Accessibility links

Əlirza Ərdəbilli: İrandakı irqçilik ərəblər və türkləri bir-birinə yaxınlaşdırıb [Audio]


Əlirza Ərdəbilli

Əlirza Ərdəbilli

Əlirza Ərdəbilli son vaxtlar İranda ortaya çıxan anti-ərəb dalğasının əslində toplumun dərinliklərində mövcud olan və bugünki aktual olaylar səbəbilə üzə çıxmış bir əhval-ruhiyyə kimi dəyərləndirir. Güneyli jurnalist və siyasi şərhçi Amerikanın Səsi ilə söhbətdə İran tarixində türklər və ərəblərin rolu, bu iki icmanın məruz qaldığı ayrı-seçkilik və zorakılıq, eləcə də Əhvaz və Azərbaycan milli hərəkatları arasındakı yaxınlıq və əməkdaşlıq kimi mövzuları müzakirə edib.

Tribun dərgisi və veb səhifəsi redaktorunun sözlərinə görə, son yüz ildə İran hakimiyyətlərinin təbliğ etdiyi rəsmi tarix anlayışında ərəblər və türklər artıq bu tarixdə rol oynamış millətlər kimi deyil, bəlkə düşmən elementi kimi təsvir edilir.

Cəmiyyətdə olan irqçi hissiyatın gəlişməsi, dəyişməsi və yaxud sabit qalması toplumun dərinliyində olan bir şeydir. Ancaq, onun ifadələrini biz ya belə dalğalar vasitəsilə ya da toplumun içində yazarlar və fikir sahiblərinin müəyyən münasibətlərdə ortaya qoyduqları fikirlərdə müşahidə edirik.

Onun fikrincə, İran toplumunun dərinliyində irqçi təmayüllər mövcud olub və son olaylar bu durumun yaxşılaşmadığını göstərir.

“Cəmiyyətdə olan irqçi hissiyyatın gəlişməsi, dəyişməsi və yaxud sabit qalması toplumun dərinliyində olan bir şeydir. Ancaq onun ifadələrini biz ya belə dalğalar vasitəsilə, ya da toplumun içində yazarlar və fikir sahiblərinin müəyyən münasibətlərdə ortaya qoyduqları fikirlərdə müşahidə edirik,” deyə Əlirza Ərdəbilli bildirib.

Ərəb və türk fəallarının İranda həbs, edam və işkəncəyə qarşı təşkil etdiyi birgə mitinq (İsveç)

Ərəb və türk fəallarının İranda həbs, edam və işkəncəyə qarşı təşkil etdiyi birgə mitinq (İsveç)

İsveçdə mühacirətdə yaşayan yazar həmçinin İranda yaşayan türklər və ərəblər arasındakı əlaqələrin həm tarixi təməli, həm də bugünkü cəhətlərini dəyərləndirir.

İran tarixinin ərəblər və türklərə bağlı olduğunu ifadə edən Ərdəbillinin dediklərinə görə, son yüz ildə hakimiyyətə gələn İranın fars-mərkəzli dövlətçiliyi ortaq bir tarixi sadəcə fars toplumuna çıxaraq, türk və ərəbi düşmən elementi kimi təqdim edib.

O, mövcud şəraitin Azərbaycanda yaşayan türklər və Əhvazda yaşayan ərəblər arasında əlaqələrin çoxalması istiqamətində önəmli rol oynadığını vurğulayır.

“Bu cəmiyyətlər coğrafi məsafə baxımından yaxın əlaqədə olmasalar da, aralarında mövcud olan bir sıra tarixi bağlar və bugünkü aktual durum səbəbilə bir-birlərinə yaxınlaşıblar,” deyə Ərdəbilli İranda mövcud olan anti-ərəbizm və anti-türkizm nəticəsində genişlənən Azərbaycan-Əhvaz yaxınlığına diqqət çəkir.

Ötən həftələr Amerikanın Səsi ilə müsahibədə İranda yeni anti-ərəb dalğasını dəyərləndirən digər güneyli fəal Duman Radmehrin fikrincə, Əhvaz və Azərbaycan milli hərəkatlarında insan haqları və anti-irqçilik söyləmi (diskursiyası) güclü olmadığı üçün bunların arasındakı əməkdaşlıq da zəifdir.

Əlirza Ərdəbilli isə türk və ərəb fəalları arasındakı əməkdaşlıq səviyyəsini dəyələndirərkən bu əməkdaşlığın iki əsir və məhkum cəmiyyət arasındakı bir əməkdaşlıq olmasını nəzərdə tutmağın lazım olduğunu vurğulayır.

XS
SM
MD
LG