənilməlidir.

Əhməd Obalı: Birinci, bu, etnik azlıqlardan istifadə məsələsi, mən deyərdim, üst-üstə düşmüş maraqlar üzərində qurulmuş həmkarlıq ola bilər. Hər bir müxalifi, rəbiqi onun zəif nöqtələrini axtarıb tapa bilər. Iranın zəif nöqtələrinin ən böyüyünün biri etnik məsələ, etnik azlıqlar məsələsidir. İranda kürdlər, ərəblər, bəluclar, azərbaycanlılar, lorlar, türkmənlər hərəsi öz torpağında yaşayır. İran özü reklam etdiyi kimi millətlərin bir-birinə qaynayıb-qarışdığı bir məmləkət deyil. Əksinə olaraq, son 10 il ərzində qütbləşmə gedir və xalqlar getdikcə bir-birindən ayrılır, mentalitet baxımından, fikir və düşüncə baxımından bir-birindən ayrılır. Bu baxımdan etnik məsələ üst-üstə düşmüş maraqları nəzərə alsaq, həm etnik azlıqların istəkləri var, həm də Amerika İrana qarşı tədbir görmək istəyirsə onun zəif nöqtələrindən biri kimi etnik məsələni görür. Bu, əslində etnik qrupların xeyrinə olan bir məsələdir. Bu şərtlə ki etnik qruplar öz haqlarını buraxıb başqalarının dediyi ilə oynamasınlar. Etnik qruplar da fürsətdən istifadə etsinlər. Biz görürük ki, Ərəb ölkələrində də, Liviyada da, Misirdə də, özəlliklə də Suriyada dövlətin müxaliflərinə müəyyən yardımlar gedir. O yardım yalnız o müxaliflərə dəstək deyil, bəlkə o dövlətə müxalifət üçün, hər halda, “düşmənimin düşməni mənim dostumdur” düşüncəsi ilə olunur. Bu baxımdan mənim fikrimcə, İranda etnik məsələ güclənəcək və İranda etnik qruplara yardım da, mənəvi dəstək də çoxalacaq.


Dilşad Əliyarlı: Əhməd bəy, Günaz TV-nin verilişlərində bu məsələ necə müzakirə edilir və İranın daxilində azərbaycanlılar ABŞ Konqresində dinləmələrə necə reaksiya göstərir?

Əhməd Obalı: Birmənalı deyə bilərəm ki, bizim bildiyimiz qədər İranda azərbaycanlıların milli məsələsini hər hansı bir dövlət dilinə gətirirsə, o dövlətin hansı dövlət olmasına baxmayaraq güney azərbaycanlılar tərəfindən dəstəklənir. Özəlliklə, Rohrabaçerin o məşhur istəyindən sonra Konqresdə gedən müzakirələrə diqqət artıb və bu son müzakirələr də, mən əminəm Rohrabeçerin yazdığı məktub kimi müsbət qarşılanıb. Eyni zamanda, bunu bəyənməyənlər də var, bu da İran hakimiyyətidir. İran hakimiyyətinin də bu məsələdən çox narahat olduğunu da bilirik. Məqalələr yazırlar, azərbaycanlıları müstəqil yox, başqalarının istəyi ilə hərəkət etməkdə ittiham edirlər. Bu da onların köhnə taktikasıdır, biz də burada təzə fenomen görmürük. Elə həmişə belə olub, azərbaycanlılar haqqını istəyəndə onu bir zaman ruslara bağlayırdılar, bir zaman Türkiyəyə bağlayırdılar, indi İsrailə, Amerikaya bağlayırlar. Fərq eləmir, bu köhnə taktikadır, çürümüş bir taktikadır, təsirsiz bir taktikadır. Həmvətənlərimiz bilirlər, bir daha bunu virğulamaq lazımdır ki, hər bir hərəkat onun təşkilatlanması, onun güclənməyi ilə uğurlu olmağa doğru gedir. Biz də çox həssas bir zamandayıq. Güney Azərbaycanında, xaricdə, diasporda, Qüzey Azərbaycanda milli mənafeyimizi qorumaq üçün istəklərimizi, tələblərimizi əldə etmək üçün getdikcə təşkilatlanmalıyıq, təşkilatlanmalıyıq və bir də təşkilatlanmalıyıq. Reklam, propaqanda, oyanış, təbliğat bunların hamısı pulla həlla ola bilər, amma uğur pulla həll olmur. Uğur təşkilatlanmada və təşkilatlanma iş görməkdədir. Buna görə də biz təşkilatlanmanın tərəfdarıyıq və İnşaallah getdikcə təşkilatlarımız güclənəcək.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG