Accessibility links

Tolstoyun romanının hər yeni film adaptasiyası əsərin əsas ideyasından bu və ya digər şəkildə uzaqdır

Tolstoyun “Ann Karenina” romanını Qərb kinematoqrafçılarının ən çox sevdyi mövzulardan biri adlandırsaq yanılmarıq. On illər ərzində Hollivud və Britaniya kino yaradıcıları “Anna Karenina”nı dəfələrlə böyük ekrana gətiriblər. Anna rolunda Qreta Qarbo, Viviyen Lii, Sofi Marsö kimi ulduzlar çəkiliblər. Romanın britaniyalı rejissor Co Rayt tərəfindən çəkilmiş sonuncu ekran adaptasiyasında isə Anna rolunu Hollivud ulduzu Kira Naytli ifa edir.

Kino həvəskarlarına ingilis klassik romantik ədəbiyyatının incilərindən biri olan “Qərəz və qürur” romanı əsasında çəkilmiş eyniadlı filmi ilə tanış olan Raytın versiyası əvvəlkilərdən quruluş baxımından fərqlənir. Rayt verdiyi müsahibələrin birində Tolstoyun romanını ekrandan söyləmək istədiyini deyib. Rejissorun istəyinin səmimiyyəti şübhə doğurmasa da, bu missiyanı yerinə yetirmək olduqca mürəkkəbdir. Rayt “Anna Karenina”nı ekranda teatr tamaşası kimi, filmdəki kadrları teatrda səhnə dekorasiyaları kimi dəyişərək göstərməyə çalışır. Tolstoyun 900-dən artıq səhifədən ibarət romanını ekranda bir-birini əvəz edən səhnələrlə iki saat ərzində göstərmək asan deyil. Qərb kino-tənqidçilərinin özləri də əsərin indiyə qədər ekranlaşdırılmış ən yaxşı versiyası kimi 1967-ci ildə Sovet İttifaqında rejissor Aleksandr Zarxinin çəkdiyi filmi qeyd edirlər. Raytın çəkdiyi yeni versiyada Tolstoy qəhrəmanlarının keçirdiyi emosional vəziyyətin dəyişən dekorasiyalar arasında göstərilmədiyi vurğulanır.

Filmin müxtəlif kadrlarında qara, ağ və bordo rəngli nəfis geyimlər və zəngin xəzlərdə görünən Kira Naytlinin yaratdığı Anna yüksək cəmiyyətə məxsus gözəl qadındır. Özündən yaşlı əri Kareninlə (Cad Lo ) sakit və adi rahat həyat yaşayan bu gözəl qadın gənc və yaraşıqlı aristokrat zabit Vronski (Aaron Teylor-Conson) ilə böyük məhəbbət yaşayır. Kira Naytli və Aaron Teylor Conson Anna və Vronski arasında yaşanan hissləri əks etdirən səhnələrdə romantik məhəbbət, Rayt isə belə görünür, özü istəmədiyi halda melodrama janrının çərçivəsindən kənara çıxa bilmir. Tolstoyun romanında Anna-Vronski-Karenin üçbucağının xaricində daha bir güclü xarakter olan Lyovin əsərin ideyasının daşıyıcıdır. Co Rayt Lyovin xarakterinə filmdə kifayət qədər yer verməyə çalışır, lakin Lyovinin romanın ideyasını ekrandan nə qədər çatdıra bilməsi də tam aydın deyil. Filmə verilən tənqidlər arasında ekrandakı obrazların Tolstoyun qəhrəmalarının daxili mənəvi emosional vəziyyətindən xəbərsiz olduğu kimi rəylər də var. Yəqin ki bunlarla razılaşmamaq çətindir.

“Anna Karenina” rus cəmiyyəti, Rusiya həyatı və nəhayət Tolstoyun ailə, əxlaq və mənəviyyat, insan münasibətləri, həyatda təsadüflər və insanların özündən asılı olmayan, müəyyən mənada fatalist görüşlərini əks etdirən şah əsərdir. Əsərin bütün ideyası da sadəcə faciə ilə nəticələnən məhəbbət hekayəsi üzərində qurulmayıb. Tolstoyun qəhrəmanlarının həyatı bir-biri ilə bağlıdır. Romanda cərəyan edən hadisələrin baş verdiyi müqəddəm şərtlər və nəticələr arasında bir bağlılıq var. Bu xətlərin hamısı birbaşa və ya dolayısı ilə Annanın həyatından keçir. Peterburqdan qardaşı Stiva və onun aravadı Dolli arasında münasibətləri nizama salmaq üçün Moskvaya gedən Anna dəmiryol vağzalında qraf Vronski ilə tanış olur. Bu görüş əsərin qəhrəmanlarının həyatı ilə o anda hələ əlaqədar olmayan bir faciə fonunda baş verir. Dəmiryol gözətçilərindən biri qatarın altına düşüb ölür. Anna Moskvadan Peterburqa fərqli qadın olaraq qayıdır. Onun üçün özünün düşündüyü kimi oğlu Seryoja və əri Aleksey Aleksandroviç Kareninlə rahat və adi həyat artıq mümkün deyil. Vronski ilə görüş onun tale yoludur. Bu yol Annanı dəmiryol vağzalına, qatarın hərəkət edən təkərləri altına aparır.

Kitabı oxuyanlar hadisələr və qəhrəmanların həyatı arasında bağlılığı görüb hiss edir. Co Rayt və ssenari müəllifi Tom Stoppardın ekran versiyasında bu bağlılıq dekorasyiaların dəyişməsi deməkdir. Tolstoy “Hərb və Sülh” romanını keçmiş haqda kitab, “Anna Karenina”nı isə müasir həyat haqda əsər adlandırmışdı. “Hərb və Sülh”dən fərqli olaraq burada böyük tarixi hadisələr təsvir edilmir. Tolstoy “Anna Karenina”da hər bir insanı düşündürən əxlaqi-psixoloji məsələlərdən bəhs edir. Yeni ekran versiyasının yaradıcıları bunlardan agah olsalar da, tamaşaçıya bunu çatdıra bilmir. Ekrandakı Anna romandakından fərqli olaraq məhəbbətinin qurbanı olan qadın obrazından kənara çıxa bilmir. Naytli olduqca xoşagəlimlidir. Onu nə mühakimə etmək, nə də ona nifrət etmək istəyirsən, ona acıyırsan, böyük məhəbbətin və ondan üzünü çevirmiş cəmiyyətin mühakiməsinin qurbanı olduğunu düşünürsən. Tolstoyun Annasını sevməmək mümkün deyil. Anna Karenina xarakteri buna görə yəqin ki dünya ədəbiyyatında ən populyar və ən çox sevilən qadın obrazlarından biri kimi tanınır. Amerika yazıçısı Uilyam Folkner “Anna Karenina” romanını dünya ədəbiyyatında ən gözəl əsər adlandırıb.

Filminin yaradıcılarının bu möhtəşəm əsərin konseptual baxımdan yenidən ekranlaşdırılması cəhdi təbii ki dəyərləndirilməyə bilməz. Kitabı oxumayan Qərb tamaşaçısı böyük əsərin xarakterləri və hadisələrlə bir-birini sürətlə əvəz edən səhnələr vasitəsilə tanışlıq imkanı əldə edə bilir. Musiqi, aktyorların seçimi və texniki effektlər baxmından da film belə tamaşaçı auditoriyasına maraqlı görünə bilər. Amma Tolstoyun bu monumental əsərindəki Annanı görmək istəyənlər yəqin ki yeni versiyanı gözləməli olacaq. Tolstoy “Anna Karenina” romanını bu sözlərlə başlayır:”Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, hər bədbəxt ailə isə bir cür bədbəxtdir.” Filmlər haqda yəqin ki bunu belə demək olardı:”Anna Karenina”nın hər ekran adaptasiyası bir şəkildə əsərdən uzaqdır.


  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG