Accessibility links

ABŞ rəsmisi Azərbaycanda demokratiya, insan haqları və söz azadlığı sahəsində danışıqlar aparıb


ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas Melian prezident İlham Əliyevlə görüşüb

ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas Melian prezident İlham Əliyevlə görüşüb

Dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas Melia prezident və xarici işlər naziri ilə görüşüb

Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas Melia dekabrın 10-da prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparıb.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, dövlət başçısı ilə görüşdə Tomas Melia regiona səfərlinin Azərbaycandan başladığını bildirib.

“Səfərin əsas məqsədi region ölkələri ilə tərəfdaşlıq əlaqələrinin yeni istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparmaqdır”, o qeyd edib.

ABŞ Beynəlxalq İnkişaf Agentliyi administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini xanım Aleksander Peyc təmsil etdiyi qurumun Azərbaycanda həyata keçirdiyi müxtəlif sosial və humanitar layihələrin bundan sonra da davam etdiriləcəyini bildirib.

İlham Əliyev isə Azərbaycan və Amerika arasında əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə daha da genişləndirmək üçün yaxşı imkanların olduğunu qeyd edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, nazir Elmar Məmmədyarovla görüşdə demokratiya, insan haqları və söz azadlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb, bu sahələrdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə edilib.

Mətbuat xidməti bildirir ki, cənab Məmmədyarov Beynəlxalq İnsan Haqları Günü münasibəti ilə Amerika tərəfini təbrik edib və demokratiya, insan haqları, eləcə də söz azadlığı sahəsində Azərbaycanda aparılmış islahatlar və əldə edilmiş uğurlardan bəhs edib. Nazir eyni zamanda, Azərbaycanda internet azadlığının yüksək səviyyədə təmin olunduğunu qeyd edib.

Tomas Melia ABŞ-ın Azərbaycanla adıçəkilən sahələr üzrə əməkdaşlıqda maraqlı olduğunu və bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini qeyd edib.

Nazir Elmar Məmmədyarov həmçinin, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə aparılan danışıqların son vəziyyəti barədə qonaqlara qısa məlumat verib və rəsmi Yerevanın müxtəlif bəhanələrlə danışıqlar prosesindən yayındığını bildirib.

Show comments

XS
SM
MD
LG