Accessibility links

Avropa İttifaqı və Azərbaycan münasibətlərin perspektivlərini müzakirə edib


Federika Moqerini və İlham Əliyev
Federika Moqerini və İlham Əliyev

Fevralın 29-da Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini Azərbaycana səfəri çərçivəsində prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

Prezident İlham Əliyev xanım Moqeriniyə “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin Bakıda keçirilən ikinci toplantısının bağlanış mərasimində iştirakına görə minnətdarlığını bildirib.

“Hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələri vacib mərhələdədir və əməkdaşlığımızın gələcək planlarını müəyyənləşdiririk”, prezident qeyd edib.

Əlaqələri genişləndirmək, tərəfdaşlığın səviyyəsini yüksəltmək üçün qarşılıqlı marağın olduğunu deyən Əliyev bu baxımdan yaxşı anlaşmanın mövcud olduğunu qeyd edib.

Dövlət başçısı Azərbaycan ilə Avropa İttifaqı arasında uzunmüddətli və müxtəlif sahələri əhatə edəcək səmərəli tərəfdaşlıq əlaqələrinin qurulması üçün əməkdaşlıq formatının işlənib hazırlanacağına ümidvar olduğunu bildirib.

Prezident həmçinin münaqişələrin həlli, siyasi islahatlar, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, xüsusilə regionda maliyyə təhlükəsizliyi və digər məsələlərin mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Elmar Məmmədyarov və Federika Moqerini
Elmar Məmmədyarov və Federika Moqerini

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının toplantısının yüksək səviyyədə təşkil edildiyini bildirən Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi bunu Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib. O, təmsil etdiyi qurum ilə Azərbaycan arasında əməkdaşlığın yeni çərçivədə davam etdiriləcəyini vurğulayaraq bunun üçün möhkəm bazanın mövcud olduğunu qeyd edib.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Federika Moqerini görüşlərinin yekunu ilə bağlı brifinq keçirib.

Elmar Məmmədyarov bildirib ki, tərəflər ötən ilin may ayında "Şərq tərəfdaşlığı"na dair Riqa sammiti zamanı rəsmi Bakı tərəfindən təqdim edilən Azərbaycanla Aİ arasında strateji tərəfdaşlığa dair müqavilə layihəsini dəstəkləyir.

"Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan əməkdaşlıq günbəgün möhkəmlənir", nazir qeyd edib.

O bildirib ki, Cənub Qaz Dəhlizinə dair Bakıda çox mühüm bir tədbir keçirilib, bəyannamə imzalanıb.

“İnanırıq ki, hər şey qaydasında olacaq. 2018-ci ildə Azərbaycan təbii qazı Avropa bazarlarına çatacaq”.

Elmar Məmmədyarov və Federika Moqerini
Elmar Məmmədyarov və Federika Moqerini

Məmmədyarov xanım Moqerinini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlandırdığını diqqətə çatdırıb.

“Münaqişə ilə bağlı Azərbaycanın, eləcə də beynəlxalq ictimaiyyətin və beynəlxalq təşkilatların mövqeyini çatdırdım, xüsusilə BMT Təhlükəsizlik Şurasının qətnamələri haqqında məlumat verdim. Biz istəyirik ki, bu münaqişə tezliklə həll olunsun. Çünki biz bunun “dondurulmuş” münaqişə olmasına inanmırıq. Bu baxımdan biz Avropa İttifaqını Minsk qrupu ilə birlikdə münaqişənin həllində irəliləyişə nail olmaq üçün səy göstərməyə çağırırıq. Çünki 25 ildən artıqdır ki, bu münaqişə öz həllini tapmayıb”, nazir qeyd edib.

Xanım Moqerini bildirib ki, Azərbaycanın Avropa İttifaqının güclü ticarət müttəfiqi olmaq üçün potensialı var.

“Azərbaycan bölgədə Avropa İttifaqının əsas ticarət tərəfdaşıdır. Aİ-nin Azərbaycan üçün ən iri investordur. Avropanın enerji təhlükəsizliyi sahəsində Azərbaycan mühüm rol oynayır. Azərbaycan həm də Avropa İttifaqı üçün enerji kəmərlərinin şaxələndirilməsində mühüm rol oynayır. “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası siyasi, iqtisadi, sosial sahədə əməkdaşlığımızı dərinləşməyə aparan bir yoldur”, o qeyd edib.

Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Azərbaycanda mövcud iqtisadi durumu və iqtisadi sahədə əməkdaşlığın bir sıra praktiki addımlarını da müzakirə edib.

“Azərbaycanın Ümümdünya Ticarət Təşkilatına üzvvlüyü mühümdür və bu sahədə danışıqların səmərəli olacağına ümid edirəm”.

Xanım Moqerini insan azadlıqları, ifadə, toplaşmaq azadlığı sahəsində də müzakirələr apardığını bildirib.

“Avropa İttifaqının inkişaf tarixi azadlıqlardan irəli gəlir. Avropa İttifaqı düşünür ki, inkişaf azadlıqların, o cümlədədn insan hüquqlarının, ifadə və topşalmaq azadlıqlarının təmin edilməsindən keçir”, Aİ ali nümayəndəsi qeyd edib.

O martın 1-də Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşəcəyini bildirib.

Xanım Moqerini Ermənistan-Azərbaycan münaqişəsindən danışarkən deyib ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir.

"Avropa İttifaqı Dağlıq Qarabağı tanımır. Münaqişənin status-kvosu qeyri-sabitdir və hazırki status-kvo qəbuledilməzdir".

O, tərəfləri münaqişəni danışıqlar və sülh yolu ilə həll etməyə çağırıb və bildirib ki, Dağlıq Qarabağ məsələsi Aİ üçün prioritet olaraq qalır.

Aİ-in ATƏT-in Minsk qrupunun münaqişənin nizamlanması istiqamətində göstərdiyi səyləri dəstəklədiyini deyən F.Moqerini tərəflər arasında qarşılıqlı inamın yaranmasının vacibliyini qeyd edib.

XS
SM
MD
LG