Accessibility links

Arif Hacılı: Referendum siyasi böhranı dərinləşdirəcək [Video-Müsahibə]


Müsavat Partiyasının başqanı Amerikanın Səsinə müsahibəsində referendumun doğuracağı nəticələrdən danışıb

Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə müsahibəsində referendumun nəticələri, erkən seçkilər, müxalifətin birləşə bilməməsinin səbəblərindən danışıb.

Amerikanın Səsi: Müsavat Partiyası referendumun nəticələrini tanımadığını bəyan edib. Bununla yanaşı, hökumət referendumun nəticələrinin hüquqi qüvvəyə minəcəyini bildirir. Etirazlarınızı bundan sonra necə ifadə edəcəksiniz?

Təəssüf ki, Azərbaycanda bütövlükdə bir hüquqi nihilizm şəraiti hökm sürür.

Arif Hacılı: Təəssüf ki, Azərbaycanda bütövlükdə bir hüquqi nihilizm şəraiti hökm sürür. Ölkədə nə normal hakimiyyət bölgüsü prinsipinə əməl olunur, nə normal seçkilər keçirilir. Belə bir şəraitdə təbii ki, biz yalnız öz mövqeyimizi açıqlamaqla, siyasi mövqeyimizi bildirməklə bu məsələlərə etirazımızı bildiririk. Ancaq ölkənin daxil olduğu iqtisadi böhran və düşünürəm ki, bu referendum da siyasi böhran yaradacaq və siyasi böhranı dərinləşdirəcək. Bu da Azərbaycan cəmiyyətində protest elektoratın güclənməsi, fəallaşması ilə nəticələnəcək. Biz konstitusiya və qanunların verdiyi bütün vasitələrdən istifadə edərək ölkədə tam avtokratik bir cəmiyyətin qurulması, ölkədə klan hakimiyyətinin bərqərar olmasına qarşı mübarizə aparacağıq.

Amerikanın Səsi: Müsavat Partiyasının Mərkəzi Seçki Qəraragahı çoxsaylı qanun pozuntuları ilə bağlı məlumatlar yayıb. Qanun pozuntuları faktlar əsasında sənədləşdirilib məhkəməyə təqdim ediləcəkmi?

Arif Hacılı: Biz həm press-relizlər yaydıq, həm də artıq ilkin rəyimizi yaymışıq. Bu rəy həm də ingilis dilinə tərcümə oluanaraq bütün dünyaya yayılıb. Məhkəməyə artıq bir dəfə müraciət etmişik. Bizim “Respublikaçı” adlı təşviqat qrupumuz qeydə alınmadıqda Azərbaycan məhkəmələrinə müraciət etdik və gözlənilən cavabı aldıq. Təəssüf ki, referendum məsələləri ilə bağlı məhkəmə işlərini Avropa İnsan Haqları Məhkəməsi qəbul etmir. Ancaq, yenə də seçki günü baş verən qanun pozuntuları ilə bağlı məhkəmələrə müraciət edilməsi istisna deyil.

Amerikanın Səsi: Etiraf edək ki, cəmiyyət referendumun nəticələri ilə bağlı geniş şəkildə etirazını bildirmədi. Buna səbəb nədir? Partiyanız siyasi mübarizəsini ictimai fikirlə uzlaşdırırmı?

Bizim öz müşahidəçilərimizin, müxtəlif seçicilərin, mətbuat orqanlarının verdiyi məlumatdan gəldiyimiz nəticə ondan ibarətdir ki, referendumda seçicilərin 10-12 faizindən artığı iştirak etməyib.

Arif Hacılı: Mən bu fikirlə razı deyiləm. Azərbaycan vətəndaşları referendumda iştirak etməməklə bu referenduma çıxarılan məsələlərə öz etirazını bildirdi. Bizim öz müşahidəçilərimizin, müxtəlif seçicilərin, mətbuat orqanlarının verdiyi məlumatdan gəldiyimiz nəticə ondan ibarətdir ki, referendumda seçicilərin 10-12 faizindən artığı iştirak etməyib. Bu elə etirazın növlərindən biridir. Referendum kampaniyası dövründə üç kütləvi aksiya keçirildi. Həm mitinqlərdən əvvəl, həm mitinqlər zamanı, həm mitinqlərdən sonra bu tədbirlərdə iştirak etmiş insanlara, onların yaxınlarına təzyiqlər oldu. Ancaq bununla belə minlərlə adam bu kütləvi aksiyalarda iştirak etdi. Yəni, kütləvi aksiyaların, etiraz dalğasının bütün Azərbaycanı bürüməməsinin bircə səbəbi varsa, o da Azərbaycan hakimiyyətinin yaratdığı xof, hərbi polis rejimidir.

Amerikanın Səsi: Erkən prezident və parlament seçkiləri keçirilərsə Müsavat Partiyası iştirak edəcəkmi? Partiyanın prezidentliyə namizədi kim olacaq?

Arif Hacılı: Müsavat Partiyası bütün seçkilərdə, referendumlarda iştiraka meyllidir. İştirakdan kənarlaşmaqla biz prosesi boykot edə bilmirik. Faktiki, hər hansı bir siyasi təşkilat seçkidən, referendumdan kənarda qalırsa o özünü siyasi prosesdən kənarda saxlamış olur. Yəqin ki, parlament seçkiləri, prezident seçkiləri keçirilərsə bizim bu məsələyə prinsipial yanaşmamızda ciddi dəyişiklik baş verməyəcək. Ancaq təbii ki, siyasi şəraitə uyğun olaraq qərar qəbul edəcəyik. Müsavat Partiyasının prezidentliyə namizədini partiyanın 8-ci qurultayı irəli sürüb. Partiyanın namizədi İsa Qəmbərdir.

Amerikanın Səsi: Beynəlxalq Birliyin referenduma münasibəti Müsavat Partiyasını qane edirmi? Partiya beynəlxalq birliklə işini necə qurub?

Arif Hacılı: Müsavat Partiyası beynəlxalq təşkilatlarla sıx əlaqə saxlayır. Biz həm Bakıda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri ilə görüşlər keçiririk, “Liberal İttifaq”ın üzvü kimi Avropada, post-sovet məkanında fəaliyyət göstərən bir sıra partiyalarla əlaqəmiz var. Gürcüstanda, Türkiyədə, Ukraynada olan partiyalarla əlaqələrimiz var. Referenduma münasibət məsələsinə gəldikdə isə beynəlxalq birliyin referenduma münasibəti birmənalı deyil. Deyək ki, Avropa Şurasının müşahidə qrupunun verdiyi rəy tamamilə obyektiv olmayan bir rəydir və heç bir tənqidə dözməyən bir rəydir. Ancaq, "Freedom House" təşkilatının rəyi, Avropa Şurası Venesiya Komissiyasının referenduma çıxarılan məsələlərlə bağlı rəyi təbii ki, müsbət qarşılanmalıdır. Bu rəyləri obyektiv hesab edirik.

Amerikanın Səsi: Müxalifətin eyni mövqedən çıxış etməməsinin səbəbləri nədir?

Biz birləşmək termininin tərəfdarı deyilik. Ancaq hədəf eynidirsə, siyasi partiyalar bu referenduma qarşıdırsa, “Referenduma qarşı Əməkdaşlıq Mərkəzi” yarada bilərlər.

Arif Hacılı: Biz birləşmək termininin tərəfdarı deyilik. Ancaq hədəf eynidirsə, siyasi partiyalar bu referenduma qarşıdırsa, “Referenduma qarşı Əməkdaşlıq Mərkəzi” yarada bilərlər. Müsavat Partiyasının başqanı olaraq mən şəxsən bu əməkdaşlıq mərkəzinin yaradılmasına cəhd göstərmişəm. Təəssüf ki, hələlik cəhdlərimiz uğurla nəticələnməyib.

Show comments

XS
SM
MD
LG